07.09.2014- Magistrlərə hərbi möhlət hüququ məsələsinə dair Mikayıl Cabbarovdan AÇIQLAMA
Təhsil naziri Mikayıl Cabbarov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxışı zamanı deyib ki, bu məsələ çox aktualdır: “Bu mövzu parlamentdə də müzakirəyə çıxarılıb. Bu məsələdə iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz məsələyə sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Bu bir həqiqətdir. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs var. Bu zaman ümummilli maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi ilə işçi səviyyədə müzakirələr aparırıq. Düşünürəm ki, birlikdə işləyərək ümumi məxrəci tapa biləcəyik. Bu dövlət və cəmiyyət üçün mühüm məsələdir. Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, yekunda hərtərəfli təhlil olunmuş bir qərar veriləcək”.