Bakının məhşur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, "Bazarstore"də ona xarab ərzaq satıblar.
Xanım alıcı criminal.az saytına açıqlamasında bildirib ki, noyabrın 29-da "Bazarstore"nin Əhmədli qəsəbəsindəki mağazasından "Ağ Amur" balığı (Belamur) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub. Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başlayıb. Baxmayaraq ki, balığın pis qoxusu olmayıb, amma çox acı dadıb.
E.Şıxamirova bildirib ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb. Qarşı tərəf ona balığın xarab olmadığı, əksinə çox dadlı olduğunu deyib.
"Azərsun Holdinq" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov isə açıqlamasında bildirib ki, şikayətçi xanım balığı alandan iki gün sonra xarab olması ilə bağlı mağazaya müraciət edib. Yoxlanıldıqdan sonra məlum olub ki, həmin məhsulda heç bir problem yoxdur. Holdinq rəsmisinin sözlərinə görə, həmin alıcının "Bazarstore"yə qarşı tutduğu mövqedə qərəz var. Çünki heç bir laboratoriya müayinəsi olmadan aldığı balığın xarab olmasını iddia edir və "Bazarstore"nin imicinə zərbə vurur. Ona görə də, həmin xanım məhkəməyə veriləcək.
Məsələ ilə bağlı Esmiralda Şıxamirova açıqlamasında bir daha bildirib ki, "Bazarstore"dan aldığı balıq köhnə olub. Hətta bunu bildirmək üçün yollandığı supermarketdə fiziki təzyiqlə də üzləşib:
"Balığın köhnə olduğunu bildikdən sonra onu bişmiş vəziyyətdə "Bazarstore"a apardım. Amma özləri yeyib dedilər ki, guya "dadı əladır, təzə balıqdır". Normal insan normal balığı mağazaya aparıb, etiraz edər? Əgər balıq normal olmasaydı, mən onu geri niyə qaytarmaq istəməli idim? Orda mənə qarşı çox kobudluq elədilər. "Bazarstore"un xanım mühafizəçisi məni itələdi, piştaxtaya dəydim. Piştaxtadadakı qiymətlərin şəkilini çəkmək istəyirdim. Buna görə telefonu əlimdən almağa çalışdılar və mənə qarşı fiziki güc tətbiq etdilər, təhqir olundum. Bədənimdə xəsarət izləri var. Bütün etirazlarıma baxmayaraq, pulumu qaytarmadılar. Çünki balığı bişmiş vəziyyətdə aparmışdım. Bişməmiş aparsaydım, yenidən piştaxtaya qoyub satışa çıxaracaqdılar. Bişmiş vəziyyətdə isə ondan yararlana bilməyəcəkdilər. "Azərsun Holdinq"in rəsmisi bildirib ki, guya mən iki gün sonra balığı ora aparmışam. Amma belə olmayıb. Balığı axşam almışam, soyuducuda qalıb və səhəri gün bişirəndən sonra aparmışam".
"Azərsun Holdinq" Afiq Səfərov bildirib ki, Esmiralda Şıxamirova "Bazarstore"un imicinə zərbə vurmaq istəyir və buna görə onu məhkəməyə verəcəklər. Mağazada zorakılığa məruz qalmış xanım isə özü "Bazarstore"u məhkəməyə vermək niyyətində olduğunu bildirdi:
"Onların məni məhkəməyə verməsi üçün heç bir əsas yoxdur. Mənim haqlıyam. Aldığım balıq xarab çıxıb və onu geri qaytarmağa çalışmışam. Amma özüm zorakılıqla üzləşmişəm. Eşitmişəm ki, məni məhkəməyə vermək istəyirəm. Amma fikrim var ki, mən də məhkəməyə müraciət edərək hüquqlarımı müdafiə edim".