Azərbaycan diasporu CÜMHURİYYƏTİN 100 illiyinə hazırlaşır
Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən geniş qeyd ediləcək. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, bu məqsədlə soydaşlarımızın yaşadığı ölkə və şəhərlərdə müxtəlif səpkili tədbirlərin keçirilməsi planlaşdırılır. Bu il Türkiyənin İstanbul şəhərində “Azərbaycan Cümhuriyyəti - 100-cü il Parkı”nın açılması, azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisinin təşkili, Azərbaycan və türk incəsənət xadimlərinin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Türkiyənin digər şəhərlərində də Azərbaycan Xalq Cümhuiriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olunacaq. Xalq Cümhuriyyətinin yubileyini həmçinin, Amerika Birləşmiş Ştatlarında, əsasən də Nyu-York, Vaşinqton, Hyuston şəhərlərində və Kanadanın Toronto, Monreal, Edmonton şəhərlərində yaşayan soydaşlarımız təntənəli bayram şənlikləri, elmi-praktik konfrans, dəyirmi masa, film nümayişi kimi tədbirlərlə qeyd edəcəklər. Kanadanın Toronto şəhərinin mərkəzi “East Harbour Square” Parkında “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il keçir” adlı tanıtım mərasiminin təşkil edilməsi də nəzərdə tutulub. Bundan başqa, Almaniyanın Maqdeburq şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş boks turniri, Niderland Krallığının Amsterdam və Rotterdam şəhərlərində “Bir əsr boyu” adlı musiqi proqramının və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi gözlənilir. Orta Asiya respublikalarında yaşayan soydaşlarımız da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlıq görür. Belə ki, Özbəkistanda AXC-yə həsr olunmuş fotosərginin təşkili, müxtəlif çap məhsullarının hazırlanması və yayılması, Qazaxıstanın Astana şəhərində isə böyük konsert proqramının və digər tədbirlərin təşkili planlaşdırılır. Bu tədbirlərlə yanaşı, bir sıra ölkələrin aparıcı media orqanlarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı materialların dərc edilməsi və yayımı nəzərdə tutulub. AzerTym.az