Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçirilir - FOTOLAR
Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günlərinə start verilib. Axşam.az-ın məlumatına görə, tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində baş tutub. Tədbirdə Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək İslam ölkələrinin mədəniyyət günlərinin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir.Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100-dək sənət ustası qatılıb.Bu gün də davam edəcək tədbirdə Burak Kut səhnəyə çıxacaq.Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş ediləcək. AzerTaym.az