Qafqaz Universiteti Türkiyəyə verilir
Türkiyə 50 ölkədə FETÖ-yə məxsus olmuş məktəbləri və universitetləri almaq istəyir. Publika.az xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin rəhbəri Cem Zorlu deyib. Onun sözlərinə görə, Türkiyə bu tədris ocaqlarında yeni tədris planı tətbiq etmək niyyətindədir: “Hazırda həmin tədris ocaqlarının bizim vəqfimizə verilməsi üçün təhvil-təslim işləri aparılır. Bundan sonra tədris planında əhəmiyyətli dəyişikliklər olacaq. Ümumilikdə 50-yə yaxın ölkədə FETÖ-nün olmuş tədris ocaqlarını vəqfimizə qatmaq və yeni tədris planı tətbiq etməyi planlaşdırırıq”. C.Zorlu qeyd edib ki, alınacaq məktəblərdə tədris əsasən türk dilində aparılacaq. “FETÖ Afrikadakı ölkələrdəki məktəblərdə fransızca, digər bölgələrdə isə ingilis dilində aparırdı. Biz bütün məktəblərdə türk dilində tədris aparacağıq. Həmçinin, ikinci köməkçi dil də tədris olunacaq”, - deyə o bildirib. C.Zorlu bildirib ki, hazırda FETÖ-nün olmuş tədris ocaqları ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparılır. “Keniyada məktəbləri aldıq. Çad, Somali, Sudan, Seneqal, Qabon, və Nigeriya hökumətləri ilə razılaşma imzaladıq. Azərbaycan, İndoneziya, Moldova, Avstraliya, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, Şimali İraq, Uqanda, Pakistan, Əfqanıstan, Bosniya-Hersoqovina, Tailand, Albaniya və Kamboca ilə danışıqlar aparılır. Bu ölkələrdə də müsbət nəticələr əldə edəcəyimizə inanırıq”, - deyə o bildirib. Qeyd edək ki, Azərbaycanda Qafqaz Universitetinin FETÖ-yə bağlı olduğu deyilirdi. C.Zorlu konkret bu tədris ocağının adını açıqlamasa da, Türkiyə Maarif Vəqfinin Qafqaz Universitetini də almaq istədiyi gözləniləndir. AzerTaym.az