Manat Mərkəzi Bankın iddia etdiyi kimi doğrudan SƏRBƏSDİR?

bitmap-img6

İqtisadçı ekspert: “Azərbaycanda dollar-manat məzənnəsi sırf inzibati qaydada tənzimlənir və Mərkəzi Bankın tam nəzarəti altındadır”

 

“Azərbaycanda üzən məzənnə rejiminin heç bir atributu yoxdur”.
Bu sözləri iqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın üzən məzənnə ilə bağlı bəyanatını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Dünən Mərkəzi Bankdan verilən məlumatda bildirilib ki, manatın tam üzən məzənnə rejiminə keçidi artıq təmin olunub. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev  bildirib ki, Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni ki,  artıq məzənnəyə təsir bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Mərkəzi Bankın rəsmi açıqlamasına baxmayaraq, bəzi iqtisadçı ekspertlər belə hesab edirlər ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərmir. Maraqlıdır ki, doğrudanmı artıq manat üzən məzənnə rejimində fəaliyyət göstərir? Yəni, manatın məzənnəsi artıq Mərkəzi Bank tərəfindən tənzimlənmir?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib. 

Image result for natiq cəfərli
Natiq Cəfərli: “Məzənnənin inzibati qaydada tənzimlənməsinin əsas sübutlarından biri odur ki, uzun zamandır hərraclar başladığı məzənnə ilə də bitir”.

Azərbaycanda üzən məzənnə rejiminin mövcud olmadığını vurğulayan iqtisadçı Natiq Cəfərliyə görə, məzənnə rejiminə nəzarəti Mərkəzi Bank yanlız öz üzərinə götürüb:
“Azərbaycanda üzən məzənnə rejiminin heç bir atributu yoxdur. Çünki üzən məzənnə rejiminin ən vacib atributlarından biri onlayn şəkildə fəaliyyət göstərən birjanın mövcudluğudur. Yəni, birja və birja oyunçuları olmalıdır ki, gün ərzində onlarla, yüzlərlə şirkətlər onlayn şəkildə əməliyyatlar aparsın və bu əməliyyatlar nəticəsində məzənnə  müəyyənləşsin. Azərbaycanda valyuta satan cəmi bir mənbə var ki,  bu da Neft Fondudur. Neft Fondu vəsaiti Mərkəzi Banka verir və Mərkəzi Bank onu hərraca çıxarır. Alıcıların sayı isə təqribən 25-30 bankdan ibarətdir ki, onlar hər dəfə hərraclarda iştirak edirlər. Bu cür hərraclar  həftədə iki dəfə olur. Cəmi 1 saat çəkən bu hərraclar vasitəsilə üzən məzənnəyə keçmək mümkünsüzdür. 
Məsələn, Rusiya üzən məzənnə rejiminə çoxdan keçib. Belə ki, rublun məzənnəsində onlayn qaydada  hər saniyə dəyişikliklər olur. Əslində üzən məzənnə bu deməkdir. Üzən məzənnə rejimində tələb və təklif qaydalarına uyğun olaraq, məzənnənin oynaması müşahidə olunmalıdır. Ancaq biz Azərbaycanda bunu müşahidə edə bilmirik. Rusiyada gün ərzində 11 min fiziki və hüquqi şəxs valyuta alış-verişində iştirak edir. Bəzən bu oyunçuların sayı gündəlik olaraq ortalama 15-16 min nəfərə çatır və ya 8-9min nəfərə düşür.  Üzən məzənnə üçün bazar oyunçularının sayı və qiymətli kağızlar bazarının olması çox vacibdir. Çox təəssüf ki, ölkəmizdə bu amillər yoxdur.Məzənnənin inzibati qaydada tənzimlənməsinin əsas sübutlarından biri odur ki, uzun zamandır hərraclar başladığı məzənnə ilə də bitir. Əslində belə hərrac olmur. Ən azından cüzi şəkildə dəyişikliklər olmalıdır. Baş verən bəzi dəyişikliklər isə o qədər cüzi olur ki, inzibati qaydada tənzimlənməsinə dəlalət edir. Azərbaycanda dollar-manat məzənnəsi sırf inzibati qaydada  tənzimlənir və Mərkəzi Bankın tam nəzarəti altındadır”.
 
 

 

 






Fikirlər