İspaniya separatçı KATALONİYANIN özünü bölmək istəyir
Qiyamçı bölgədə şəhər əhalisi İspaniyaya, kənd bölgələri müstəqilliyə meyllidir Kataloniyada müstəqillik əleyhdarları bu yaxınlarda maraqlı kampaniyaya imza atıblar. Belə ki,120 min kataloniyalı əyalətin iki hissəyə bölünməsi barədə Madridə müraciət edib. “Kommersant” qəzetinin yazıdğına görə, onlar bölgədə İspaniyanın tərkibində ola biləcək Tabarniya adlı yeni muxtar qurumun yaradılmasını xahiş ediblər. Müraciət müəlliflərinin fikrincə, Tabarniya iki katalon vilayətini, Barselona və Tarraqonanı birləşdirən tarixi bölgədir. Tabarniya sözü də iki vilayət adlarının birləşdirilməsindən meydana gəlib. Daha öncə bu ərazi VIII əsrdən XVIII əsrə qədər mövcud olan Barselona qraflığı kimi tanınıb.
Müraciəti imzalayanlar isə Tabarniyanın Kataloniyadan fərqli olduğunu iddia edirlər. Məsələn, bu ərazidə yaşayan insanların əksəriyyəti müstəqillik haqqında referendumda və son seçkilərdə müstəqilliyə qarşı çıxıb. Lakin İspaniyadakı seçki sistemi onların səslərinin təsirini azaldıb. Belə ki, Kataloniyanın 6-cı böyük şəhəri Leridedə hər 20 min nəfərə bir deputat yeri düşürsə, Barselonada bu 40 min nəfər nisbətindədir. Əyalət parlamentinə dekabrın 21-də keçirilən seçkilərdə Barselona və Tarraqon əhalisi İspaniya tərəfdarı “Ciudadanos” (“Vətəndaşlar”) partiyasını dəstəkləyib. Leride və Jironada isə separatçı “Junts per Catalunya” (“Hamı Kataloniya uğrunda”) partyası qalib gəlib.
Elə bu səbəbdəndir ki, Tabarniya ideyası Ciudadanos lideri Albert Rivyera tərəfindən də rəğbət görüb. “Əgər katalon millətçiləri öz müqəddəratını həll etmək hüququnu tələb edirsə, o zaman belə bir haqq hər kəsdə olmalıdır”, - Rivyera tvitter hesabında yazıb. İspaniya hüquqşünasları konstitusiyanın yeni bölgələrin yaradılmasına mane olmadığını bildirrlər. “İspaniya onsuz da əyalətlərdən ibarət bir ölkədir. Bunun üçün Kataloniya muxtariyatı haqqında statutun müddəalarında dəyişiklik aparmaq kifayətdir”, Barselona universitetinin Konstitusiya hüququ kafedrasının professoru Ksavyer Arbos Marini bildirib. 1979-cu ilin statutunda Kataloniyanın Barselona, Jirona, Lerida və Tarraqonadan ibarət olduğu qeyd edilib. Statutda ediləcək düzəlişlər ilk öncə yerli qanunvericilk orqan tərəfindən təsdiq etməli, daha sonra sənəd İspaniyanın mərkəzi hakimiyyətinə təqdim edilməlidir. Lakin 2006-cı ildə aparılan düzəlişlərdə Barselona Kataloniyanın paytaxtı olaraq qeyd olunduğuna görə bu məsələ bir qədər qəliz görünür.
Hüquqşünasların Tabarniyanın qurulması barədə müsbət rəylərinə rəğmən bir çoxları bu ideyanın daha çox separatçıların acığına atıldığını düşünür. Hətta bəziləri bunu İspaniya hakimiyyətinin Pucdemon və digərləri ilə məzələnmək istədiyini iddia edirlər. “Bu bir zarafat xarakterli təxribatdır. Bununla sepratçıları güzgünün qarşısına qoyub onların mübarizə metodlarını, məqsədlərinin və arqumentlərinin nə dərəcədə yalan olduğunu üzlərinə vurmaq istəyirlər”. Xatırldadaq ki, Kataloniyada keçirilən son parlament seçkilərində mərkəzçi Ciudadanos partiyasının qələbəsi ilə başa çatıb. Lakin sosioloqların proqnozlarının əksinə olaraq separatçılar sonrakı üç yeri tutaraq parlamentdə kürsülərin əksəriyyətini əldə ediblər. Beləliklə, bölgənin siyasi problemi qeyri-müəyyən müddətə qalmaqda davam edir.
Doğrudur, hələ nə İspaniyada, nə də Kataloniyanın özündə bu ideyaya ciddi baxan yoxdur. Bir çoxlarının fikrincə, Tabarniya ideyası müstəqillik tərəfdarlarını ələ salmaq və onların arzularının baş tutmayacağını göstərmək üçün ortaya atılıb.