Sabir Rüstəmxanlı: "Azərbaycan dilini yaxşı bilməyən aparıcılar efirə çıxır"
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq edilməsi barədə təklifinə münasibət bildirib. S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, əslində, bu, yeni məsələ deyil: “Bizim vaxtilə bu məsələ ilə bağlı konfranslarımız və çıxışlarımız olub. Mən bununla bağlı Milli Məclisdə çıxışlarımda da bildirmişəm ki, bir sıra ölkələrdə dil normalarının qorunması ilə xüsusi məşğul olan qurumlar var. Bu məsələ barədə Dilçilik İnstitutunun direktorunun dilindən fikirlər səslənməsi müsbət haldır”. Sabiq deputat qeyd edib ki, indi dünyanın bir çox ölkələrində ana dilinin qorunması üçün müxtəlif inzibati üsullardan istifadə olunur: “Misal üçün, Kanadada dil polisi fəaliyyət göstərir. Bu polis ana dilinin normalarını pozanlara qarşı mübarizə aparır və qanunla addımlar atılır. Almaniyada isə dil gömrüyü mövcuddur. Bu isə dilə daxil olan kənar sözlərin qarşısını almaqla məşğul olur. Ona görə də Almaniyada ana dilinə kənar sözlər rahat şəkildə daxil ola bilməz”. S.Rüstəmxanlı bildirib ki, əgər Azərbaycanın Konstitusiyasında və digər qanunlarda dilin qorunması ilə bağlı tələb varsa, o zaman ana dilimiz qorunmalıdır: “Azərbaycan dilinin normaları pozulan zaman buna qarşı cəza tədbirləri də olmalıdır. Bu, pul cəriməsi və digər cəzalar da ola bilər. Bir yerdə ki, insanlar öz ana dilinə sayğısızlıq edir, onun qədrini bilmirsə, bütöv bir məkanda dil qaydaları pozulur. Bununla bağlı dəfələrlə fikirlər deyilməsinə baxmayaraq, ana dilimizə qarşı hücumlar davam edirsə, bu zaman şübhəsiz ki, inzibati üsullara əl atmaq olar”. Bir sıra televiziya kanallarında Azərbaycan dilinin normalarının pozulması məsələsinə də toxunan S.Rüstəmxanlı deyib ki, indi savadsız və Azərbaycan dilini yaxşı bilməyən aparıcılar efirə çıxırlar: “Bəzən görürsən ki, telekanallarda məsuliyyətsizcəsinə yarı Azərbaycan, yarı rus dillərində çıxışlar efirə verilir. Küçədə Azərbaycan dilində normal danışmayan adamlardan müsahibələr götürülərək efirə verilir. Həmin müsahibələrdə gah rus, gah Azərbaycan dilində danışan şəxslərin fikirlərini dəqiq anlamaq olmur. Televiziyalar bu nüanslara diqqət yetirməlidir. Çox təəssüf ki, son vaxtlar paytaxt Bakıda da ana dilinə laqeyd yanaşanların sayı artıb. İndi azərbaycanlı ailələr var ki, öz övladlarına birinci Azərbaycan dilini öyrətmək əvəzinə, rus və ingilis dillərini öyrədir”.