Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçılara MÜRACİƏT EDİB.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçılara müraciət edib.

Nazirlikdən APA-ya daxil olan müraciətdə bildirilir ki, yaz fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının (Apis mellifera L.) yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı çoxsaylı müraciətlər edilir.
Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olmasını, arıçılıq fəaliyyətinin entomofil bitkilərin tozlandırılmasında əvəzsiz əhəmiyyətini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçı fermerlərə müraciət edərək bildirir ki, Nazirliyin istifadəsində olan bütün növ kateqoriyalı meşə ilə örtülü ərazilərə arı ailələrinin heç bir ödəniş olunmadan, müvafiq qaydada qeydiyyatdan keçmək yolu ilə yerləşdirilməsinə icazə verilir.“Bildiririk ki, ETSN rəhbərliyinin regionlarda əhali ilə keçirilən görüşlərində də vətəndaşlar tərəfindən belə müraciətlər edilir və arıçılıqla məşğul olan fermerlərə meşə sahələrindən bu məqsədlə istifadə üçün müvafiq tövsiyələr verilir.Çiçəkləmə dövründə arıçı meşə və ekologiya idarələri ilə razılaşdıraraq müəyyən olunmuş ərazilərdə arı qutularını yerləşdirə və özü də onların yanında qala bilər (həmin şəxslərin əksəriyyəti meşəyə öz mal-qarasını da gətirmək istəyir, bu isə meşə üçün ziyanlı olduğuna görə qadağandır). Qeyd edək ki, arıların meşədə saxlanılması, təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün, otlaqlar üçün yaxşıdır və bu, ikitərəfli faydalıdır” deyə, müraciətdə qeyd olunub.

Nazirlik arı ailələrinin yerləşdirilməsi ilə bağlı hər hansı problem yaranarsa yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli “Qaynar Xətt” xidmətinə məlumat verilməsini xahiş edir:

“Təəssüflə qeyd edirik ki, bəzi işbazlar və şəxsi maraq güdən bir sıra saytlar nazirlik tərəfindən arıçılara verilən bu hüquqlardan sui-istifadə edir, öz maraqları üçün KİV-lərdə yanlış məlumatlar yayır, məsələni özlərinin qazanc mənbəyinə çevirməyə cəhd edirlər. 
ETSN olaraq arıçılıqla məşğul olan fermerlərə bir daha müraciət edirik ki, arı qutularının meşə ərazilərində yerləşdirilməsi ödənişsizdir və arılarını müəyyən olunmuş ərazilərdə bəsləyə bilərlər. Bununla bağlı hər hansı anlaşılmazlıq yarandığı təqdirdə, bilavasitə yerli meşə idarələrinə və Nazirliyə məlumat versinlər”.

AzerTaym.az






Fikirlər