“Şeyxə bu ideyanı hansı “ağıllı” verib?” - Elçin Şıxlıdan sərt reaksiya

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanda "Şeyxülislam mükafatı”nın yaradılması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.

Mükafatla bağlı sosial şəbəkələrdə bir çox müzakirələr başlayıb.

Mövzunun aktuallığını nəzərə alaraq, BakiPost.az təsis ediləcək mükafatla bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikirlərini öyrənib.

Jurnalist bildirib ki, "Şeyxülislam" mükafatının yaradılmasına ehtiyac yox idi: "İnanın ki, daha sözüm yoxdur. Çünki hansısa dini mövzuda yazan jurnalistlər üçün müsabiqə təşkil edib, onun nəticələrinə görə də yerlərin verilməsi düzgündür. Amma dini mövzuda yazan jurnalistlər üçün mükafatın verilməsi qəribədir. Ümumiyyətlə, bu barədə yazmağa dəyməz. Çünki dini təbliğ etməyə ehtiyac yoxdur. Din haqda araşdırmaq lazımdır. Bu sahədə araşdırma aparmaq tamam başqa məsələdir”.

Elçin Şıxlı hesab edir ki, şeyx bu məsələ üzərində bir daha düşünməlidir:"Zənnimcə belə bir mükafatın olmamalıdır. Hesab edirəm ki, şeyx bunu etməsəydi yaxşı olardı. Hansı "ağıllı” ona bu məsləhəti verib, çox maraqlıdır. Şeyx ətrafındakı "ağıllıları” bir az araşdırsa daha yaxşı olar. Çünki bu cür mükafat verilməməlidir. Hazırda xeyli sayda mükafatlar verilir. Min dənə jurnalist mükafatı var”.

Media kapitanı bu vaxta kimi dinlə bağlı normal yazıya rastlamadığını da vurğulayıb: "Ümumiyyətlə, mükafatı dindən düzgün yazana vermək olar. Amma mən indiyə kimi dinlə bağlı əməlli yazı yazan görməmişəm. Ola bilsin ki, kimsə yazıda fəlsəfi nöqteyi nəzərdən dinə toxunub. Amma bir də var ki, ancaq dindən yazasan. Bu, başqa şeydir. Bu, dinin təbliğidir”.






Fikirlər