Nuh Peyğəmbərin arvadı hansı günahına görə tufana qərq oldu? - MARAQLI

“Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik. 

O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!...” 
“Quran”, 71:1-3
O vaxt ki, Adəm övladı bütünlüklə yolların azıb, günahkar oldular, Allah-təala Nuhu (Cəmi peyğəmbərlərə salam olsun!) onlara xəbərdaredici sifətlə göndərdi ki, qövmünü doğru yola dəvət etsin və Allahdan gələcək bəlanı onlara xəbər versin. 
Bu minvalla  yüz illərlə təbliğat aparan Nuha xalqın bapmaqla sayılacaq qədər az hissəsi inandı və doğru yola qayıtdı. Qalanlar ona inanmadılar və o danışanda gah barmaqlarını qulaqlarına tıxadılar ki, eşitməsinlər, gah da köynəklərini başlarına keçirib onu təhqir edirdilər. Bir çoxları da Nuhun qəlbinə toxunan acı-acı sözlər deyirdilər. Ən qəribəsi də o idi ki, Nuhun öz arvadı da ona istehza edənlərin, əleyhinə danışanların sırasında idi.
Qurani-Kərimin bildirdiyinə görə 950 il Haqqa dəvət edən  Nuh bütün bu istehzalara və cahil insanların təhqirlərinə dözdü. Sonda onların iman gətirməyəcəyi barədə Allahdan vəhy gəldi. Nuh bundan çox məyus oldu və qövmünə bəd dua etdi:
“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları sağ buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir oğul-uşaq doğub-törədəcəklər”. “Quran” 71:26-27Duası qəbul olub, tufan bəlası ilə dəryaya qərq olacaqları barədə Həzrət Nuha xəbər verildi. Lakin, özü və ona inanan az sayda insanların xilas olması üçün gəmi düzəldilməsinə Allahdan qərar verildi.  
Buna görə də Həzrət Cəbrailin öyrətdiyi üzrə Nuh Peyğəmbər sudan uzaq bir səhrada gəmini düzəltməyə başladı. Qövmü onun bu hərəkətinə gülüb lağ etməyə başladılar. Hətta, o qədər hədlərini aşdılar ki, öz təbii ehtiyaclarını da gedib o gəminin içərisində yerinə yetirdilər. Bu səbəbdən gəminin içi nəcislə doldu. Belə olduqda Allah həmin camaata cüzam xəstəliyi göndərdi və üz-gözləri yara səpdi. Belə xəstələrdən biri gəmidə təbii ehtiyacını ödəyərkən üzü üstə yıxıldı və sifəti tamam bulaşdı. Sabah həmin xəstənin sağaldığını görən başqa xəstələr də sağalmaq üçün gəmiyə üz tutdular. Beləliklə, çox keçmədi ki, həmin camaat gəmini öz əlləri ilə tər-təmiz etdilər. 
Allahın vəd etdiyi vaxt tamama yetəndə tufanın əlamətləri görünməyə, hər tərəfdən bulaqlar qaynamağa başladı. Nuha vəhy olundu ki, sənə inananları (öz azuqələri ilə) və hər növ  heyvandan dişi və erkək olmaqla (öz azuqələri ilə) gəmiyə yığ. Peyğəmbər deyilənlərə əməl etdikdə gəmi artıq suyun üzünə qalxmışdı. Nuhun arvadı və oğlu Yam da başqaları kimi dəryada qalmışdılar. Peyğəmbərin bir ata kimi oğluna rəhmi gəldiyindən onu bir daha iman gətirməyə və gəmiyə minməyə dəvət etdi. Lakin Yam bundan imtina etdikdə böyük bir dalğa onu və anasını həlak etdi...
Beləliklə, altı ay su üzərində qalan gəmi Quran-Kərimdə deyildiyi kimi, Cudi adlanan dağın başına endi. 
Bu barədə “Quran”da belə xəbər verilir:
“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və Nuhla Lut onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqa girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi”. “Qadağan” surəsi, 10-cu ayə. 
Yeri gəlmişkən, “Nuh” surəsinə və onun sıra nömrəsi olan 71 ədədinə elmi-lədun müstəvisində nəzər salaq.
Hələ astronomiya elmi yaranmamışdan çox-çox  əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir.  Sonradan astronomiya elmi yarandı və bu dövr "Saros dövrü" adlandırıldı.
Bir qayda olaraq hər "Saros dövrü”ndə 71 astronomik hadisə  baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.
Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən şərh olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb).
Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, Allahın elminin sirrini məhz Özünün göndərdiyi kitabla – “Quran”la açmaq mümkündür. Belə ki, Buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). 
Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!) ki, bu da həm dəryalara, həm də  “Saros dövrü”ndəki 71 tutulmaya işarədir.
71-ci surə 28 ayədən ibarətdir ki, bu da “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının açarıdır.
71 - 28 = 43  hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır.
Diqqətinizi bir məqama da cəlb etmək istəyirəm. Keçən il dekabrın 4-də Xəzər dənizində tufan (oxu: Nuhun tufanı) baş verəndə və neft buruğu dağılanda 27 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının 71-ci (!) günü idi.
Bütün bu hikmətləri dərk edərkən belə nəticəyə gəlirik ki, indiyədək baş verən Günəş və Ay tutulmaları əslində “Quran”da deyildiyi kimi bəşəriyyətə bir xəbərdarlıqdır. Odur ki, ağıl sahibləri baş verənlərdən düzgün nəticə çıxararaq, tövbə edib, doğru yolu tutmalıdırlar.
"Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Allahın əzəmət və qüdrətindən qorxmur, günahlardan çəkinmirsiniz?)” 
“Quran”: 71:13
Paşa Yaqub – tədqiqatçı-yazıçı






Fikirlər