09.06.2014.- NOVELLA Cəfəroğlu gileyləndi
O, Müsavat daxilində istedadlı gənclərin olduğunu söyləyib: “Məni “vuruanda”, söyəndə Müsavatın qocaları müdafiə etmədi, gənclər hamısı sipər durdu. Onların içində savadlı gənclər var”.
Qeyd edək ki, ötən il hüquq müdafiəçisinin “Freedom House” təşkilatının hesabatına verdiyi rəy Müsavat daxilində də kəskin reaksiyalara səbəb olmuş, hətta Ramiz Yunus onun partiyadan uzaqlaşdırılmasını tələb etmişdi. N.Cəfəroğlunu isə sosial şəbəkələrdə daha çox müsavatçı gənclər dəstəkləmişdi.
Müsavatın yaşlı nəslinin nümayəndələrinindən N.Cəfəroğlunun dediklərinə münasibət
“Müsavatçıların yaşlı və cavan nəslə bölünməyinin əleyhinəyəm” Müsavat başqanının müşaviri Hüseyn Məlik dedi ki, başda Müsavat başqanı olmaqla bütün müsavatçılar daim Novella Cəfəroğlunu müdafiə edib: “Bəyanat yaydıq, başqanın özü mətbuatda onu müdafiə etdi. Şəxsən özüm də Novella xanımı dəstəkləmişəm. Nəyə görə belə deyir, bilmirəm, ancaq partiyamızda müsavatçıların yaşlı və cavan nəslə bölünməyinin əleyhinəyəm. Ümumi “müsavatçılar” anlayışı var. Mən müsavatçıların bu cür bölgüsünü normal qarşılamıram. Novella xanım yaşlı nəsildən narazı qalmamalıdır. Çünki hər bir yaş qrupundan olan müsavatçı Novella xanım müdafiə etdi. Sadəcə olaraq, ötən il Yadigar Sadıqov dost kimi onun çıxışına gileyləndi. Təkcə Novella xanımın yox, “Yeni Müsavat” qəzetinin mövqeyindən də narazılıq etmişdi”. O, Ramiz Yunusun N.Cəfəroğlunun partiyadan uzaqlaşdırılması təklifinə belə münasibət bildirdi: “Təəssüf ki, Ramiz Yunus özü Müsavatdan istefa verib getdi, mən onun fikrilərini o qədər də ciddiyə almıram. Novella xanımın məhbuslarla bağlı bəyanatını özüm doğru hesab etməsəm də, amma ona sərt münasibətin də tərəfdarı deyiləm. Novella xanıma “mamaşa” deyə müraciət edirəm. Ona dost qınağını mən də elədim. Amma onun partiyadan çıxarılmasından söhbət gedə bilməz. Novella xanımla Azərbaycan Xalq Cəbhəsində olmuşuq, fraksiya yaradıb Müsavata gəlmişik. Nəsə çətinliyim olsa, dərhal ona zəng edirəm, özünü yetirir”. “Həmişə onu müdafiə etmişəm” İsa Qəmbərin digər müşaviri Səxavət Əlisoy da dedi ki, hələ Naxçıvanda döyülən zaman N.Cəfəroğluya dəstək olub: “O zaman “Yeni Müsavat” qəzetində köşə yazarı idim. Hətta indi həmin yazının başlığını xatırladım: “Sakın, Naxçıvana getməyin, Novella xanım”. Novella xanıma qarşı hər hansı basqı olanda həmişə onu müdafiə etmişəm. İndi bizə yaşlılar, qocalar, lap ahıllar deyirlər, düşünürəm ki, Novella Cəfəroğlu Müsavat tərəfindən müdafiə olunub və ona böyük hörmətimiz var. İnsanların bəziləri subyektiv olaraq aralarındakı münasibətə görə ola bilər ki, onu müdafiə etməsin. Bunlar o qədər də önəmli deyil. Lap dərindən düşünəndə Novella xanım müdafiəyə ehtiyacı olmayan xanımlardandır. Əksinə onun özü minlərlə insanın müdafiəsində dayanıb”.
“Özüm Novella xanımdan həmişə dəstək görmüşəm” Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi ki, Novella Cəfəroğlu Müsavatın veteran üzvlərindən biridir: “İstər gənclər arasında, istərsə də Müsavatın veteranları arasında kifayət qədər ciddi nüfuza malikdir. Onun bu fikirləri hansı kontekstdə işlətdiyindən məlumatım olmadığı üçün əlavə şərh verə bilmərəm”. A.Hacılının sözlərinə görə, məhkumluq həyatı yaşayanda daima hüquq müdafiəçisinin qayğısını görüb: “İstər 2003-cü ildə, istərsə də 2011-ci ildə həbsdə olduğum zaman Novella xanımdan həmişə ciddi dəstək görmüşəm”.
“Novella Cəfəroğlunun köhnə dostlarından incikliyi olmuşdu” Hazırda partiyada Divan üzvü olan, Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslının fikrincə, Novella Cəfəroğlu məşhur hüquq müdafiəçisi və ictimai xadim olmaqla bərabər, həm də gənclərin ağbirçəyi və böyüyüdür: “Hər zaman bu və ya digər məsələlərə özünəməxsus münasibəti ilə fərqlənir. Şablon, hansısa normalar çərçivəsində danışan insan deyil. Adətən, nə düşünürsə, onu da deyir. Biz gənclərə dəyər verdiyi üçün sağ olsun. Ötən il müsahibələrinin biri ilə bağlı sosial şəbəkələrdə diskussiyalar getmişdi”.
N.Cəfəroğlunun partiyadan çıxarılmasını məsələsini xatırladan T.Abbaslı bildirdi ki, heç kəs N.Cəfəroğlunu partiyadan çıxara bilməz: “Çünki Novella xanım Müsavatın dayaqlarından, onun simvollarından biridir. Odur ki, yəqin həmin məsələni nəzərdə tutur. Həmin ərəfədə mən Gənclər Təşkilatının rəhbəri idim və biz tam olaraq Novella xanımın yanında olduq. Novella Cəfəroğlunun köhnə dostlarından incikliyi olmuşdu. Ola bilsin, onu nəzərdə tutur”. T.Abbaslı Müsavatın gənc və yaşlı nəslə bölünməsini təbii hal sayır: “Bu bölgünü biz yox, təbiət bölüb. Çalışmalıyıq ki, atalar və oğullar arasında barışıq əldə edib birgə fəaliyyəti formalaşdıra bilək. Gənclərə və yaşlılara bölünmə təhlükəli bir ifadə deyil ki, bundan imtina edək. Kimsə qorxursa, ona da bir söz deyə bilmərik. Şəxsən mən qorxmuram, bu gün gəncəm, sabah Allah ömür verərsə, ağsaqqal olarıqsa, onda da bu bölgüdən qorxmayacağam. İndi necə gəncəm, ağsaqqallarla dil tapıb işləyə və onların hörmətini saxlaya bilirəmsə, sabah ağsaqqal olmağa ömür çatsa, onda gənclərlə də dil tapıb işləməyi bacaracağam. Novella xanımn nə deməyindən asılı olmayaraq, o bizim ağbirçəyimizdir. Ona hörmətimiz sonsuzdur, bizi tərifləyibsə, gənclər adından ona fəaliyyətimizə verdiyi qiymətə görə minnətdarıq!”