Dağıstanda kütləvi həbs dalğası
Belə ki, onun qardaşı, respublikanın son dörd ildə çirkli pulların yuyulması üzrə “maqnat”a çşevrilmiş, kriminal aləmdə “Dahi Alvets” ayaması ilə tanınan Rəcəb Abdulatipov ötən gün həbs edilib. O, Rusiya Federasiyası Miqrasiya İdarəsinin bölgə üzrə idarə rəisi vəzifəsində çalışırdı.
Bununla yanaşı, ötən müddət ərzində qardaşıının patronajlığı sayəsində iri və orta çəkili vəzifə təyinatlarına rəhbərlik etmişdir.
Abdulatipov qardaşlarının avantürası
Azərbaycan dövlətçiliyinə 1991-ci ildən bu yana Dağıstanın rəhbəri qismində Məhəmmədli Məhəmmədov, Muxu Əliyev və Məhəmmədsalam Məhəmmədov hər zaman səmimi və isti münasibətlər sərgiləmişlər. Ramazan Abdulatipov isə bu ənənəni son dörd ildə kobud şəkildə pozmaq siyasətini aparmışdır. O, yenicə dəbə düşmüş top-menecer taktikası ilə qanuni şəkildə seçilmiş yerli icra hakimiyyəti başçılarını zor gücünə vəzifədən uzaqlaşdıraraq, özünə sadiq kadr siyasətinin düsturunu yaratmaqla “avarizm” ideologiyasını rəsmiləşdirməyə çalışırdı. Noqay, Kumuk və Azərbaycan Türklərinə qarşı onun apardığı dərin siyasətlər elə bunun təsdiqi deməkdir. Bütün bunlar azmış, dargin, çeçen-akkin və digər toplumları da yerli hakimiyyət və siyasi-ictimai proseslərdən kənarda qoymağa çalışırdı. Ramazan Abdulatipovun ən güclü dayaqlarından biri də, onun uzun illər qazandığı və peşəkarcasına yararlandığı taktika: “Dağıstanda kadr siyasəti, siyasi, sosial və ictimai proseslərlə bağlı tətbiq olunan islahatlar Kremlin xüsusi göstərişi ilə həyata keçirilir” kimi avantüralara bağlanmışdı.
Bu hədəfə söykəmli şəkildə ilk addım kimi Qafqazda Ağsaqqalıq İnstitutunu zərbə altına atdı. Belə ki, bütün Qafqazın ən nüfuzlu şəxsiyyəti kimi sevilən və başkənd İnciqalanın (Maxaçqala) icra hakimiyyəti başçısı, iki ayağından əlil olan Səid Əmirovu Moskvadan gətirilən helikopterlərlə və xüsusi təyinatlıların vasitəsilə həbs etdirdi. Bütün bunlar azmış kimi, dəmir qutuda onun əl-ayağı bağlı helikopterlə göyə qaldırılması səhnəsini Rusiyanın bütün televiziya kanalları ilə nümayiş etdirdi. Bu dəhşət saçan mənzərə indi dəbdə olan “rus şovinizmi”nin sevincinə səbəb oldu. Beləliklə Ramazan Abdulatipov Moskvadakı tok-şou verilişlərinin qəhrəmanına çevrildi.
Ramazan Abdulatipov İnciqalada prezident kürsüsünə oturan kimi dərhal kadr ishalatları adı altında yeni rüşvət mexanizmlərini işə saldı. Bu yöndə mənsub olduğu rayondan çıxmış kadrlardan ibarət “Tələtər klanı”nı formalaşdırdı. Həmin klanın xaç atası isə onun qardaşı Rəcəb Abdulatipov idi. Ötən üç il ərzində Abdulatipov qardaşları faktiki olaraq bölgədə misli görünməmiş talançılıq siyasətini aparmışlar. Bu dönəmdə düz üç dəfə nazirlər kabinetinin rəhbərıliyi dəyişdirilmişdir. Hər dəfə hökuməti istefaya göndərdikdən sonra, təyinatlarla bağlı yeni rüşvət siyasəti də gündəmə gətirilirdi. Belə bir siyasətlə barışmaq istəməyənlərə isə azından Səid Əmirovun aqibətinə eyham vururdular. Ramazan Abdulatipov bütün bunlardan ruhlanaraq Azərbaycan və Gürcüstana qarşı əzələ nümayiş etdirməyi də unutmurdu. Onun xüsusilə erməni işadamları və strateqləri, eyni zamanda “Azərros” (Rusiya Azərbaycanlıları İttifaqı), “Azərbaycanlı Milyaderlər İttifaqı” və RFLMMMM (Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyəti Mərkəzi) kimi təşkilatlarla birlikdə Azərbaycan dövlətinə qarşı apardığı çirkin oyunlar unudulmayıb.
Rəcəb Abdulatipovun həbsinin sirri
“Dahi Alavets” ayaması ilə cinayət aləmində biznes stukturlarını nəzarətə almış Rəcəb Abdulatipov Azərbaycandan Dağıstana və Rusiyaya aparılan konyak spirtinin ticarətini inhisara almaqla əslində araq, şampan, şərab və likör biznesini tam şəkildə öz nəzarəti altında saxlamağı hədəf seçmişdi. Onun bu addımını qəbul etməyənləri isə, prezident qardaşının vasitəsi ilə siyasi avantüralara cəlb etməkdən belə çəkinmirdi. Təbii olaraq, 70 yaşlı Ramazan Abdulatipov bığını və saçlarını qara rəngə boyamaqla özünü daha gənc və güclü şəxs iradəsi görkəmini yaratmaqla istədiyi məmuru ya həbs etdirir, ya da vəzifədən kənarlaşdırırdı.
“Dahi Alavets” bütün çirkli işlərini cinayət aləmində “Krot” ayaması ilə tanınan Rafik İdrisov adlı birisinin vasitəsilə həyata keçirirdi. Rafik İdrisov isə “Güney Dağıstan” strateji hədəflərində yer alan, Azərbaycan dövlətinə qarşı mübarizə aparan bölücü “Sadval”, “Şarvili”, “RFLMMMM” digər ləzgi təşkilatları ilə bu prosesdə fəalllardan biri idi. Çünki, spirt ticarəti onlar üçün ən böyük gəlir mənbəyi hesab olunurdu. Bu yöndə qarşılarına çıxan hər hansı işadamını terror edərək öldürməkdən belə çəkinmirdilər. “Krot” həm də Dərbənd şəhərində kriminal aləmin rəhbəri kimi at oynatmaqdan belə çəkinmirdi. Çünki, onun arxasında “Sadval”ın əsas rəhbəri, Dərbənd şəhərinin meri və ləzgi separatizminin “İmam Daxı” (Ləzgilərin Atası) İmam Yarəliyev və Abdulatipov qardaşları dayanmışdılar.
Rəcəb Abdulatipovun həbs olunmasının əsas motivi, ötən il Moskvada terror edilərək öldürülümş Hacı Maxaçevlə bağlı qaldırılan cinayət işi və digər kriminal hadisələrlə bağlıdır. Bununla yanaşı o, Dərbənd, Kizlər və digər şəhərlərdə şərab emalı zavodlarını qeyri qanuni yolla daim təhdid altında saxlamaq kimi suçlamalarda ittiham olunur. Bu yöndə baş vermiş çoxsaylı ölüm halları, tamamilə iflasa uğradılmış bir çox şirkətlərin haqqında aparılan istintaq işləri də artıq bütün həqiqətləri ortaya qoymaqdadır. Hal-hazırda İsrailə qaçıb gizlənən “Krot”un Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün hazırlıq işləri görülməkdədir. Çünki, Abdulatipov qardaşlarının sifarişi ilə baş vermiş bir çox qatı açılmamış cinayətlər öz təsdiqini tapmaqdadır.
Rəcəb Abdulatipovun xidməti sahəsində xeyli dərəcədə cinayət işləri ortaya çıxmışdır. Belə ki, o, süni şəkildə Dağıstandan xaricə gedib-gələnlərin miqrasiya məsələlərində xeyli saxtakarlıqlar etmişdir. Xüsusilə Orta Doğuda son iki ildə baş vermiş ən dəhşətli cinayət olaylarını törədən İSID-a Quzey Qafqazdan, özəllikdən Dağıstan üzərindən qoşulanların sənədləri Rəcəb Abdulatipovun idarəsində saxtalaşdırılmışdır.
Daha bir cinayət işi isə, Rəcəb Abdulatipovun kabinetinin qeyri-qanuni olaraq bütün nazirlərin və iri çəkili məmurların, bank sahiblərinin qəbul otağına çevrilməsi faktıdır. Çünki, prezident qardaşı Ramazan Abdulatipova çatacaq rüşvətlər məhz bu kabinetdə alınırdı. Rusiya prokurorluğuna onlardan hər hansı bir şikayət daxil olmasa da, bir çox şirkət sahibləri və işadamlarının isə etirazdolu şikayətlərinin sayı-hesabı yoxdur. Onlar rəsmi diləkçə (ərizə) ilə Federal İnzibati orqanlara çoxsaylı şikayətləri etməklə yanaşı, bu yöndə Abdulatipov qardaşlarına qarşı cinayət işinin açılmasında israrlı olmuşlar. Hacı Maxaçev uzun müddət Rusiya Dğvlət Dumasında millət vəkili və Federasiya Şurasında isə senator olaraq fəaliyyət göstərməklə yanaşı, həm də bölgənin ən zəngin şəxslərdən biri olmuşdur. Onun terror edilərək öldürülməsi məsələsi isə, Abdulatipov qardaşlarının bu işdə əlləri olduğu ehtimalını artıq istintaq tərəfindən dəqiqləşdirilmişdir. Onlar bu cinayət işinin açılması istiqamətində düz bir il idi ki, gecə-gündüz çalışmışlar.
Dərbənddə durum daha da ağırlaşıb
Ramazan Abdulatipovun yarıtmaz fəaliyyətinin nəticəsində Dağıstanın ikinci ən böyük şəhəri olan Dərbənddə durum ağırlaşıb. Belə ki, şəhərin meri İmam Yarəliyevin istefaya göndərilməsi üçün xalq ayağa qalxıb.
2015-ci ilin sentyabr ayında Dərbənd şəhərinin yaranmasının 2500 illiyi YUNESCO-nun dəstəyi ilə beynəlxalq səviyyə qeyd olunacaq. Rusiyanın Federal büdcəsindən şəhərin abadlaşdırılması üçün milyonlarla vəsait ayrılsa da, həmin pullar faktiki olaraq İmam Yarəliyuev və Ramazan Abdulatipov tərəfindən mənimsənilib. YUNECO da öz büdcəsindən on milyon dollara yaxın vəsait ayırsa da, Dağıstanın büdcəsinə daxil olan kimi dərhal qeybə çəkilib. Azərbaycanın prezidenti İlham Əliyev isə dövlət büdcəsindən xeyirxahlıq edərək 30 milyon manat ayrıb. Həmin vəsait də “dördlər qruplaşması” kimi ad çıxartmış vergilər naziri Fazil Məmmədov, onun yaxın dostu, müdafiə nazirliyinin baş qərargah rəisi və Yarəliyeivn sirdaşı Nəcməddin Sadıkov, İmam Yarəliyev və Ramazan Abdulatipovun arasında bölüşdürülüb. Halbuki 30 milyon manatın sayəsində Azərbaycan tərəfi Dağıstanda müasir standartlara uyğun Olimpiya Bazasını tikməli idi. Bununla yanaşı, şəhərdə Nizami Gəncəvi parkı, Quzey Qafqazda ən qədim məscid sayılan Cümə Məscidi, Qırxlar Məzarlığı və digər tarixi abidələr bərpa edilməli idi. Eyni zamanda Dərbənd şəhərinin ətrafında bir neçə zavod və fabrik inşa ediləcəkdi. “Dördlər qruplaşması” isə onların bu əməllərinə qarşı iradə göstərən vətənpərvər azərbaycanlı məmurları dərhal işdən çıxartdırmış və hətta onları həbslə hədələmişlər.
Dərbənddə Sovet İttifaqı Qəhrəmanı, II Dünya Savaşının əfsanəvi döyüşçüsü kimi tanınmış Şəmsulla Əliyevin abidəsinin, məşhur övliya Seyid Mir Qafarın məzarının dağıdılması, Nizami Gəncəvinin heykəlinin uçurulması kimi vandalizm siyasətini kimlərin apardığı artıq hər kəsə bəllidir. Yanvar ayının 22-də Azərbaycan Türkləri bütün bunlara etiraz əlaməti olaraq, genişmiqyaslı mitinq keçirtməyi qərara alıblar. Çünki, əhalinin uzun müddətdir şikayətlərini qəbul etmək və dinləmək istəməyən Ramazan Abdulatipov bu addımı ilə açıq şəkildə İmam Yarəliyevi müdafiə etmişdir. İ. Yarəliyev və onun dəstək verdiyi etnik bölücülük siyasətini müdafiə edən ləzgi təşkilatları isə, şəhərdə və onun çevrəsindəki qədim Türk abidələrini yox etmək kimi planları həyata keçirmişdir. Şəhərin başdan-başa zibilxanaya çevrilməsinə etiraz edən Federasiyanın iri çəkili məmurlarının tələblərinə belə İ. Yarəliyev əməl etməmişdir.
Abdulatipov qardaşlarına qarşı qaldırılan ittiham aktında Dərbənd və onun ətrafında baş vermiş cinayət işlərinin sayı isə yetərincədir. Belə bir siyasətin aparılmasında “Azərros” təşkilatının Ağsaqqallar Şurasının sədri və “Rusiya Azərbaycanlı Milyaderlər İttifaqı”nın prezidenti Abbas Abbasovun da suçu çox böyükdür.
Dağıstan üzərindən Azərbaycana qarşı aparılan siyasətdə Dərbənd faktoru da önəmli sayılır. Azərbaycan Türklərindən intiqam almaq, bu yöndə bölücü təşkilatlarla, eyni zamanda erməni strateji mərkəzlərinin təklifləri əsasında hərəkət etmək nəticədə belə acı faciə ilə sonlanır. İndi görünən odur ki, bu piramidanın dayaqlarından biri olan Abdulatipov qardaşlarının aqibəti olduqca müdhiş bir sonluqla bitmək üzrədir.
Ənvər BÖRÜSOY