“Qəbul qaydalarındakı dəyişiklik ABİTURİYENTİN XEYRİNƏDİR” - Deputatlar YENİLİYİ DƏSTƏKLƏDİLƏR

Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, ”Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda müəyyən dəyişikliklər edib.

Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq.

İndiyədək qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

Qaydalara görə, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yayda keçiriləcək.
Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik barədə danışıblar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik abituriyentlərin imtahan vermək qabiliyyətini daha da artıra bilər.

“Bu təcrübə dünya ölkələrinin bir çoxunda var. Dəyişiklik imtahan stressini də gələcəkdə azaldacaq. İmtahan vermək abituriyentlərin məktəbdə aldıqları biliklərin təsdiqidir. Hər bir məktəbdə oxuyan şagird müvafiq qruplarla deyil, məktəbdə oxuduqları bilikləri təsdiq etməlidir. Yəni hazırlaşdığı qrupun fənnindən başqa, digərlərini də bilməlidir. Ona görə də hesab edirəm ki, yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Ali məktəblərə keçirilən qəbul imtahanların pullu olması məsələsini isə müzakirə etmək olar. İmtahanların qiymətləri ölkənin sosial vəziyyətinə uyğun olmalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxışəliyeva ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişikliklərin abituriyentlərə heç bir ziyanı olmadığını bildirib.

“Dəyişiklik abituriyentlərin ali təhsil müəssisələrinə daxil olmaq imkanlarını daha da artırır. Bu dəyişikliyin heç bir ziyanı yoxdur. Dəyişiklik universitetə daxil olmaq istəyənlərin xeyrinə atılmış addımdır. Çünki abituriyentlərə şərait yaradılır ki, başqa-başqa ixtisas qrupları üzrə şanslarını sınasınlar. İmtahanların qiymətinə gəldikdə isə onu deyə bilərəm ki, ola bilər ki bu müəyyən təbəqə üçün çoxdur, müəyyən təbəqə üçün də o qədər də çox deyil. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi publik hüququ şəxsdir. Ona görə imtahan ödənişləri ilə də Dövlət İmtahan Mərkəzi öz işini təmin etməlidir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, qəbul imtahanlarının hər tədris ilində iki dəfə olmasında heç bir problem yoxdur:

“Dövlət İmtahan Mərkəzi publik hüququ şəxsdir, pulunu ödə, get imtahan ver. Hesab edirəm ki, qəbul imtahanlarının hər tədris ilində iki dəfə olması abituriyentlərin hüququnun genişləndirilməsidir. Burada heç bir problem yoxdur. Dəyişiklik abituriyentlərə alternativ yollar açır. Bu müsbət bir tendensiyadır. İmtahanların ödənişli olmasına gəlincə isə belə olmayanda publik hüququ şəxs öz işini necə həll etməlidir? Müəyyən qrup insanların ödənişdən azad edilməsi elmi parametrlərə uyğun gəlmir. Bu metroda, avtobusda gediş deyil ki, əlilliyə və yaxud başqa səbəblərə görə kiməsə güzəşt edilsin. Burada birbaşa elmi bilik almaqdan, rəqabət mühitindən söhbət gedir. Kiməsə xüsusi imtiyaz verib, kimsəsə verməmək bu məsələdə yerinə düşmür”.






Fikirlər