AzerTaym.az diktor Nailə İslamzadə ilə müsahibəni təqdim edir:
-Biz sizi “Ailələr, talelər” verilişi ilə tanıdıq. Siz AzTV-nin siması idiz. Doğma kanalınızdan başqa TV-də çalışmaq barədə düşünmürsüz?
- Bəlkə sizin yaddaşınızda “Ailələr, talelər” verilişindən qalmışam, amma o verilişi hazırlamağa başlayanda artıq16 il televiziya təcrübəm var idi. Xəbərlər proqramının əsas aparıcılarından biri, televiziyanın dövlət bayramlarına və tədbirlərinə həsr olunmuş verilişlərin əsas aparıcısı və bunlardan başqa, yüzlərlə ayrı -ayrı verilişin aparıcısı kimi fəaliyyət göstərmişəm. Yox, ciddi düşünməmişəm.
-Əməkdaşlıq təklifləri almısız?
Bəli, bir neçə kanallarımızdan təkliflər olub. Yalnız TRT AVAZ-dan olan təklifi qəbul etmiş və bir il ərzində orada müqavilə ilə türk dilində” İşte kadın” proqramının aparıcısı olmuşam.
- “Ailələr, talelər” verilişi formatında olan proqramların sayı artıb. Ancaq nədənsə ailə və sosial problemləri əks etdirən bu proqramlar daha çox tənqid olunur, bayağı alındığı iddia edilir. Buna münasibətiniz necədir?
- Televiziyanın insanlarin şüuruna, həyat və fəaliyyətinə hakim kəsilməsi sübuta ehtiyacı olmayan bir gerçəklikdir. Ona görə verilişləri hazırlayarkən çox diqqətli olmaq lazımdır. Əgər bir şeyi çox adam tənqid edirsə, demək nəticə çıxarmaq lazımdır. Monitorinq aparmaq lazımdır ki, tənqid edən kimdir və bəyənən kimdir… “Qabusnamə”də oxuyuruq, bir dəfə Əflatuna deyirlər ki, ey Filosof, bu gün filankəs səni çox təriflədi. Bunu eşidən Əflatun ağlayır. Səbəbini soruşanda deyir ki, bundan ağır müsibət olarmı ki, nadanın biri məni tərifləsin. Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki nadanların təriflədikləri adamlar yalnız nadan olur. Sonra orada yazır: çalış səni tərifləyən xalq olsun, bir neçə cahil deyil, çünki cahillərin mədh etdiyi alimlər içərisində pislənir.
Ona görə də tənqiddən qorxmaq lazım deyil, nəticə çıxarmaq lazımdır, yüksək intellektli insanların, alimlərimizin, dünyagörmüş insanların fikirlərini əsas götürmək lazımdır. Televiziya bir güzgüdür, onun nə qədər parlaq olması biz jurnalistlərin tutduğu mövqedən asılıdır.
- Onu da deyim ki, sizin də verilişiniz məhz bu mövzuda idi. Amma insanların yaddaşında maarifləndirici bir proqram kimi qalıb...
- Bəli, “Ailələr, talelər” verilişi maarifləndirici, öyrədici tendensiyaya malik olaraq Azərbaycan ailəsinin tarixi ənənələri və müasir dövrdə mənəvi-əxlaqi, sosial problemləri ilə bağlı qaldırılan mövzular bu verilişin ana xəttini təşkil edirdi. əxlaqi dəyərləri ilə öyündüyümüz Azərbaycan ailəsində obyektiv və subyektiv amillər nəticəsində baş verən mənəvi aşınmalar barədə “həyəcan təbili” çalınırdı. Cəsarətlə demək olardı ki, “Ailələr, talelər” Azərbaycan ailəsinin mənəvi, sosial və hüquqi problemlərinin həllində ictimai fikrə istiqamətverici təsir göstərirdi.
-Yəqin ki, siz də diqqət etmisiz. Ailə-sosial mövzuları özündə əks etdirən verilişlər bağlanır? Sizcə, bu, doğrudur?
- O verilişləri diqqətlə izləmədiyim üçün fikrim obyektiv olmaya bilər, amma yenə də deyim. Əvvala, bu mövzularda veriliş hazırlamaq həddindən artiq çətindir. Mənəvi, sosial və hüquqi problemi olmayan insan yoxdur və belə proqramlara çox insanlar müraciət edir. Onların hamısını razı salmaq, problemlərini həll etmək qeyri-mümkündür. Ona görə də verilişlər problem həll edən yox, istiqamət verən, yol göstərən olmalıdır. Çox vaxt məsələlərin qoyuluşu, yanaşma doğru olmur, bəzən aparıcının qeyri-səmimiliyi, açıq-açığına rola girməsi, müraciət edənlərin dərdlərindən şou yaradılması insanların verilişə olan inamının itirməsinə gətirib çıxarır. Milli Televiziya və Radio Şurası da belə halların qarşısını almağa çalışır.
- Sizin dövrünüzdə xanım aparıcıların sayı çox az idi. Ancaq indi dövr dəyişib, tam əksinə olub. Sizcə, bu gün Azərbaycan efir məkanında xanım aparıcıların sayı niyə çoxluq təşkil edir?
- Elə bizim dövrümüzdə də xanım diktor və aparıcılar çoxluq təşkil edirdi.
Elə bu şəklə baxmaq kifayətdir, 1985-ci ildə çəkilib:
- Siz eyni zamanda xəbər aparıcısız. Ancaq indiki xəbər aparıcıları yenilik axtarışındadır. Kimisi geyimində, kimisi isə jest-mimikalarında dəyişiklik etməyə çalışır. Xəbər aparıcıların efirdə sərbəstliyi düzgündür?
- Xəbər aparıcıları sadəcə informasiya ötürürlər, yəni ölkəmizdə və dünyada baş verən hadisələri tamaşaçıya çatdırırlar. Burada əl-qol hərəkətləri, hadisələrə şərh vermək meylini yersiz sayıram. Analitik proqramların aparıcısı şərhçi, politoloq və ya mütəxəssisdirsə, baş verən hadisələrə öz yanaşmaları varsa, o zaman onların mimikaları, əl hərəkətləri məqsədəuyğun və təbii ola blər.
Xəbər aparıcısının isə məntiqi vurğu ilə intonasiya arasında tarazlığı qoruyaraq, ana dilimizdə səlis danışması, xəbərlərin mövzusuna uyğun olaraq intonasiya və mimikasını tarazlaşdırması kifayət edər. Xəbər oxuyan elə biri seçilməlidi ki, onun oxuduğuna tamaşaçı inansın. Burada yaş, geyim, gözlərinin ifadəsi, intellekti vacib rol oynayır.
- Ciddi bir aparıcı kimi yaddaşlara həkk olunmusuz. Ancaq indi xəbər aparıcıları belə şou verilişlərə meyilli olur. Bunun səbəbi nədir?
- Mən televiziyada üç istiqamətdə fəaliyyət göstərirdim, üçü də ayrı- ayrı janrlar idi. Xəbərlərin aparıcısı, müəllifi və aparıcısı olduğum “Ailələr, taleler” verilişi və dövlət tədbirlərinə həsr olunmuş verilişlər... Birincidə sadəcə informasiya ötürür, ikincidə öz sözümü deyir, üçüncüdə isə səhnə danışığı, çağırış səsi tələb olunurdu. Bəzən, bayram proqramlarında görkəmli sənətkarlarımız Yaşar Nuri, Afaq Bəşirqizi, Telman Adıgözəlov, Arif Quliyev, İlham Namiq Kamal və başqaları ilə tərəf müqabili olmuşam.
Aparıcı hər bir janrda çalışa bilər, yetər ki, birini o biri ilə qarışdırrmasın və bayağılıqdan uzaq olsun.
- Bu gün efir məkanında hansı boşluqları hiss edirsiz?
0Maarifləndirici istiqamətdə verilişlərin və analitik proqramların az olduğunu düşünürəm.
- Özünüzdən sonra TV arenasında davamçınız hesab etdiyiniz kimsə var?
- Məşğul olduğum tələbələr olub, amma davamçı sayılmaz.
- TV-dən ayrılan insanlar tamamilə bu sahədən qopmaq istəmirlər. Kimisi qəzet, kimisi isə jurnal açır. Siz deyəsən, tamamilə uzaqlaşmısız...
- Qopmaq istəmirlər deyəndə, onların da görə biləcəyi iş budur. Gedib həkim, mühəndis işləməyəcəklər ki.
O ki qaldı mənə, demək olar ki, televiziyadan uzaqlaşmamışam. Uzun illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedi Mərkəzinin rəhbəri kimi çalışaraq, filmlərə ssenari yazmış və hazırlamışam. İndi isə Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyinin ideyası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sponsorluğu ilə yaradılan Kulturaplus internet televiziyasının rəhbəriyəm. Milli-mənəvi və dini dəyərlərimizin təbliği, ölkəmizin tarixi və qədim mədəniyyətinin daha dərindən araşdırılması, gənclərimizin azərbaycançılıq ruhunda tərbiyəsi, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması Kultura plus İnternet televiziyasının əsas məramlarını təşkil edir. (Qafqazinfo)