ABŞ-dan separatçı bölgələrlə bağlı görünməmiş qərar – Bakı üçün də ŞANS

Okeanın o tayından qərb qonşumuza ilginc dəstək; Senatın 2017 üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünə dəstək maddələri yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur; bəs Ermənistan? Trampın imzaladığı sənədin analojisi Azərbaycanla bağlı da qəbul edilə bilər, əgər...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bir sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib.

Dünən Gürcüstanın baş naziri Georgi Kviriokaşvilinin ABŞ-a 3 günlük səfəri başlayıb. Gürcü mənbələrinin verdiyi məlumata görə, baş nazir Ağ Evdə vitse-prezident Mayk Pens və dövlət katibi Reks Tillersonla görüşəcək. Onun həmçinin ABŞ Senatında müxtəlif komitələrin sədrləri ilə təmasları planlaşdırılır.

Gürcüstan hökumət başçısını səfərdə xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze müşayiət edirlər. Lakin ən mühüm detal - baş nazirin səfərinin ABŞ prezidenti Donald Trampın ölkənin 2017-ci il üçün yeni federal büdcəsini təsdiqləməsindən iki gün sonraya təsadüf eləməsidir.

Image result for Abxaziya və Cənubi Osetiya

Məsələ ondadır k, büdcə mətnində ilk dəfə Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir. Söhbət təbii ki, ən əvvəl Rusiyadan gedir. O Rusiya ki, ABŞ-ın ən yüksək rəsmiləri belə, onu vaxtaşırı və açıq şəkildə təcavüzkar adlandırırlar.

Təsadüfi deyil ki, Gürcüstanın baş naziri bu qərarı öz ölkəsi üçün “çox mühüm və misli görünməmiş” adlandırıb. “Hamını belə bir misli görünməmiş sənəd münasibətilə təbrik edirəm - harda ki, qanunverici akt şəklində ilk dəfə olaraq, Gürcüstan ərazisinin işğalı öz əksini tapıb. Bu, strateji tərəfdaşlarımız tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkəmizdə gedən demokratikləşmə prosesinə və iqtisadi inkişafa verilən dəstəyin daha bir təsdiqidir”, - deyə Kvirikaşvili vurğulayıb.

***

Qeyd edək ki, büdcə ayırmaları barədə qanun mayın 6-da qüvvəyə minib. Sənəddə Gürcüstanla bağlı maddə “Gürcü əraziləri - Abxaziya və Tsxinvali/ üzdəniraq Cənubi Osetiya regionlarının işğalı” adlanır. Qanuna görə, ABŞ-ın dövlət idarələrinə bu bölgələrin Rusiya tərəfindən işğalına kömək olan addımlar atmaq qadağan olunur. Qanun Birləşmiş Ştatların Maliyyə Nazirliyi üzərinə bu məsələ ilə bağlı müvafiq beynəlxalq təlimatlar hazırlamaq öhdəliyi qoyur - ki, Gürcüstanın ərazi bütövlüyünü pozan hər hansı proqramın reallaşması mümkünlüyü (kreditlər, borclar, zəmanətlər) istisna edilsin. Bundan əlavə, təsdiqlənmiş büdcə layihəsində ABŞ dövlət katibinə vəzifə olaraq tapşırılır ki, sənədin qüvvəyə mindiyi andan 90 gün ərzində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı Rusiyanın hərəkətləri haqda məlumat versin.

Image result for Abxaziya

***

Bu sübhəsiz ki, dünyanın 1 nömrəli dövlətinin Rusiya işğalı qarşısında qərb qonşumuza dövlət səviyyəsində verdiyi yeni, bənzərsiz və olduqca mühüm dəstəkdir. Yada salaq ki, bir neçə il öncə ABŞ Senatının qəbul etdiyi başqa qərarla Gürcüstan Ukrayna, Moldova və bəzi digər Şərqi Avropa ölkələri ilə birgə ABŞ-ın NATO-dan kənar müttəfiqi elan olunub. Bu da növbəti sanballı dəstək.

Sual ortaya çıxır: nədən ABŞ kimi superdövlət işğalçı Ermənistana qarşı da analoji mövqe sərgiləməsin? Axı Azərbaycanın da nə az, nə çox - 20% ərazisi on illərdir erməni silahlı qüvvələrinin tapdağı altındadır, bir milyondan çox insan qaçqın-köçkün həyatı yaşayır, işğal altındakı ərazilərdə etnik təmizləmə aparılıb, tarixi-mədəni abidələrimiz viran qoyulub, vandalizm aktları törədilib. “İkili standart” siyasətimi?

Image result for ABŞ-ın NATO-dan

Sözsüz ki, məsələdə xristian amili (gizli xristian təəssübkeşliyi) və Amerikadakı güclü erməni lobbisi az rol oynamır. Yəqin ən əvvəl bunun nəticəsidir ki, Abxaziya, Cənubi Osetiya, Krım separatçılarının Amerikaya, Qərbə yolu çoxdan bağlı olduğu halda, ABŞ-da sərbəst şəkildə Dağlıq Qarabağdakı qondarma rejimin “nümayəndəliyi” fəaliyyət göstərir, “Kreml tulası” Bako Saakyan kefi istədiyi vaxt Vaşinqtona gəlir, hətta Senatda görüşlər keçirir, üstəlik görüş keçirdiyi məkanda saxta “DQR”in bayraq adlandırılan əskisini asır.

Image result for Trump

***

Əlbəttə ki, “ikili standart” yanaşma var. Amma insafən bir az da günahı özümüzdə axtarsaq, yaxşı olar. İş ondadır ki, qonşu Gürcüstan Vaşinqtonun belə yüksək səviyyəli və birmənalı dəstəyinə müstəsna olaraq Avrointeqrasiya xəttinə sadiq qaldığı, qardaş Türkiyənin də daxil olduğu Qərb (NATO) təhlükəsizlik sistemində yer aldığı, həmçinin ölkəni demokratik inkişaf yoluna çıxardığı üçün layiq görülür.

Deyilə bilər ki, bəs Rusiya faktoru? Yəni qorxu var ki, Azərbaycan da Gürcüstan yolu getsə, Rusiyanın qəzəbinə gələr. Zatən, biz məgər Rusiyanın qəzəbinə gəlməmişik ki? Rusiya torpaqlarımızın şərikli işğalçısı deyil ki? Ən önəmlisi, son 29 ildə Moskva əlində misilsiz imkanlar ola-ola Qarabağ konfliktinin həllinə zərrəcə kömək etməyibsə, onu daha nə qədər gözləməliyik?

Bir də ki, “İslanmışın yağışdan nə qorxusu?” Rusiya erməninin əli ilə Azərbaycana ən böyük pisliyini edib və bu pisliyə görə nə peşmandır, nə də qolunu çirməyib həmin pisliyin nəticələrini aradan qaldımağa hazırlaşır. Əvəzində isə Azərbaycan “Əli aşından da olur, Vəli aşınadan da”. Nə vaxtadək?

Nəhayət, demirikmi ki, qardaş Türkiyə harda, Azərbaycan da orda? Deyirik. Həm də tez-tez, ucadan deyirik. O zaman nəyi gözləyirik? Onu da unutmayaq ki, Rusiyanın hansısa separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanıması hələ heç nə demək deyil - necə ki, Abxaziya və Cənubi Osetiya dünya birliyinin üzvü ola bilmədi. Əsas - Qərbin, ABŞ-ın tanımasıdır. Demək, Qarabağ məsələsində Qərbin, ABŞ-ın dəstəyinə xüsusi önəm verməliyik. Bu, istək məsələsi deyil, zərurətdir. 
Bir sözlə, Azərbaycan üçün də şans pəncərəsi fürsət qapısı açıqdır. Hələ ki...

 






Fikirlər