Donald Trampın Rusiya ilə dərin və qaranlıq BİZNES BAGLANTILAR

Prezidentin iş ortaqları keçmiş SSRİ-dən çıxan mafioz insanlardan ibarət imiş

Elə bir gün yoxdur ki, ABŞ mətbuatında prezident Donald Tramp haqqında, əsasən neqativ çalarlarla yazılar dərc edilməsin.
ABŞ-ın “The Times” qəzeti prezidentin iş həyatının qaranlıq səhifələrinə diqqət cəmləyib. Qəzet Trampın indiki və keçmiş biznes partnyorları barədə maraqlı faktların üstünü açıb. Məqaləyə əsasən Trampın ətrafının, xüsusilə onun dostu və seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun MDB məkanının mafioz strukturları ilə bağlantıları haqqındadır.
“Müşaviri oliqarxın milyonları ilə bağlayırlar”, - “The Times”ın məqaləsinin başlığı belədir.

Məqalədə Manafortun Kiprdə yerləşən 15 bank və 10 şirkətdə hesabları olduğu yazılır. Məhkəmə materiallarına əsasən, bu şirkətlərdən biri Rusiya oliqarxı Oleq Deripaskadan 18,9 milyon dollar məbləğində pul alınması üçün istifadə edilib. Həmin pullar isə Ukraynada media-şirkətin əldə olunması üçün nəzərdə tutulub. (Manafort Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin əsas müşaviri də olub-red.)

“The Times”ın məqaləsində Donald Trampın keçmiş SSRİ-dən çıxan və adları mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulması işinə qarışan ən azı 10 biznesmenlə yaxın bağlantılarından söhbət açılır.

ABŞ-ın “USA Today” qəzetinin yazdığına görə, öz əmlak biznesini genişləndriməkdən ötrü Tramp və partnyorları keçmiş SSRİ-dən olan varlı oliqarxların köməyindən istifadə edib.

Həmin oliqarxlar isə isə bunun sayəsində ABŞ-ın biznes məkanına ayaq aça biliblər. Onlar minnətdarlıq əlaməti olaraq Trampın qüllələrində özləri üçün dəyəri milyonlarla ölçülən rezidensiyalar alıblar.

Amerikalı makler Dolli Lens “USA Today”-ə verdiyi məlumatda Manhettendə yerləşən Trump World kompleksində Rusiya investorlarına 65 kondominium (daşınmaz əmlak üzrəində birgə sahibkarlıq-red.) satdığını söyləyib. Onların demək olar ki, hamısı öz ölkələrində qeyri-qanuni yollarla əldə etdiyi pulları ABŞ-da yatırmaq istəyən insanlar olublar. Həmin insanların bir çoxu isə Rusiyanın indiki hakimiyyəti ilə sıx bağlantılara malikdirlər.

Qəzet yazır: “Əlbəttə, heç kim Trampı həmin şəxslərlə əlaqələrə görə hər hansı bir cinayətdə günahlandırmır. Lakin onlarla rusiyalının Trampın binalarında aldğı kondominiumlar onun əmlak imperiyasının ətrafını saran məxfilik barədə düşünmək üçün əsas verir”.

Ağ Ev özü məqalədə verilən informasiyaları şərh etməkdən imtina edib. Trump Organization-ın rəsmi nümayəndəsi Amanda Miller isə həmin rezidensiyaların 3-cü şəxslərin mülkiyyətində olduğunu və məhz onlar tərəfindən satıldığını bildirib.
Trampın “Trump Soho” kompleksi üzrə layihəsində partnyorları arasında Rusiyadan gələn Feliks Sater adlı immiqrantın adına rast gəlinir. Bu adam 1991-ci ildə adam yaralamaq üstündə 1 il həbsdə yatıb. Daha sonra isə onu səhmlərlə manipulyasiya emtək və 40 milyon dollar məbləğində çirkli pulların yuyulması sxemində iştirakına görə tutublar. Yalnız FTB və MKİ ilə əməkdaşlığa getməsi həmin adamı uzunmüddətli məhkumiyyədən qurtarıb.

Sater “Trump Soho”-nu Nyu-Yorkda tikən Bayrock-Group –da mühüm mövqeyə malik olub. Bayrock-Group isə layihə üçün Qazaxıstandan gələn Aleksandr Maşkeviç adlı milyarderi cəlb edib. Həmin Maşkeviç 2011-ci ildə Belçikada 55 milyon dollar məbləğində pul yuyulması işində ittiham olunaraq külli miqdarda cərimələnibmiş”, - məqalədə qeyd olunur.
Məqalədə Trampın “müştəriləri” arasında Rusiya, Ukrayna və Orta Asiya respublikalarından gələn təhlükəli cinayətkarların da adları çəkilir.

“Bunların arasında adları ABŞ mhkəmələrinin qara siyahısında olan, Floridanın Sanni Ayls Biç bölgəsində yerləşən “Trump International Beach Resort”-da kondominium alan Anatoli Qolubçik, Maykl Sall və Vadim Trinçer (Manhettendə yerləəşən Trump Towerdə mənzil sahibi) kimi kriminal şəxslər var.

Bundan başqa, 2014-cü ildə Almatı şəhərinin vəkilləri keçmiş mer Viktor Xrapunovun yığdığı yüz milyonlarla dolları yumaq məqsədilə qurduğu yalançı şirkətlər vasitəsilə Trump SoHo-da 3 rezidensiya aldığı barədə Los-Anceles federal məhkəməsinə iddia ərizəsi təqdim ediblər.

Keçmiş prokuror Ken Makkelion da öz bloqunda Trump SoHo-nun əsasən Rusiyadan gələn qarət, maliyyə cinayətləri və reket vasitəsilə əldə olunan pullarla tikilidiyini yazır.

Mətbuat Donald Trampın həmin binaların tikintisində adından istifadə olunmasına görə 18%-lik haqq aldığını da qeyd edir.

Makkelion sonradan Yuliya Timoşenkonun xüsusi hüquqşünası kimi Pol Manafortun Amerikada daşınmaz əmlak əldə edilməsi yolu ilə 3,5 milyardlıq pulun yuyulmasında aktiv iştirak etdiyini yazırdı. Manafortla birlikdə işin içində ukraynalı iş adamı Dmitri Firtaş və ABŞ tərəfindən transmilli mütəşəkkil cinayətkarlığın öndə gələn isimlərindən sayılan Semyon Mogileviçin də adları qeyd olunub.

“Bu pullar Vladimir Putinin xeyir duası ilə hərəkət edən adamlar tərəfindən gəlir. Əgər bu şəxslər Trump Organization-ın oksigenini kəssələr, onun biznesi çökə bilər”, -Makkellion qeyd edir.

 






Fikirlər