SEÇKİnin VAXTI niyə dəyişdirildi? - QARABAĞ faktoru və 2 MÜHÜM MƏQAM

Seçkinin vaxtı niyə dəyişdirildi? - Qarabağ faktoru və 2 MÜHÜM MƏQAM

Prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri haqqında sərəncamı ilə seçkinin keçiriləcəyi tarixin aprelin 11-nə dəyişdirilməsi siyasi gündəmin əsas mövzusuna çevrildi. Bu, konstitusiyaya uyğun olaraq atılmış addımdır.

Prezidentin köməkçisi Əli Həsənovbu ilin martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Bir neçə mühüm tədbirlər seçkilərin vaxtının önə çəkilməsini zəruri etdi”, - deyə bildirib. Şübhəsiz ki, seçki qərarının arxasındakı səbəblər bunlardır.

Lakin bütün hallarda seçki tarixində ilklərdən hesab oluna biləcək bu qərarın digər səbəblərə də söykəndiyi ehtimalı diqqətdən qaçmır. Xüsusilə iki ehtimal ön plandadır:

Birinci: Təcrübə tərkibində erməni lobbisinin də olduğu anti-Azərbaycan qüvvələrin budəfəki prezident seçkiləri zamanı da ölkəyə müdaxiləyə hazırlaşdığını deməyə əsas verir. Burada siyasi təzyiqlərdən tutmuş, təxribat xarakterli addımlara qədər müxtəlif planlar daxildir. Və böyük ehtimalla bu qüvvələr bütün addımlarını oktyabr ayına qədər işə salmağı planlaşdırırdı. Lakin dövlət başçısının bu gedişi faktiki olaraq anti-Azərbaycan qüvvələri mat vəziyyətinə saldı. Təbii ki, eyni qüvvələr aprelə qədər də hansısa addım atmağa cəhd edəcək, amma bu, istənilən effekti verməyəcək.

İkinci: Prezident seçkilərinin vaxtının aprelin 11-nə təyin edilməsində Qarabağ faktoru da qırmızı xətlə görünür. Söhbət Ermənistanın ata biləcəyi addımlardan gedir. Apreldə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyətləri başa çatır. Bundan sonra Ermənistan parlament üsul-idarəsinə keçid edəcək və ölkədə əsas şəxs baş nazir olacaq. Sarkisyan baş nazir olaraq hakimiyyətini davam etdirməyi planlaşdırır. Mümkündür ki, Ermənistan hakimiyyəti keçid məsələsini apreldə həll edəndən sonra erməni ictimaiyyətinin diqqətini ölkədaxili problemlərdən yayındırmaq və mövcud rejimin əvəzolunmazlığını sübut etmək üçün Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi oktyabrda Dağlıq Qarabağda təxribat addımları atacaqdı. Bu baxımdan, növbədənkənar prezident seçkilərinin aprelə təyin edilməsi qarşıdakı dövrdə mümkün təhlükələrin dəf edilməsinə hesablanıb. Və görünən budur ki, ölkədə təhlükəsizliyin qorunması, mövcud sabitliyin davam etdirilməsi burada əsas zərurətlərdir.

Daxildə gözlənilən iddialar: Siyasi müxalifətin növbədənkənar seçkiyə münasibəti aşağı-yuxarı bəllidir: “iqtidar müxalifətin seçki kampaniyasını zəiflətmək üçün bu addımı atdı”. Belə iddialar müxalifətin “sağ qalmaq” cəhdindən irəli gəlir. Lakin növbədənkənar seçkinin daxili faktorlarla heç bir bağlantısının olmadığı da məlumdur. Çünki Prezident İlham Əliyevin reytinqi ona alternativin olmadığını əyani şəkildə göstərir. Digər tərəfdən, seçkinin aprelin 11-nə təyin edilməsi seçki kampaniyası üçün nəzərdə tutulan müddətin azaldılması, yaxud ləğv edilməsi demək deyil. Yəni seçki oktyabrda da keçirilsə, prosedur qaydaları eyni olacaq, apreldə olsa da... Zəif müxalifətin zəif namizədləri seçki oktyabrda keçirilsə də eyni nəticələrlə üzləşəcək, apreldə olsa da...

Məsələ Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsi, suverenliyinin qorunması və mümkün təhlükələrin dəf edilməsidir.    (publika.az)

 

 

 






Fikirlər