Konflikt Azərbaycanla Ermənistanın öhdəsinə buraxılır?; Tanınmış alman siyasi analitikinə görə, ABŞ-ın yeni prezidenti dönəmində bu variantlardan hər biri şanslı ola bilər, çünki...; professor Furman: “Münaqişə Minsk Qrupu çərçivəsindən kənarda həllini tapacaq”
Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın indiki prezidenti Barak Obamanın hakimiyyəti dövründə də həllini tapmadı. Əksinə, haradasa daha qəliz duruma salındı və böyük müharibə ehtimalı artdı. Bu da rəsmi Vaşinqtonun məsələyə ciddi diqqət ayırmaması ilə birbaşa bağlı idi. Təkcə bu faktı qeyd eləmək yetər ki, ötən 8 ildə Obama bir dəfə də olsun, ABŞ-da Qarabağa görə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil eləmədi.
Qarabağ nizamlanmasına ümidlər indi də yeni prezident Donald Trampın dönəminə bağlanıb. Lakin nəzərə alsaq ki, məsələdə Rusiya ən böyük təsir imkanlara, rıçaqlara malikdir, o zaman Vaşinqton-Moskva münasibətlərinin xarakterinin Dağlıq Qarabağ ətrafındakı situasiyaya da təsirsiz ötüşməyəcəyi şəksizdir. Bəs təsirlər necə olacaq? Bu yöndə hələ ki yalnız nüfuzlu təhlilçilərin təxmin və ehtimalları var.
***
Məsələn, tanınmış alman politoloqu, professor Vilfrid Furman “Vestnik Kavkaza” nəşrinə şərhində Donald Trampın prezidentliyi dönəmində Güney Qafqaz regionunun üzləşə biləcəyi, daha doğrusu, Qarabağla bağlı üç mümkün ssenarini təsvir edib. Bu zaman o, öncədən qeyd edir ki, öz proqnozlarında amerikalı prezidentin tipik respublikaçı prezident kimi yox, heç olmasa, Rusiya ilə məhdud və fundamental konsensus tapmağa çalışan prezident olacağından çıxış edərək həmin variantları irəli sürüb.
Ekspert mövcud etimad əlaqələrindən çıxış edərək, Türkiyə, Rusiya və İranın Qafqazdakı müasir sərhədlərini qarşılıqlı zəmanətli hesab edir. “Bununla da Cənubi Qafqaz zahirdən, coğrafi baxımdan artıq dairəyə alınıb, cızılıb. Yəni regionun üç böyük dövlətinin (Türkiyə, Rusiya, İran) mümkün ekspansionist planları fundamentdən məhrum kimi görünür. Lakin bu təhlükəni tam istisna eləmək də olmaz” - analitik qeyd edir.
Onun sözlərinə görə, əgər Rusiya bundan sonra da erməni sərhədlərinin qarantı olmaqda davam eləsə, o zaman ABŞ da Gürcüstanın hazırkı sərhədlərinin qarantı kimi çıxış edəcək: “İstisna deyil ki, ”etnik təmizləmələr" olacağı halda hər iki qarant dövlət birgə şəkildə müdaxilə edəcək və bununla da tərəflərdən hər birinin “rezident hüququ”na zəmanət verəcək. Bu, hər iki dövlətin maraq və aktivlərinin qəbul edilmiş qarşılıqlı qorunmasıdır".
Lakin professor hesab edir ki, Cənubi Qafqazın “sanitar dəhlizə” çevrilməsi üçün ilk növbədə Dağlıq Qarabağ konflikti həll olunmalıdır. Alman politoloqun fikrincə, bu münaqişə yəqin ki, ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, həmin çərçivədən kənarda həllini tapacaq. Furman bununla bağlı bəzi mümkün ssenariləri təsvir edib - hansılar ki, mövcud “nə hərb, nə də sülh” vəziyyətindəki bəzi “tabu”ların sindırılması anlamına da gələ bilər.
***
Həmin ssenarilər aşağıdakılardır:
“Birinci ssenari: hər iki dünya dövləti - Rusiya və ABŞ Güney Qafqazın üç respublikasının indiki sərhədlərini tanıyır və işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayonla bağlı danışıqlar prosesini, mümkün hərbi aksiyalar da daxil, müstəsna olaraq Azərbaycan və Ermənistanın öhdəsinə buraxır. Bu, heç də avtomatik şəkildə məsələnin hərbi həlli demək deyil. Ancaq hətta məhdud şəkildə də olsa, hərbi aksiya Ermənistan tərəfindən hazırda müşahidə olunan güzəştlərdən total imtina mövqeyini önləyə bilər.
İkinci ssenari: hər iki dövlət konfliktdən ötən 20 ili nəzərə almaqla və bu müddətdə doğulanlar üçün insan haqlarını və mülk hüququnu saxlamaqla, Dağlıq Qarabağın və mümkündür ki, işğal altındakı digər Azərbaycan ərazilərinin “bölünməsi” konsepsiyasını hazırlayır. Rusiya və ABŞ bu ssenari zamanı Azərbaycanla Ermənistan arasında yeni sərhədlərdə təkid edir və onlar arasında danışıqların moderatoru kimi çıxış edir. Bu halda “Qordi düyünü” müharibənin formalaşdırdığı indiki sərhədlər nə vaxtsa beynəlxalq hüquq baxımından tanınmadan, faktiki surətdə kəsilmiş olacaq.
Üçüncü ssenari: işlək Güney Qafqaz federasiyasının yaradılmasında təkid eləmək. Mövcud tarixi təcrübə və indiki gərgin situasiya nəzərə alınarsa, bu, çətin ki, mümkün görünsün. Lakin mümkün həll yolu kimi neytral federasiya ola bilər - hər üç ölkənin vətəndaşlarının sərbəst yaşaması və yerdəyişmə hüququ daxil, birgə polis qüvvələri ilə birgə. O halda Rusiya və ABŞ federasiyanın daxili - dövlətlərarası deyil, xarici sərhədlərinin qarantı qismində çıxış edə bilərdi. Bütün Dağlıq Qarabağ konflikti zonası da həmin federasiya daxilində ayrıca vahid olardı - özünün kvotalanmış strukturu ilə (məsələn, ermənilər və azərbaycanlılar ayrı-ayrılıqda parlamentdəki yerlərin, nazir portfellərinin, həmçinin də polis qüvvələri və idarə orqanlarının 50%-ni alır). Belə olan halda bütöv Cənubi Qafqazın iqtisadi inkişafı üçün çoxlu sərbəst resurslar da üzə çıxmış olacaq".
Politoloq etiraf edir ki, bu variantların heç biri münaqişə tərəflərini tam mənada qane etməyə bilər: “Belə bir şeyi təsəvvür eləmək əlbəttə ki, çətindir. Təqdim edilənlər sırf mümkün kompromis ”qərarlar konsepsiyası"dır. Ancaq konfliktin aktual durumu, hər dəfə alovlanan hərbi toqquşmalar zamanı baş verən ölümlər, yaralanmalar, habelə yurd yerindən qovulan insanların yaşı və gənc nəsil üçün həyati şansların olduqca məhdudluğu nəzərə alınarsa, humanitar nöqteyi-nəzərdən təcili dəyişikliklərə ehtiyac var. Bu variantlar istənilən halda hazırkı natamam situasiya fonunda şanslı görünür".
Alman siyasi analitik hər üç ssenarinin ən böyük müsbət üstünlüyünü bunda görür ki, həmin variantlar regionda hadisələrin ərəb ölkələrindəki kimi cərəyan etməsini istisna edir. “Dünya o zaman daha sabit olacaq, ABŞ isə diqqəti daha çox öz daxili inkişafına yönəldə biləcək”, - deyə ekspert sonda əminliklə qeyd edib.
Alman politoloqun irəli sürdüyü mümkün ssenarilərdə təbii ki, rasional rüşeymlər var. Lakin çox şey yəqin ki, yenə Rusiyanın konfliktə yanaşmasından asılı olacaq. Bu yanaşma isə həm Moskvanın bölgədəki hərbi-siyasi dayaqlarının qarşıdakı illərdə necə olacağından, həm də və əlbəttə ki, ABŞ-Rusiya münasibətlərinin xarakterindən asılı olacaq.