ƏRDOĞANIN Nato İlə Təhlükəli Oyunu – Rusiya ilə 2 MİLYARDLIQ sövdə pozula bilər

 s400

“Rusiya və Türkiyə arasındakı 2 milyard dollarlıq silah sövdələşməsi əngəllər və sanksiya ilə qarşılaşa bilər”

Yəqin ki, baş verənlər NATO nümayəndələrinə acı zarafat kimi gəlir. Türkiyə dövlət informasiya agentliyi Ərdoğan hökumətinin alınmasına qərar verdiyi Rusiyanın “S-400” zenit-raket sistemləri barəsində infoqrafika dərc edib. Rusiya sistemlərinin keyfiyyətini və onların düşmən təyyarələrini, raketlərini yaxalamaq qabiliyyətini tərifləyən həmin materialda həmçinin “S-400”-lərin hansı uçuş aparatlarını vura biləcəyi barəsində yazılıb. Demək olar ki, adı çəkilən bütün uçuş aparatları Amerikan təyyarələri olub.

Türkiyənin müttəfiqləri belə şeylərə artıq adət ediblər. Lakin sövdələşmə NATO-da güclü həyacan yaradıb. Alyans bəyan edir ki, Ərdoğan hökumətinin istədiyi yerdən hərbi texnika almaq haqqı var, ancaq bunun Rusiyadan əldə olunması niyyətini NATO qəbuledilməz sayır. Analitiklər qeyd edirlər ki, ”S-400”-lərin NATO-nun Hava Hücumundan Müdafiə sistemi ilə qarşılıqlı fəaliyyətdə olması mümkün deyil. NATO hərbi komitəsinin sədri Pyotr Pavel bu yaxınlarda xəbərdarlıqla deyib ki, bu sövdələşmənin Türkiyə üçün ağır nəticələri ola bilər.

Pyotr Pavelin sözlərinə görə, Türkiyədə Rusiya raketlərinin yerləşdirilməsi, bu ərazilərdə NATO aviasiyasının yerləşdirilməsi zamanı problemlər yaradacaq. Lakin bütün bunlara baxmayaraq, Türkiyə Müdafiə naziri deyib ki, sövdələşmə haqqında razılaşmaya artıq nail olunub. Həm də ki, belə olan təqdirdə Türkiyə Rusiyaya tətbiq edilmiş sanksiyalarla toqquşma riskinə girir. Oktyabr ayında ABŞ Dövlət Departamenti bəyan edib ki, onlar Moskvadan hərbi texnika alan hökuməti cəzalandırmaq hüququna sahibdirlər. Amerikanın xarici siyasət idarəsinin saytında yerləşdirilən “qara siyahı”dakı Rusiya şirkətlərinin sırasında “S-400” istehsalçısı da var.
ABŞ öz konsulluğunun iki yerli əmkdaşının Ərdoğan hökuməti tərəfindən həbs edilməsindən hiddətlənərək, Türkiyəyə viza verilməsini dayandırıb. Sonradan bu qadağa yüngülləşdirilib, amma qarşılıqlı ittihamlar qalmaqdadır.

NATO ilə Türkiyə arasındakı münasibətlər pisləşməkdədir. Məlum olanda ki, NATO-nun Norveçdəki təlimlərinə hazırlıq tədbirləri zamanı “düşmən hədəfi” taxtasında Ərdoğanın və Türkiyə respublikasının qurucusu Atatürkün adları yazılıb, bundan sonra Türkiyə həmin təlimlərdə iştirakdan imtina edib. Türkiyə hökuməti NATO baş katibinin üzr diləməsini qəbul etsə də, ancaq bu işlə əlaqədar ciddi təhqiqat aparılmasını tələb edib. İfrat millətçi və islamçı mətbuat bu hadisədən yapışaraq, Türkiyənin alyansdan çıxmasına çağırışlar səsləndirirlər.

754938290443004

Amerikanın rəsmi nümayəndələri dəfələrlə eyham vurublar ki, özünün hava sahəsini müdafiə etmək üçün Türkiyənin Almaniya, Niderland, Yunanıstan, Səudiyyə Ərəbistanı və digər ölkələr kimi ABŞ-ın “Patriot” sistemlərini alması daha məqsədəuyğun olardı. Türklər bunun yaxşı variant olacağı ilə bağlı mübahisə aparmırlar, amma onları qiymət qane etmir.

Digər tərəfdən Ankara ehtiyat edir ki, sövdələşmə çərçivəsində ABŞ ruslara nisbətən Türkiyəyə daha az texnologiya verəcək. Həm də ki, Ərdoğana qarşı Vaşinqtonda elə mənfi münasibət var ki, Konqres onunla bağlanacaq istənilən sövdələşməni “topa tuta” bilər. Türkiyənin məmurlarından biri kinayə ilə deyib: ”Əgər onlar bizə viza vermirlərsə, deməli onda onlar çətin ki, bizə “Patriot” versinlər”.

Ərdoğanın nazirlərinin sözlərinə görə, hal-hazırda “S-400” alınması Türkiyə üçün çox əlverişlidir.

Sövdələşmənin şərtlərinə əsasən, türklər ümumi dəyəri 2 milyard dollar olacaq dörd batareya almalıdır. Lakin bu raket sistemi NATO-nun radiolakasiya şəbəkəsinə uyğun gəlmir və həm də onların sayı cəmi dörd ədəd olacaq. Ona görə də, bu sistemlər Türkiyə hava sahəsinin yalnız az bir hissəsini qoruya biləcək.

Türkiyə nümayəndələri etiraf edirlər ki, ”S-400” yalnız müvəqqəti tədbirdir və ölkə əvvəlki kimi NATO sistemlərinə müvafiq gələn texnikanın alınmasına hazır olacaq.

Bəzi ekspertlər belə güman edirlər ki, Ərdoğanın sövdələşmə təşəbbüsü təkcə müdafiə ilə əlaqədar yox, həm də keçən il baş vermiş dövlət çevrilişinə cəhdin təkrarlana biləcəyi təhlükəsi ilə də bağlıdır. Çevrilişə cəhd zamanı üsyan qaldırmış “F-16” zabitləri hücum çəkərək Ankaradakı prezident sarayına zərbələr endirmişdilər.

“Atlantic Council” analitik mərkəzinin əməkdaşı Aaron Ştayn bildirib: ”Əgər Türkiyə “S-400” alarsa, onda batareyalardan biri Ankaraya yerləşdiriləcək. Bu batareyanın əsas işi prezident sarayının qorunması ola bilər”.

Başqa bir problemi də unutmaq olmaz. Ərdoğan hökuməti “S-400” raketinin Türkiyənin özü tərəfindən istehsal olumasına Rusiyanın icazə verməsində israr edir. Lakin kimə isə məxfi müdafiə texnologiyasının verilməsi Putinin adəti deyil. Şübhəsiz ki, Putin raket sövdələşməsinin Türkiyə və Qərb arasındakı parçalanmanı dərinləşdirəcəyinə ümid bəsləyir. Lakin bununla yanaşı, onu həm də Rusiya sirlərindən NATO-nun agah ola biləcəyi də, narahat edir. Ona görə də, bütün səs-küyə baxmayaraq, bu sövdələşmə pozula da bilər.

(“The Economist”-Böyük Britaniya)

 






Fikirlər