Dəniz təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müzakirələr yekunlaşdı
Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyası işini yekunlaşdırıb. AzerTaym.az xəbər verir ki, noyabrın 25-dək keçirilən sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılıb. Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının üzv olduğu adıçəkilən Beynəlxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Yanğın Təhlükəsizlik Sistemləri haqqında” Məcəllələyə,“Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə, “Dayanıqlılığa dair Beynəlxalq Məcəllə”yə və dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər mühüm sənədlərə təklif edilən dəyişikliklər nəzərdən keçirilib. Məlumat üçün bildirək ki, Beynəlxalq Konvensiya və Məcəllələrə təklif edilən dəyişikliklərdə gəminin konstruksiyası – struktur, otsek və dayanıqlılıq, maşın şöbəsi və elektrik avadanlıqlarıyanğından mühafizə, yanğın detektorları və yanğının söndürülməsi, xilasedici vasitələr və avadanlıqlar, dəniz təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi tədbirlər, müəyyən tip gəmilərin heyəti üçün xüsusi təlimlər barədə tələblər, xilasedici vasitələrin yerləşdirilməsi, gəmi avadanlıqları, qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı, neft tankerlərinin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı, müəyyən əməliyyatlarda istismar olunan gəmilər və müəyyən tip gəmilər üçün tövsiyyəvə əlavə təlimatlar, sertifikatların etibarlılıq müddətinin artırılması, şirkətlərin məsuliyyətləri, sertifikatlar və onların təsdiqnamələrinə dair təlimatlar, şirkətlərin, kapitanların və gəmi heyətinin tövsiyyə olunan məsuliyyətlərinə dair təlimatlar öz əksini tapıb. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın sonunda Dəniz Təhlükəsizliyi Komitəsinin sədr və sədr müavini vəzifələrinə keçirilən seçkinin nəticələrinə görə, Avstraliyadan olan nümayəndə Bred Qrovs Sədr, Argentinadan olan nümayəndə Xuan Karlos Kubisino isə Sədr müavini seçilib.