"Tarif Şurasının qərarı ləğv olunmalıdır" - Deputatdan açıqlama
Tarif Şurasının son qərarı həm ictimaiyyətdə, həm də Milli Məclisin müzakirələrində əsas mövzuya çevrilib. Deputatların bir qismi bu qərarın zəruriliyindən danışsa da, bəzi millət vəkilləri bu qərarın ləğv edilməsini məqbul sayır. Deputat Fərəc Quliyev Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, Tarif Şurasının qərarının ləğv edilməsi ilə bağlı ölkə başçısına çağırış edib: "Büdcə ilə bağlı müzakirələr aparılarkən Tarif Şurasının qərarının ləğv olunmasını təklif etdim. Və çıxışımda prezident İlham Əliyevə də çağırış etdim ki, bu məsələyə müdaxilə etsin və bu qərarı qüvvədən salsın. Çünki Tarif Şurasının qərarı bir sahəyə deyil, bütün sahələrə təsir edəcək və bahalaşma olacaq. Bildirirlər ki, bu aztəminatlı ailələrə az təsir edəcək. Ancaq 585 adda istehlak səbətini müəyyənləşdirən məhsulların içərisindədir. Bütövlükdə bu sahədə olan hər şey bahalaşacaqsa, onda aztəminatlı ailələr ola bilər az təsir etsin, ancaq digər sahələrdə birbaşa onlara təsir edəcək. Ona görə də komitələrin iclasında təklifimlə çıxış etmişəm və indi də hesab edirəm ki, Tarif Şurasının qərarı ləğv olunmalıdır". Kommunal xidmətlərin özəlləşdirilməsindən danışan deputat Fərəc Quliyev bildirdi ki, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait itirmiş vəsaitlərdir: "Mən 7 il əvvəl büdcə müzakirələrində təklif etmişəm ki, işıq, istilik qaz, su və digər kommunal xidmətlər özəl sektora verilsin. Əgər belə olarsa, onlara ayrılan dövlət vəsaiti ayrılmaz. Hətta, bu xidmətlər büdcəyə vergi ödəyərlər. İndiki halda isə bu sahəyə xeyli vəsait ayrılıb. Bu vəsaitin də böyük bir hissəsi itirilmiş vəsaitlərdir, istifadə olunub, silinib və keyfiyyət baxımından heç bir iş görülməyib. Mən hesab edirəm ki, bu sahələrin özəlləşdirilməsi çox vacibdir". Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.