Bayramqabağı yüzlərlə evin qaz təchizatı dayandırıldı
İstehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Həyata keçirilən texniki baxış zamanı mətbəxin və ya vanna otağının həcminin normaya uyğun olmaması, vanna otağının qapısında dəliklərin olmaması, vanna otağının qapısının içəri açılması, qaz xətlərinin qapalı yerlərdən aparılması, mətbəx və ya vanna otağının yerinin dəyişdirilməsi, qeyri-standart və nasaz qaz cihazlarından istifadə olunması, qaz xətlərinin rezin şlanq vasitəsilə çəkilməsi, tüstü borularında, ventilyasiya kanallarında hava çəkiminin normal olmaması, istehlakçıların mənzillərində xəbərdarlıqdan sonra belə texniki baxış keçirməyə şərait yaratmaması kimi qanun pozuntuları aşkar olunub.
3903 (Binəqədi QİS üzrə 342, Xətai QİS üzrə 376, Yasamal QİS üzrə 1095, Nərimanov QİS üzrə 89, Nizami QİS üzrə 562, Suraxanı QİS üzrə 154, Nəsimi QİS üzrə 609, Xəzər QİS üzrə 132, Qaradağ QİS üzrə 351 və Səbail QİS üzrə 193) istehlakçının mənzilinin və ya ayrı-ayrı cihazların qaz təchizatı müvafiq qaydada dayandırılıb.
Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.