Kremlin adamı 3 gün sonra Qarabağda baş verəcək qorxulu SSENARİNİ AÇIQLADI
Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Rəsmi Bakı hələ 2016-cı ilin dekabr ayında bu görüşə razı olduğunu açıqlamışdı. Lakin Ermənistan tərəfi görüşlə bağlı dəqiq cavab verməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da Münhendə görüşün baş tutub-tutmayacağı haqda dəqiq məlumata sahib olmadığını açıqlayıb. Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Markov isə təhlükəli vəziyyətin yarandığını bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Münhendə görüşünü keçirməyə çalışacaqlar. Rusiya da Ermənistanın görüşdə iştirak etməsi üçün təzyiq edə bilər. Lakin təəssüflə proqnozlaşdırıram ki, bu danışıqlar nəyəsə nail olmayacaq. Çünki ötən il “Kazan düsturu” (Qarabağ ətrafındakı rayonların qaytarılması və Bakının istədiyi “mərhələli həll” paketini nəzərdə tutan mexanizm – red.) çərçivəsində böyük razılaşmanın imzalanması mümkün idi, lakin şans əldən qaçırıldı. Ermənistan rəhbərliyi bunu imzalamaqdan boyun qaçırdı. Bu baxımdan, Münhen görüşündən sonrakı vəziyyəti təhlükəli hesab edirəm”.
S. Markovun fikrincə, Münhen görüşündən sonra böyük hadisələr olacaq.
“Qorxu ilə qeyd edirəm ki, ya hərbi toqquşmalar başlayacaq, ya da başqa nələrsə olacaq. Lakin o da dəqiqdir ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin nizama salınması üzrə öz mövqeyini dəyişdirməyəcək”, - deyə o bildirib.