Manaf Ağayev: "Evlənməmişdən qabaq biz bilməliyik qızın..." - MÜSAHİBƏ - VİDEO
“Toyları kralı” ləqəbi ilə tanınan müğənni Manaf Ağayev və onun duet ortağı Sevil İsgəndərli Lent.az-a müsahibə verib. - İlk öncə yaradıcılıq işlərinizdən danışardınız... - (Manaf) Yaradıcılıq baxımından danışacağımız çox işlər var. Həmkarım Sevil İsgəndərli ilə “Unut məni” adlı mahnını oxuduq. Bundan başqa, həmkarım Tacir Şahmalıoğlunun mahnısına da müraciət etmişik. Yeni mahnılarımız var, aranjimandadır. Hazır olsun, təqdim edəcəyik. - Manaf bəy, bu yaxınlarda türkiyəli müğənni Mustafa Ceceli sizin “Bu qızın” adlı mahnınızı ifa etdi. Amma nədənsə çox müzakirəyə səbəb olmadı. Səbəb nədi? - Bu, mənim ən yaralı yerimdir. Bəzi jurnalistlərimiz nədənsə mənfi şeylər yazırlar. Ona görə də haqsızlıq görəndə, xətrimizə dəyir, aqressiv oluruq ki, bizim yaxşı işimiz yoxdur ki, yazasız? Mustafa Ceceli kimi böyük bir sənətkar mənim mahnımı oxudu. Özü də maraqlısı odur ki, mənim oxuduğum aranjimanla ifa edib. Mustafanın mənim mahnımı oxuması yaxşı hal idi, amma mətbuat bunu işıqlandırmadı. Mən heç bir zaman özümü gözə soxmamışam. Məndə heç nə süni alınmır. Nə varamsa, oyam. Oxumağım da, danışmağım da. - Bəzi müğənnilərin mahnısını türkiyəli müğənnilər oxuyanda icazə almağı tələb edirlər. Bəs siz necə? - Mən heç bir zaman bunun tərəfdarı deyiləm. Əslində, mənim mahnıma kimsə müraciət edəndə özümü çox xoşbəxt sayıram. Mənim mahnımı oxuyanlar icazə alsalar, xoş olar. Amma icazəsiz oxusalar da, problem deyil. Mən də Məmmədbağır Bağırzadənin, Baloğlan Əşrəfovun, Niyaməddin Musayevin mahnılarını çox sevirəm. Hamısına da müraciət etmişəm. Adını sadaladığım insanlar dostum olduğu üçün soruşmağa da ehtiyac qalmayıb, istəmişəm, oxumuşam. - Bir çox müğənnilər iddia edir ki, toy müğənni üçün məktəbdi. Bir qismi də bu fikrə qarşı çıxır. Siz necə düşünürsünüz? Toy müğənni üçün məktəbdirmi? - Bəli, toy məktəbdir. Özü də necə məktəb. İndi bu fikrim ziyalılara xoş olmayacaq. Toy məktəbdi, konservatoriya deyil. İnandırım ki, məndən də yaxşı oxuyan, titulları məndən çox olan xalq artistləri mənim oxuduğum toyda oxuya bilməyib. Demək ki, toy məktəbdir. Mən müğənni o müğənniyə deyərəm ki, toyda oxuyanda 3-5 nəfər ona əl çalsın. Siz fikir verin, hansı müğənni ki, toylara getmir, bu fikirlərə qarşı çıxır. - Konsert vermək barədə düşünürsüz? - Mənə deyirlər ki, niyə konsert vermirsən? Deyirəm ki, konsert verənlərə həsəd aparıram. Konsert vermək çox çətin işdir. Aylarla məşq etməli, proqram seçməlisən. Bu yaxınlarda əməkdar artist Elnarə Abdullayevanın konserti oldu. Nə qədər çətin, məsuliyyətli konsert idi. Hamı da necə gözəl qulaq asırdı. Bir sözlə, mən konsert verməyə hazır deyiləm. - Sevil xanım, Manaf bəylə duet oxumaq çətin deyilki? - Artıq 4 ilə yaxındır ki, Manaf bəylə işbirliyimiz var. Həm insan, həm də sənətkar kimi gözəl müğənnidir. Mənim üçün fəxrdir ki, belə bir insanla çalışıram. Manaf bəylə duet oxumaq çətin deyil. O, elə bir insandır ki, düz adamdı. İstəyir ki, yanındakı insan da düz olsun. - Manaf bəy, Sevil İsgəndərlidən savayı bu günə qədər kimlərlə duet oxumusunuz? - Almaz Saraylı, Könül Kərimova, Mehriban Səmədova ilə. Ən yaxşı duetimiz Könül Kərimova ilə olmuşdu. Duet elə bir şeydir ki, səslər uyğun gəlməlidi. Məsələn, mən Sevil xanımla çoxdan idi, duet oxumaq istəyirdim. Amma elə bir mahnı tapa bilmirdim. Amma sonda “Unut məni” mahnısını tapıb, oxuduq. - Olubmu ki, sizə duet təklif ediblər, razı olmamısınız? - Bəli, kimlərsə mənlə duet oxuyub, reklam olunmaq istəyib. Amma görmüşəm ki, alınmaz. Əslində, mən hər kəsə dəstək olan insanam. - “Toylar kralı” tituluna xalq artisti Səməd Səmədov da malikdi. Münasibətiniz normaldı? - “Toylar kralı” titulunu alan gün məni ilk təbrik edən Səməd Səmədov oldu. Onun xətrini çox istəyirəm. Özü mənə dedi ki, mən bu gündən oldum xalq artisti, sən ol “Toylar kralı”. Mənim titulum qanunidir. Mən bu titulu qazanan zaman verilişdə mənə 1 milyona yaxın səs gəldi. Bu isə dünyada ilk idi. Heç bir yarışda bir iştirakçıya 1 milyona yaxın səs gəlməyib. - Manaf bəy, dəfələrlə şəxsi həyat barədə danışmağa üstünlük vermədiyinizi söylədiyiniz halda, zaman-zaman övladlarınızın şəxsi həyatını müzakirə ediblər... - Allaha çox şükür edirəm ki, övladlarım yaxşıdır. Yoxsa biabırçılıq olardı, düşərdilər üstümə. Övladlarımla fəxr edirəm. Sual verirlər ki, oğlanlarınız niyə evlənmir? Bu suala nə cavab verim? Deyirəm ki, vaxtları çatanda evlənəcəklər. - “Oğluma “whatsapp” işlədən qız almaram” sözləriniz çox müzakirə olundu. - Mən elə bir söz deməmişdim. Sadəcə, mənim internetlə bağlı elə də anlayışım yoxdur. Dedim ki, heç kim mənə qulaq asmasın, öz fikrimi deyirəm, biri Amerikada, biri Moskvada tanış olub, evlənənə mən yaxşı baxmıram. Buna mən pis baxıram, bu, mənim həyata baxışımdır. Başqası üçün bu normal ola bilər. Mən bugünkü dövrdə anadan olsaydım, qəbul edərdim. Amma mən köhnə kişilərdənəm. Evlənməmişdən qabaq biz bilməliyik qızın özünü, atasını və anasını. - Beş müğənni adın çəkin ki, toylarda aktual və təlabatlıdı. - Nadir Qafarzadə, Elton Hüseynəliyev, Könül Kərimova, Elnarə Abdullayeva və mən.