Bu, son 20-25 ildə ölkənin sərvətlərini rüşvət və korrupsiya hesabına mənimsəməklə xalqa zülm edən harınlamış məmur-oliqarxların olduğu Azərbaycan üçün də çox aktual sualdır...İslamı qəbul etmək istəyən digər din mənsubları, yaxud müsəlman hesab edilən, ancaq namaz qılıb, oruc tutmaqda tərəddüd edən və ya ibadət etməməyə “əsas” axtaran şəxslər tez-tez belə suallar verirlər: “Bəs Allah ədalətlidirsə(əstəğfürullah), niyə gözümüzün qarşısında günahkarları, zülmkarları daha da varlandırır? Niyə onları cəzalandırmır? Əksinə, Yaradan onların məqamını daha da ucaldır, onları vəzifə, var-dövlət sahibi edir?” Və s.
Təəssüf ki, bəzən bunlara doğru cavab tapa bilməyənlər gerçək İslamdan ya tamam uzaqlaşır, ya da “İslam” adı altında gizlənən qondarma, radikal cərəyanların “yemi”nə çevrilirlər..
Moderator.az Quran ayələri və hədisləri əsasında apardığı məntiqi araşdırmada bu suallara cavab tapmağa çalışıb...
Son 10-15 ildə yalnız Azərbaycanda bəzi nazir və başçıların başlarına gələnləri göz önünə gətirin...
Varidatının əksər hissəsi bir neçə transmilli sələmçi oliqarx nəslinin əlində cəmlənmiş müasir dünya, o cümlədən son 20-25 illik müstəqillik illərində xalqın sərvətlərini korrupsiya və rüşvətxorluqla mənimsəməklə xalqa olmazın zülmlər edən harınlamış məmurların olduğu Azərbaycan üçün də aktual bir sualdır. Belə sualları verənlər planetdəki və vətənimizdəki hadisələri diqqətlə müşahidə etsələr, görərlər ki, bu həyatda heç də günahkarların hamısı cəzasız qalmır. Bəziləri ömrünün əvvəlində, bəziləri ortasında, digərləri isə ölümlərinə yaxın bu və ya digər formada cəzalarına çatırlar. Ən azı, son 2-3 onillkdə bir sıra ölkələrdəki diktatorların, eləcə də Azərbaycandakı bəzi nazir, icra başçılarının və s. sonunu göz önünə gətirmək lazımdır... Vaxt vardı, ABŞ-ın eks-prezidenti Ronald Reyqan bütün dünyaya meydan oxuyurdu. Onun apardığı siyasət sayəsində neçə ölkədə on minlərlə insanın qırğınına, qaçqın düşməsinə səbəb olan qarşıdurmalar törənmiş, SSRİ-nin dağılmasına gətirib çıxaran Qarabağ, Fərqanə, Osetiya və s. kimi etnik münaqişələr başlanmışdi... Ancaq həyatının son 10-15 ilində xərçəng və altsqeymer xəstəliklərinə düçar olan Amerika lideri elə günə düşdü ki, öz adını belə unutdu, öz doğmalarını tanımadı... Belə misalları çoxaltmaq olar.
Əslində başımıza gələn hər şey haqqa və məntiqə uyğundur...
Digər tərəfdən, bu dünyaya sırf İslam məntiqi ilə yanaşdıqda, biz hadisə və proseslərin, eləcə də ayrı-ayrı insanların düşüncə və əməllərinin Allah dərgahındakı əksini görmədiyimizdən çox şey bizə Yaradan tərəfindən haqsızlıq, ədalətsizlik kimi görünür. Əslində, hər şey haqqa və məntiqə uyğun baş verir. Əvvəla, Quranda və digər səmavi kitablarda dəfələrlə təkrarlandığı kimi, Allah bizləri bu həyata sınaq, imtahan üçün gətirib. İkincisi, Yaradanın sonuncu Kitabında insanların günahlarına görə cəzalanıb-cəzalandırılmamasına dair kifayət qədər ayələr var. Onları oxusanız, hər şey sizə gün kimi aydın olar...
Allah günahkarların cəzalarının artması üçün onların daha da varlanmasına şərait yaradır - Qurani-Kərim...
Məsələn, öncə Fatir surəsinin 45-ci ayəsini xatırlatmaq olar:”Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!..”
Və yaxud:
“Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər!”
Bu ayələrdən də aydın olur ki, Rəbbimiz səbirlidir və bütün insanları sevdiyi üçün günahkarlara da özlərini doğrultmaq üçün şans verir. Digər tərəfdən isə Allah günah yolu ilə qazanc əldə edənlərin tövbə etmədiyini gördükdə onların bu və o biri həyatda cəzalarını artırmaq üçün daha da varlanmalarına şərait yaradır. Bunu da Allah Peyğəmbərə(s) xitabən buyurur:” Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər”.
Günahkar, yoxsullara zülm edən var-dövlət sahibləri yanlış olaraq onlara verilən mal-pul, məqam və övladların özləri üçün xeyirli olmasını və doğru yolla getdiklərini zənn edirlər. Habuki, Yaradan buyurur:” Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!”(Ali-İmran, 178).
Zahirən xoşbəxt görünən, batində bədbəxt, övladları fahişə, narkoman olan var-dövlət, vəzifə sahibləri...
Bütün deyilənlərlə yanaşı, bu dünyanın ölçüləri ilə baxanda da zahirən xoşbəxt görünən bir çox günahkarların əslində batində, ruhən bədbəxt olduqları, elə bu həyatda da əzab çəkdiklərini görürük. Axı bizim onların öz evlərindəki, ailələrindəki durumdan, başlarına gələn olayların çoxundan xəbərimiz olmur. Əgər dərindən araşdırsaq, belə var-dövlət, məqam sahiblərinin çoxunun ailələrinin bərbad vəziyyətdə olması, övladlarının cinayət, əxlaqsızlıq, qumarbazlıq, narkomaniya girdabına yuvarlandığının şahidi olarıq. Onların evlərində bircə gün də əmin-amanlıq olmadığını, ərlə arvadın, ata ilə oğulun, qızın biri-birinə hörmət qoymaması, hər birinin doğmalarını düşünmədən öz kefi istədiyi kimi, hətta iyrənc bir əxlaqsız olaraq yaşadığını görərik. Digər tərəfdən, onlar başqalarına zülm etməklə, cinayətlə qazandıqları məqam, vəzifə və mülk-paranın bir gün əllərindən çıxacağı qorxusu ilə də yaşayırlar. Bir sözlə, hamının xoşbəxt sandığı, yağ-bal içində üzən günahkarların, əslində, qəlb hüzuru olmaz. Bu da onlar üçün elə bu həyatda böyük bir əzabdır...
“Hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki...” – Qurani-Kərim...
Rəbbimiz yer üzündə bolluq və var-dövlət içində yaşamış insan nəsillərinin də başına gələnləri, əllərində olan nemətlərin onları əzabdan qurtara bilmədiyini xatırladır:
”Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: "Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?" - deyə soruşarlar.
Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər”(Məryəm, 73-74).
Bu ayələrin davamı kimi digər ayədə Yaradan günahkarlara möhlət, vaxt verilməsinin səbəbinin sirrini belə açıqlamışdır:
“(Ya Rəsulum!) De: "(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin". Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər”.(Məryəm, 75)
Hətta Quranda Allah-təalanın bəzən əyalətlərə ən günahkar şəxslərin başçı gəlməsinə Özünün şərait yaratması barədə də ayələr var:”Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”(Əl-ənam, 123).
Peyğəmbər(s):“Günahkar təriflənəndə Allahın qəzəbi tutar...”
Bəs bu həyatda hədsiz günahkarlarla necə davranmalıyıq? Həzrət İmam Əli(ə) öz valilərindən (əyalət başçısı) birinə belə nəsihət edir:”Xeyirxah və bədniyyət adamlara eyni cür yanaşmaq düzgün deyildir. Çünki bu münasibət yaxşı, xeyirxah əməl sahiblərini öz işlərindən süstləşdirəcək və bədniyyətli adamları öz pis, nalayiq əməllərini törətməyə sövq etdirəcəkdir. Odur ki, onların hər biri ilə öz əməllərinə uyğun şəkildə rəftar edilməlidir”.
Peyğəmbərimiz(s) buyurmuşdur:”Günahkar təriflənəndə Allahın qəzəbi tutar”...