Əməkdar telejurnalist od püskürdü: “O ailələrin övladları azərbaycanca danışa bilmir” – MÜSAHİBƏ
Əməkdar telejurnalist, şairə Telli Pənahqızının Publika.az-a müsahibəsi: - Son vaxtlar Azərbaycan dilində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində ana dilinin qorunması məsələsi aktuallaşıb. Hətta, bu məsələ ilə bağlı monitorinqlər də təşkil olunur. Azərbaycan mediasında dil probleminin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? - Hər bir xalqı yaşadan onun dilidir. Mən bunu hər zaman söyləyirəm. Çox təəssüf ki, biz öz dilimizi sevmirik. Bu, bir həqiqətdir. İndi cavanlar daha çox kompüterlə məşğul olurlar. Yazılarında da kifayət qədər səhvlər olur. Bəzən elə söz işlədirlər ki, heç onun mənasını özləri də bilmirlər. Dilimizdə işlədilən əcnəbi sözlərin sayı kifayət qədər artıb. Doğrudur, bəzən deyirlər ki, əcnəbi sözlər müəyyən zamandan sonra pasport alır və sairə. Ancaq bizim dilçi alimlərimiz və söz yaratmaq qabiliyyətimiz var. Lakin çox təəssüf ki, bunu edən yoxdur. Ümumiyyətlə, əgər ölkəmizdə dövlət dili Azərbaycan dilidirsə, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insan bu dili mükəmməl bilməlidir. Çox təəssüf ki, Azərbaycanda illər boyu yaşayan və yaşı 70-80 olan adamlar var ki, onlar bu dili bilmirlər. Ən çox ona görə inciyirəm ki, mənim doğma ölkəmdə yaşayan və millətimə xas olan insanlar niyə öz dillərində danışmağı bacarmasınlar. Müxtəlif ölkələrdə olmuşam. Orada rast gəldiyim adamlar var ki, milliyyətcə ermənidir, rusdur və sairə, ancaq onlar öz dillərində mükəmməl danışırlar. Mən bunun səbəbini soruşanda, deyirlər ki, biz ailəmizdə öz dilimizdə danışaraq, onu qoruyub saxlayırıq. Bu yaxınlarda mən İranda səfərdə olan zaman azərbaycanlı ailəsinin evində qonaq oldum. Ailənin üç övladından ən böyüyü Azərbaycan dilini bir az bilir, ikincisi başa düşür, üçüncüsü isə ümumiyyətlə danışmağı bacarmırdı. Ancaq ata və ana Bakının kəndlərinin birindən idi və özləri Azərbaycan dilində yaxşı danışa bilirdilər. Çox təəssüf ki, övladlarına Azərbaycan dilini öyrətməkdə maraqlı olmayan kifayət qədər həmyerlimiz var. İndi qəribə tendensiya yaranıb. Əvvəllər hamıya rus dilini məcburi şəkildə öyrədirdilər. Hazırda isə dəb düşüb, ailələr özləri ingilis dilini bilməyə-bilməyə övladını ingilis dilli məktəblərə qoyurlar. Sonra bunun əziyyətini çəkirlər. Uşaqları Azərbaycan dilini normalı bilmir, özləri isə ingilis dilini. Bunun nəticəsində isə valideynlər öz uşaqları ilə normal danışa bilmirlər. Mən demirəm ki, xarici dil bilmək pis işdir. İnsan nə qədər çox dil bilərsə, bu, onun üstünlüyüdür. Ancaq ilk növbədə ana dilimizi mükəmməl bilməliyik. Yaxşı yadımdadır, ötən sərin 90-cı illərində hansı idarəyə zəng edirdinsə, min bir əziyyətlə Azərbaycan dilində “Bəli” deyə bilirdilər. İndi isə hər hansı təşkilata zəng edirsən, telefonu götürən şəxs rus dilində “Da” deyə cavab verir. Bütün bunlar niyə baş verir? Çünki tələb edən yoxdur. Türkiyə telekanallarından birində “Bəli, xeyr!” adlı məşhur yarışma var idi. Həmin verilişə bir əcnəbi iştirakçı gəlmişdi. Təsəvvür edin ki, həmin verilişdə iştirak edən türklərin heç biri sonadək yarışı davam etdirə bilmədi. Ancaq həmin əcnəbi iştirakçı yarışda sonadək qala bildi. Həmin verilişdə aparıcı ona sual verdi ki, haradansan? Əcnəbi də cavab verdi ki, mən Çindən gəlmişəm, özü də cəmi 3 aydır ki, Türkiyədəyəm. Türk dilini də üç aya mükəmməl öyrənmişəm. Yəni, biz də öz dilimizə bu cür sevdirməliyik. - Milli Televiziya və Radio Şurası (MTRŞ) mütəmadi olaraq Azərbaycanda televiziya kanalları və radio aparıcılarının nitqində qüsurların olması ilə bağlı açıqlamalar yayır. Sizin bu məsələyə münasibətiniz necədir? - Bilirsiniz, Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmaq lazımdır. Çox təəssüf ki, hazırda Azərbaycanda xəbər saytları, qəzet və jurnallarla yanaşı, radio və televiziyaların dili bərbad vəziyyətdədir. Telekanallarda və radiolarda ləhcələr, düzgün olmayan vurğular, sözlərin düzgün deyilməməsi problemləri mövcuddur. Media nümayəndələri bütün bunları adi hesab etsə də, əslində bu, belə olmalı deyil. Hətta, onlara irad bildirəndə, bizə deyirlər ki, sizin vaxtınız keçib və sairə. - Az öncə də bildirdiniz ki, bir sıra media nümayəndələri, xüsusilə televiziya və radio aparıcıları tövsiyələrinizə məhəl qoymurlar, hətta, kinayə ilə yanaşırlar və sairə. Həmin adamlara yenə də tövsiyəniz varmı? - Mənim üçün onlar yarımçıq insanlardır. Həzrəti Məhəmməd peyğəmbər də deyir ki, insanlar qəbir evinə qədər öyrənməlidir. Həzrəti Məhəmməd peyğəmbərin bir kəlamı da belədir ki, əgər elm uzaq Çində olsa belə, sən onun dalınca getməlisən. Digər misalda isə deyilir ki, yüz ilin ibadətindənsə, bir günün elm öyrənməyi daha faydalıdır. Əgər səndən təcrübəli və yaşlı adam ümumi işin xeyrinə nə isə söyləyirsə, buna qulaq asmaq lazımdır. Şəxsən mən özüm də bu gün öyrənirəm. Ətrafımdan, sizdən, kitablardan nə isə öyrənirəm. Bəzən telekanallarda aparıcılar özlərindən elə sözlər kəşf edib söyləyirlər ki, hətta, mən öz biliyimə inanmayıb, gedib ensiklopediyanı açıb baxıram. Sonra görürəm ki, onların işlətdiyi sözlər ensiklopediyada yazılan kimi deyil, səhvdir. Bütün bunlar doğrudan da biabırçılıqdır. Bunun sonu olmalıdır. Mənə elə gəlir ki, bütün bunların yeganə həlli yolu odur ki, hər birimiz öz işimizdə tələbkar olmalıyıq. Dilimiz bizim yeganə varlığımızdır ki, Azərbaycan xalqını dünyada saxlayır. Əgər dilimiz olmasaydı, o zaman biz də millət kimi məhv olub getmişdik. Azərbaycan telekanallarında çalışan aparıcıların səviyyəsi qaneedici deyil. Ancaq bunu deməsəm ədalətli olmaz. Televiziya aparıcılarına və insanlara tövsiyəm odur ki, çoxlarının bəyənmədiyi AzTV-yə baxsınlar. Çünki bu gün yalnız AzTV-də Azərbaycan dilinin qorunması ənənəsi mövcuddur. Burada hər hansı söz efirə səhv gedirsə, səhv deyilirsə, mütləq o adamı tapıb, ona sözün doğru deyiliş tərzi, vurğusu öyrədilir. Ancaq özəl telekanallarda aparıcılardan bunu tələb edən yoxdur. Mən hərdən də söhbət düşəndə deyirəm ki, sizdə baş redaktor, redaktor, şöbə müdiri və sairə yoxdurmu ki, iradlarını söyləsin? Onlar da mənə deyir ki, yox, bizə şirkətdə iradları bildirən olmur. Deməli, o adamlar özləri də bilmir ki, aparıcılara doğrunu söyləyə bilmir. Əgər kimsə bir sözü yazmağı bilmirsə, o zaman o mənə necə deyə bilər ki, filan sözü belə yazmaq doğrudur? Misal üçün, ittifaq sözünü bir “t” ilə yazmısan və sairə. - Amma Milli Televiziya və Radio Şurası bu məsələ ilə bağlı telekanallara dəfələrlə xəbərdarlıq edir... - Bilirsiniz, xəbərdarlığı da elə adama söyləmək lazımdır ki, o bu sözü götürsün. Hər kəsin üstünə nəzarət üçün bir adam qoymaq olmaz axı. Bunu edən zaman da deyirlər ki, bu, senzuradır və sairə. Əslində, senzura hər bir insanın öz içində olmalıdır. Birincisi, əgər təmiz danışmağı bacarıramsa, o zaman mənə heç kəs irad tuta bilməz. İkincisi, isə əksəriyyət kitab oxumur. Bu gün istənilən cavan məclisində söhbət salıb soruşsan ki, Əliağa Kürçaylı, Əliqulu Qəmküsar, Yusif Vəzir Çəmənzəminli, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev kimdir, çoxu tanımayacaq. Əliağa Vahid haqqında məlumat soruş, bilən olmayacaq. Çünki kitab oxumurlar. Cavanlara kitab oxu deyəndə, sanki “düşmən” obrazı yaradırsan.