"Arif Hacılı və Əli Kərimli hökumətə işləyir" — Xədicə İsmayılın xarici diplomatlarla gizli danışıqları
Bu yaxınlarda “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıl ilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində gizli görüş keçirilib Ölkə.Az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib. Görüş zamanı Xədicə İsmayıldan Azərbaycanda “siyasi məhbus”, insan haqları və demokratiya məsələsinin daim gündəmdə saxlanılması xahiş olunub. Həmçinin, bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 10 il iş kəsilən “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimlinin müdafiəsi ilə bağlı da Xədicə İsmayıla tapşırıq verilib. Bütün bunların qarşılığında isə Xədicə İsmayıla lazımı qədər vəsait yardımı ediləcəyi bildirilib. Görüş zamanı çıxış edən Xədicə İsmayıl xarici “diplomatlara” “Sülh və Demokratiya İnstitutu”nun sədri Leyla Yunus, AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılı, həmçinin “REAL” və digər siyasi təşkilatlarla bağlı şikayət edib. X.İsmayıl bildirib ki, sadaladığı həmin şəxslərə və təşkilatlara qrant vəsaiti ayrılması məqsədə uyğun deyil. Daha sonra X.İsmayıl onların hökumətə işlədiyini bildirib: “Bu adamlar və təşkilatlar hökumətə yaxındır, hökumətdən maliyyələşir. Misal üçün, Arif Hacılı, Əli Kərimli, Qubad İbadoğlu hökumətlə gizli əməkdaşlıq edir. Digər tərəfdən isə bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama “siyasi məhbus” adı verir, hökumətin siyasətinə “don” geyindirir və sairə. Faktiki olaraq, Leyla Yunus, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər “mühacir biznesi” ilə məşğuldur. Onların tərtib etdiyi “siyasi məhbus” siyahısı saxtadır. Mən həmin siyahı ilə tanış olmuşam. O siyahıda ən azı 40 nəfərin adı müəmmalıdır. Bu siyahını əsasən Leyla Yunus hazırlayır. Ona görə siyahıda daha çox dindarlar üstünlük təşkil edir. Baxmayaraq ki, seçim sizindir, ancaq bu adamlara qrant vəsaiti ayrılması sizin üçün də faydalı olmaz”. Görüş zamanı X.İsmayıl Qiyas İbrahimli ilə bağlı aldığı tapşırıqları da lazımı səviyyədə yerinə yetirəcəyinə söz verib: “O ki qaldı Qiyas İbrahimli ilə bağlı məsələyə, mən onun məsələsini də gündəmdə saxlayıram. Ola bilsin ki, Qiyas İbrahimli təhsil aldığı universitetdən qovulsun. Bu olduğu təqdirdə, məsələni ictimailəşdirəcəm və onun adını Avropada yerləşən universitetlərdən birinə yazdırmağa çalışacam. Bu məsələdə sizin də köməyiniz lazım gələcək”.