AYAZ MÜTƏLLİBOVun dediklərinə REAKSİYAlar

Sabir Rüstəmxanlı: “Elçibəy hakimiyyətə gələndən sonra müxalifət xalq arasında nüfuzunu sürətlə itirməyə başladı

İsgəndər Həmidov: “İndiki müxalifət o zamankından qat-qat güclüdür

Tural Abbaslı: “O iradəsizliyi və siyasi cəsarətsizliyinə bəhanə axtarır

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”ın ötən sayına verdiyi müsahibədə ölkə müxalifəti barədə səsləndirdiyi fikirlər geniş müzakirələr doğurub. Eks-prezident 11 apreldəki prezident seçkilərini boykot edən siyasi partiyalar haqqında danışarkən rəhbəri olduğu zamanlarda olan müxalifətin indikindən güclü olduğunu söyləyib.

Sitat: O zaman müxalifətin cəmiyyətdə nüfuzu var idi. Ancaq indi bunu demək çətindir. Müxalifətin indiki çalışmalarında hər hansı bazaya istinad olunmur. Boykot nə deməkdir? Yəni sənin cəmiyyətdəki qüvvən lazımi qədər olsa, onda boykotdan danışa bilərsən”.
A.Mütəllibovun bu açıqlamasa daha çox özünə bəraət kimi qələmə verilir. Yəni sabiq prezidentin bununla istefaya getməsinə səbəb kimi müxalifətin güclü olduğunu önə çəkdiyi deyilir.

Картинки по запросу sabir rüstəmxanlı

Mütəllibovun zamanında müxalifətin əsas simalarından biri olan VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı onun fikirlərində həqiqətlərin olduğunu söylədi: “O dövr təkcə Ayaz Mütəllibovun vəzifədə olduğu dövr deyil. Müxalifətin zamanı 1988-ci ilin fevralından başlayır. O zaman başlayan mitinqlər ilin sonunda mən və Nemət Pənahlının rəhbərliyi ilə olan 18 günlük mitinqlə sonuclandı və bu mitinq meydan hərəkatının zirvəsi oldu. O zaman şübhəsiz ki, hakimiyyət meydanın yanında çox zəif idi. Meydanın dediklərini hakimiyyətin yerinə yetirməkdən başqa çarəsi yox idi. Hətta meydan istəyəndə hakimiyyətə qulaq asırdı, istəməyəndə isə yox. Tələblərini isə hakimiyyəti məcbur edərək yerinə yetirdirdi. Məhz bunun nəticəsində müxalifəti susdurmaq üçün ordu meydana yeridilmişdi. O zaman keçirilən bütün seçkiləri müxalifətin qazanmaq şansları çox güclü idi. Həm də o dövrdə müxalifət bir olduğu üçün çox güclü idi. O birliyə də xalqın inamı var idi. Məhz həmin birliyin təsiri ilə Əbdürrəhman Vəzirov hakimiyyətdən getdi. Ardınca da Ayaz Mütəllibov istefa verdi. Müxalifətin o dövrdə güclü olmasına şübhə yox idi. Rəhmətlik Əbülfəz Elçibəy hakimiyyətə gəldiyi vaxt müxalifət həddindən artıq güclü idi. Yalnız Elçibəy hakimiyyətə gələndən sonra müxalifət xalq arasında nüfuzunu sürətlə itirməyə başladı. O zaman müxalifətin dövlətçilik təcrübəsi yox idi. O şəraitdə dövləti idarə etmək olduqca çətin idi. Bu və ya digər səbəblər müxalifətin nüfuzunu sürətlə aşağı saldı. Bir faktı da deyim ki, həmin dövrdə mərhum prezident Heydər Əliyev də müxalifətin o gücünü görüb ona qoşulmuşdu. Sizin qəzetinizin son saylarında gedən müsahibələrimdə də bunu demişəm, təəssüflər olsun ki, bu günkü müxalifət çox zəifdir, paramparça olub, dağınıq fəaliyyət göstərir. Bir araya gələ bilmirlər. O vaxt vəziyyət bir az fərqli idi. Müəyyən narazılıqlar olsa da, bir yerə yığışa bilirdik, tədbirlərimizi keçirirdik. İndi bunlar çox çətindir. Ayaz Mütəllibovun bu fikirləri hansı mənada dediyini deyə bilmərəm. Amma onun fikirlərində müəyyən reallıqlar var”.

Картинки по запросу isgəndər həmidov

Sabiq daxili işlər naziri, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının qurucusu İsgəndər Həmidov tamam fərqli düşünür.O hesab edir ki, indiki müxalifət daha güclüdür: “Ayaz Mütəllibovun vaxtında müxalifətin, yəni bizlərin hədəfləri tamam ayrı idi. Hədəf Azərbaycanın müstəqilliyi idi. O vaxt xalq bizi dəstəkləyirdi. O zamankı müxalifət hədəflərinə görə xalq tərəfindən çox güclü görünürdü. Açıq şəkildə deyirəm ki, indiki müxalifət o zamankından qat-qat güclüdür. İndiki təzyiqlərin qarşısında bu müxalifət fəaliyyət göstərə bilirsə, görün bu müxalifət necə güclü bir müxalifətdir. Müxalifətin indiki hədəfləri tamam ayrıdır. Demokratik düşərgə insanların yaxşı yaşaması uğrunda mübarizə aparır, demokratik ənənələrin bərqərar olmasına çalışır. Hədəflər tamam ayrı olduğu üçün müəyyən çətinliklər var. Müxalifət yenə də öz gücündədir, öz güclüyündə qalır”.

Картинки по запросу tural abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Ayaz Mütəllibovun bu fikirlərində işlətdiyi "müxalifət" sözünə aydınlıq gətirməsinə ehtiyac olduğunu düşünürəm. Çünki o burada müxalifət dedikdə yəqin ki, zamanında onu hakimiyyətini qoyub qaçmağa məcbur edən qüvvələri nəzərdə tutur. Çünki bu gün Azərbaycan siyasi səhnəsində AĞ Partiya kimi müxalif partiyalar var ki, o zaman səhnədə deyildi. Düşünmürəm ki, bu günkü müxalifət eks-prezidentin nəzərdə tutduğu qədər də dayaqsızdır. Sadəcə olaraq xalqı təşkilatlandırmaq və özünə inamını qaytarmağı bacarmaq lazımdır. Düşünürəm ki, Ayaz Mütəlibovun belə fikirlər səsləndirməkdə məqsədi heç də bu günkü siyasi spektri analiz etmək deyil. O daha çox özünün zamanındakı iradəsizliyi və siyasi cəsarətsizliyinə bəhanə axtarır. Əgər həmin illərdə müxalifət güclü idisə, arxasını SSRİ-yə, onun qanlı ordusuna dayamış Mütəllibov da zəif deyildi. Sadəcə olaraq həmin dönəmdə Ayaz M. Azərbaycandan və onun xalqının maraqlarından çox öz hakimiyyətinin maraqlarını və əsasən də Moskvanın maraqlarını güdürdü. Xalqın gözü isə tərəzidir. Odur ki, xalq o zamankı müxalifəti dəstəkləyərək onu hakimiyyətdən qovdu. O da həm cəsarətsiz lider, həm də bacarıqsız siyasətçi kimi qaçmağa məcbur oldu. Sonradan Azərbaycanda hakimiyyətlər dəyişsə də, xalqın siyasətçilərə və partiyalara münasibətləri bu və ya digər formada dəyişsə də, ona olan münasibət dəyişmədi. Hətta bu gün də xalq Ayaz Mütəllibov adıyla SSRİ, Rusiya, Moskva sözlərini paralel anır. Ümumiyyətlə siyasətə qarışmayacağını bəyan edən bir insan kimi, zaman-zaman mətbuata çıxıb müxalifətin əleyhinə danışmaq da etik baxımdan doğru deyil”.   

(“Yeni Müsavat”)

 






Fikirlər