Çingizxanın ölüm sirri — Dahi sərkərdəni kim qətlə yetirib?

Çingizxanın ölüm sirri — Dahi sərkərdəni kim qətlə yetirib?

Dünya tarixinin ən böyük sərkərdələrindən biri də Çingizxandır. Çingizxan haqda bir çox kitablar yazılıb, filmlər çəkilib. Orta əsrlərin ən böyük imperiyasını, yəni ərazisi 33 milyon kv kilometr olan bir dövləti qurub. Onun ölümü və dəfni ilə bağlı bir sıra müəmmalar, sirlər var.

Ölkə.Az bu dəfə dünyanın ən istedadlı sərkərdəsinin ölümü və dəfni ilə bağlı gizlinləri üzə çıxaracaq.

Amma əvvəlcə Çingizxanın həyatına qısa bir göz ataq:

Çingizxan əslində ad yox, tituldur. Timuçin bu adı 12-ci əsrin sonlarında keçirilmiş bir qurultay nəticəsində qəbul edib.

Tarixçilərin deyimi ilə desək, tatarlar o dövrdə üç böyük qola ayrılaraq çöldə yaşayırdılar. Onon çayının şimal meşələrində özlərini moğol adlandıran bir millət də yaşayırdı. Moğolların əsas düşməni Çinin Şimali-Şərqində yaşayan mancurlar tayfası idi. Hücumlardan qorunmaq üçün moğollar özlərinə Xabulu xan seçdilər. Xabul xan mancurların hücumunun qarşısını alsa da, 1149-cu ildə onun ölümündən sonra ittifaq dağıldı.

Bundan istifadə edən mancurlar yeni hücumlara başladılar. Vəziyyət getdikcə çətinləşdiyi üçün moğollar yenindən birləşmək məcburiyyətində qaldılar. Bu dəfə onların xanı Xabulun qohumu sayılan Yesugey bahadur oldu.

Yesugey əsl döyüşçü idi. Gənc yaşlarında səhrada ova çıxan bahadur merkit arabasında gözəl bir qız görür. Qardaşlarını da köməyə çağıran Yesugey qızı ələ keçirir və özünə arvad edir. Qızın adı Oelun idi və 1162-ci ildə o, Timuçini dünyaya gətirdi. Timuçin 9 yaşına çatanda adətə görə nişanlanmalı idi və bu səbəbdən xonkirat qəbiləsindən Borte adlı qızı seçdi.

Bu hadisədən sonra Yesugey bahadur düşmənləri tərəfindən zəhərlənərək öldürüldü və onun qurduğu ittifaq dağıldı. 9 yaşlı Timuçin ailənin rəisi oldu. Onun uşaqlığı böyük çətinliklər və məhrumiyyətlər içində keçdi.

Xaqanlığa doğru uzanan yol

Böyüdükdən sonra bütün moğolları ətrafına toplayaraq 1182-ci ildə keçirilən qurultayda Çingiz xan titulunu qəbul etdi.
Bu dövrdən sonra çöl tayfaları arasında amansız müharibələr başladı. "Men-da Bey-lu" tarixi əsərinə görə, mancurlar tərəfindən əsir götürülən Timuçin 11 il zindan həyatı yaşayıb. Əsirlikdən qaçan Çingizxan yenidən çölə qayıtdı.

1198-ci ildə Timuçinin böyük və qüdrətli ordusu var idi. Bu dövrdə o, qanunlar toplusu olan Yasa qəbul etdi. Yeni qanunlara əsasən köhnə adətlər ləğv edilir və yeni davranış qaydaları qəbul edilirdi. Digər xalqları işğal etməyə yönəlmiş vahid hərbi mexanizm qurmaq üçün bu addım qaçınılmaz idi.

1206-cı ildə Timuçin bütün çöl xalqlarının xanı elan edildi.

Çingizxan işğal siyasətinə davam edir. Bir çox tayfa və xalqlar onun hakimiyyətini qəbul edir, qəbul etməyənlər isə amansız mübarizədən sonra boyun əymək məcburiyyətində qalırdılar. 1226-cı ildə onun orduları Tanqut dövlətini mühasirəyə aldı. Tanqut dövləti böyük şəhərləri, qızıl mədənləri, böyük mədəniyyəti olan varlı bir dövlət idi. Onun paytaxtı Çjunsin şəhəri idi. Moğol ordusu şəhəri ələ keçirdi.

Xaqanın ölümü

Mühasirə zamanı Çingizxan qəflətən vəfat edir. Bu hadisə 1227-ci ilin avqust ayında baş verib. Xaqanın ölüm səbəbi məlum deyildi. Moğol noyonları bunu nəinki sadə döyüşçülərdən, eyni zamanda salnaməçilərdən də gizli saxladılar.

Böyük Xaqanın vəsiyyəti

Onun ölümündən sonra hakimiyyət üçüncü oğlu Uqedeyə keçdi. Çingizxanın vəsiyyətinə əsasən, Uqedey dövləti idarə etməli, böyük qardaşları Çjomi və Çağatay bu işdə ona kömək etməli idilər. Digər qardaşlarından fərqli olaraq, Uqedey sakit, müdrik və diplomat idi. "Monqol döyüşçüsü atını sonuncu dənizdə yumalıdır". Deyilənə görə, bu da böyük sərkərdənin vəsiyyətlərindən biridir. Bəzi tarixçilərə görə isə, Çingiz Avropa barədə düşünmürdü. 1235-ci ildən bu planı Uqedey həyata keçirmək istəyib. Batı xan isə, Adriatik dənizinin sahillərinə qədər gəlsə də, paytaxtda baş verən bir hadisəyə görə geri qayıtmalı olub.

Çingizxanın ölümü ətrafında dolaşan iddialar

Tarix elmində bu gün irəli sürülən hipotezlərə əsasən, Çingizxan təbii ölümlə dünyasını dəyişib. 1227-ci ildə onun 65 yaşı var idi. Bəzi mənbələr isə onun 72 yaşı olduğunu göstərir. Bu yaş orta əsrlər üçün kifayət qədər böyük yaş sayılırdı və onun ölümü təbii sayıla bilər. Bundan başqa, xaqanın ölümündən iki il əvvəl bədbəxt hadisə yaşadığı və ciddi zədələndiyi də bildirilir. Zədə o dərəcədə ciddi olub ki, böyük xan bir neçə gün həyatla ölüm arasında çarpışıb.

Tanqut dövlətinin mühasirəsi zamanı Xaqanın vəziyyəti ağırlaşır və o, ölümü barədə dövlət işğal edilməmiş heç bir xəbərin yayılmamasını əmr edir.

Amma zədə səbəbindən ölüm versiyası yeganə versiya deyil. Orta əsr mənbələri, daha dəqiq desək Çin, Şərq və Avropa mənbələri Çingizxanın ölümünün bir neçə səbəbi olduğunu qeyd edirlər.

Məsələn, portuqaliyalı səyyah Marko Polo əsərində qeyd edir ki, şəhərin mühasirəsi zamanı haradansa atılan ox Xaqanı yaralayır və bu yara ölümcül olur. Marko Polo bu versiyanın qədim şərq əlyazmasına əsaslandığını qeyd edir. Marko Polonun əsərlərini illüstrasiyaya köçürən avropalılar isə, rəsmdə oxun Çingizxanın qəlbinə saplandığını təsvir edirlər. Amma səyyah oxun dizdən dəydiyini qeyd etmişdi.
Çin mənbələrinə əsasən, Çingizxan qızdırma xəstəliyindən dünyasını dəyişib. Tanqut paytaxtının mühasirəsi zamanı yaranmış çirkab və üfunət xəstəliyə səbəb olub.

Ən maraqlı versiya isə, orta əsr moğol salnamələrində qeyd edilib. Bu versiyaya əsasən, Çingizxan qətlə yetirilib. Qatil isə Tanqut kraliçası olub. Başqa bir versiyaya əsasən, bu qadın ya sonuncu Tanqut hökmdarının arvadı, ya da qızı olub. Tanqut kralının keçmiş arvadı və ya qızı dövlətinin intiqamını almaq üçün ilk zifaf gecəsində xaqanı gəmirərək qətlə yetirib. Sonra isə dəhşətli edamdan qurtulmaq üçün özünü çaya ataraq boğub.

Tarixçilər təbii ki, bu faktlara ciddi yanaşmır və bu barədə ciddi mənbə və təsdiq olmadığını qeyd edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, hun hökmdarı Attila da işğal etdiyi dövlətin şahzadəsi tərəfindən toy gecəsi qətlə yetirilmişdi.

Çingizxanın dəfni

Çingizxanın dəfni və qəbrinin harada olması dünya tarixinin ən böyük sirrlərindən sayılır. Yuxarıda da qeyd etdiyimiz kimi, Çingizxan vəfat etdikdən sonra, onun yaxınları bir müddət ölüm xəbərini gizli saxladılar. Cənazəni paytaxta aparan ordu, şayiələrin yayılmasının qarşısını almaq üçün qarşılarına çıxan hərkəsi qətlə yetirdilər. Bir neçə ay keçirilən mərasimlərdən sonra Xaqan dəfn edildi. Bax elə ikinci böyük müəmma da buradan başlayır.

Dəfn mərasimində iştirak edən bütün şəxslər edam edilib. Onun qəbrinin harada olduğu barədə isə müxtəlif hipotezlər var. Tarixçi Rəşidəddin "Əylazmalar toplusu"nda qeyd edir ki, Çingizxan Burxan-Haldun dağ silsiləsindəki bir ərazidə dəfn edilib. Onon, Qola və Kerulen çayları mənbəyini buradan götürür.

Başqa bir versiyaya əsasən, Çingizxanın vəsiyyətinə görə, onun dəfn edildiyi yeri sevimli oğlu Tuli seçməli imiş. Onun oğlu və silahdaşları Xaqanın cənazəsini doğma torpaqlara apararaq bir ağacın altında basdırıblar. Ərazi zamanla sıx meşəliyə çevrilib. Meşəni qorumaq üçün Uryanxit qəbiləsindən on min nəfər döyüşçü təyin edilmişdi. Uzun illərdən sonra bu xidmət ləğv edildi. Çünki ərazi böyük meşəyə çevrilmişdi və qəbrin yeri bilinmirdi. Moğolların versiyasına görə isə, Çingizxanın qəbrini doğulduğu yerdə axtarmaq lazımdır. Alimlərin fikrinə görə, sərdabəni Hentiysk dağlarında axtarmaq lazımdır.

"Monqolların gizli rəvayətləri" adlı tarixi xronikada qeyd edilib ki, Çingizxanın nəşi at qoşulmuş araba ilə Burhan Haldun dağının ətəyinə aparılıb və "İx qazar" adlı yerdə dəfn edilib.

1991-ci ildə ən müasir texnika ilə təchiz edilmiş yapon ekspedisiyası 14 qədim sərdabə tapdı. Onlardan birində Çingizxanın nəvəsi Xubilay xan dəfn edilmişdi.

Ən geniş yayılmış versiyalardan biri də Onon versiyasıdır. Bu versiyaya görə, Çingizin məzarı Kubuxay yaxınlığında, Onon çayının dibində yerləşir. Teoriyaya görə, Xaqanı dəfn etmək üçün çayın axarını dəyişib, dəfndən sonra əvvəlki vəziyyətinə qaytarıblar.

Tarixçi Jiqjitjab Dorjieviçin fikrinə görə, Çingizxan Delyün Boldok adasında dəfn edilib.

Tarixçi Qumilyovun fikrinə əsasən, Çingizin nəşini və digər qiymətli əşyaları qazılmış qəbrdə dəfn etdikdən sonra, bütün qulları qətlə yetirdilər. Bir il sonra yas mərasimi keçirmək lazım idi. Bu zaman moğollar anasından ayırdıqları dəvə balasını qəbrin üstündə kəsdilər. Bir il sonra ana dəvə övladının öldüyü yeri axtarıb tapdı. Moğollar qəbrin üstündə yas ayini keçirdikdən sonra onu birdəfəlik tərk etdilər.

Qədim mənbələrə əsasən, Böyük Xan anadan olduğu yerdə dəfn edilib. Bu isə Delyün-Boldok vadisidir.

Çinlilər Çingizxanı yerliləri sayırlar və onların fikrinə görə, Çin torpaqlarında anadan olan Böyük Xaqan elə burada dəfn edilib.

Yaponlar da Çingizxanı samuray sayırlar və onların fikrinə görə Böyük Xan onların qardaşıdır. Gündoğan ölkəni tərk edən Timuçin materikə yerləşib və yeni həyata başlayıb. Bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi, 1991-ci ildə yaponlar da Çingizxanın nəvəsinin qəbrini tapıblar. Onun harada dəfn edildiyi yaponları da narahat edir.

Yenə də bu məsələ ilə bağlı Rəşidəddinin əsərlərinə müraciət edək. Xaqanın ölümündən sonra hər şey dəqiqliklə yerinə yetirildi. Dəfn edilən yerə qədər olan məsafə 1600 km idi. Cənazəni 5 min ən yaxşı döyüşçü müşayət edirdi. 10 min nəfər Uryanxay döyüşçüsü ərazini qoruyurdu. Qəbir olan məkan sıx meşəliyə çevrildikdən sonra döyüşçülər geri çağrıldı.

Çin mənbələrinə əsasən isə, Böyük Xaqanın qəbri Ecen-Horo ərazisindədir. Bu yer isə, Xulun Buir əyalətinə məxsusdur. Burada qədim dövrlərdə "Səkkiz ağ yurt" adlı sərdabə yerləşirdi. Xan postuna namizədlər buraya gəlir, ali ruhun xeyir-duasını almaq istəyirdilər.

Böyük Xanın harada dəfn edilməsi ilə bağlı çoxsaylı versiyalar bu gün də irəli sürülür. Amma hələ ki, onun qəbrini tapan olmayıb. Yəqin ki, hələ uzun illər tarixçilər və arxeoloqlar türk xalqının böyük oğlu, dünyanın ən böyük imperiyasını quran Timuçinin sərdabəsini axtaracaqlar...

 






Fikirlər