`PUL qazanmaq lazımdır` - Əbülfəs Qarayev

 

 

"Azərbaycanın rayon və şəhərlərində fəaliyyət göstərən mədəniyyət evləri və klublar ötən il 230 min manat qazanıblar. Bu gəlir çox azdır. Həmin klub müəssisələrinin dövlətdən aldığı vəsaitin heç yarısı belə deyil. Bunun da ən başlıca səbəblərindən biri mədəniyyət sahəsində çalışan adamların savadının, mədəni səviyyəsinin istənilən səviyyədə olmamasıdır".

 

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bölgələrdə olan mədəniyyət evləri və klub müəssisələrində çalışan kadrların əksəriyyətinin ali savadı yoxdur.

Ə.Qarayev qeyd edib ki, mədəniyyət sahəsində mədəniyyəti bilən, sevən adamlar çox azdır: "Reallıq budur. Mədəniyyətin iqtisadi tərəflərini gücləndirmək lazımdır. Əgər belə olmasa, mədəniyyət müəssisələri müflisləşəcək və ixtisarlar çoxalacaq. Mədəniyyət sahəsində işləyənlərin maaşlar azdır. Bu da reallıqdır.

Pul qazanmaq lazımdır, amma yalançılıqla pul qazanmaq olmaz. Maliyyə Nazirliyinin 2015-ci il üzrə apardığı araşdırmalar nəticəsində məlum olub ki, bir çox rayon və şəhərlərin mədəniyyət müəssisələrində yeyinti hallarına yol verilib. Həmin araşdırmanın nəticələri Mədəniyyət və Turizm Nazirliyinə də təqdim olunub. Həmin mədəniyyət müəssisələrində çalışmayan adamların adına maaş yazılır. Belə faktlar var. Bunlar yolverilməzdir. Mən xəbərdarlıq edirəm, bu məsələlər davam etsə, sizin bir çoxunuzla xudafisləşməli olacayıq"(Report)






Fikirlər