31.01.2014. - Cavid Qurbanov xüsusi qərargah yaratdı
AzerTaym.az-ın məlumatına görə bunu “Trend”-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, respublika üzrə ümumilikdə 25 min kub metrə yaxın qum, 1500 ton texniki duz və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilib.
Onun sözlərinə görə, ASC-də xüsusi qərargah yaradılıb, bütün yol istismar müəssisələrinin rəhbərləri də qərargahın üzvləri sayılır: "Payız-qış mövsümü ilə bağlı əmr hazırlanaraq bütün yol istismar idarələrinə göndərilib. Hər bir istismar müəssisəsində də tədbirlər planı hazırlanaraq əmrdən irəli gələr vəzifələrin icrasına başlanılıb".
P.Mürsəliyev əlavə edib ki, istər regionlarda, istərsə də Bakı şəhərində lazımi qabaqlayıcı tədbirlər artıq həyata keçirilir: "Bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir. Hər bir yol istismar müəssisəsində 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunub. Yəni, hava şəraiti dəyişərsə, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranarsa, bütün texnika və işçi qüvvəsi həmin ərazilərə səfərbər olunacaq".
Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.