Ermənistan Krımın işğalını DƏSTƏKLƏDİ, Azərbaycan İSƏ... – QƏTNAMƏ LAYİHƏSİ

Ermənistan Krımın işğalını dəstəklədi, Azərbaycan isə... – QƏTNAMƏ LAYİHƏSİ

BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Kırm Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə qəbul edilib.

AzerTaym.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun təqdim etdiyi qətnamə səsvermədən əvvəl 40-dan çox ölkə tərəfindən dəstəklənmişdi.

Səsvermə zamanı sənədi BMT-nin 70 üzv ölkəsi dəstəkləyib, 26 ölkə ona qarşı çıxıb, daha 76-sı bitərəf qalıb.

Ermənistan, Belarus, Boliviya, Çin, Kuba, Koreya Xalq Demokratik Respublikası, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan, Venesuela və başqaları qətnamə layihəsinin əleyhinə səs verib. Avropa ölkələrinin əksəriyyəti, ABŞ, həmçinin Gürcüstan təşəbbüsü dəstəkləyib.

Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib.

“Krım üzrə bu qətnamə ən güclü sənəddir. Krım məsələsində Rusiyaya təzyiq güclənir. Sənədi dəstəkləyənlər, çox sağ olun!”, - Ukraynanın xarici işlər naziri Pavel Klimkin Tvitter səhifəsində yazıb.

Öz növbəsində, Ukrayna prezidenti Pyotr Poroşenko Feysbuk səhifəsində qeyd edib ki, Krımın qaytarılması üzrə beynəlxalq cəbhə möhkəmlənir və açıq manipulyasiyalara baxmayaraq, Kreml cinayətləri gizlədə və beynəlxalq məsuliyyətdən qaça bilməyəcək.

“Bugünkü qətnamə təcavüzkara güclü siqnaldır”, - Poroşenko yazıb.

Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın “müvəqqəti işğal etdiyi” qeyd olunub. Qətnamədə “ilhaqın” qəbuledilməz olduğu vurğulanıb.

“Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır”, - deyə qətnamədə vurğulanıb.

Sənəddə işğal edilən Krımda Rusiya qanunların tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu qeyd olunub. Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.






Fikirlər