“Azdrama”da qarşıdurma: 20 nəfər məşqdən imtina etdi
Bu barədə publika.az-a teatrdakı mənbə məlumat verib. Bildirilib ki, Novruz bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda keçiriləcək kütləvi tədbirdə iştirak edəcək aktyorların siyahısı hazırlanıb. Bu isə bəzi aktyorların qəzəbinə səbəb olub. Otuz beş nəfərlik siyahıdan ilk məşqdə yalnız 14 nəfər iştirak edib.
Digərləri isə müxtəlif bəhanələrlə məşqə gəlməkdən imtina ediblər. Mənbə bildirib ki, əvvəlki illərdə sözügedən tədbirdə “Azdrama”nın kiçik heyəti iştirak edirmiş: “Əvvəl elə tədbirlərdə fəxri ad alan aktyor və aktrisalar iştirak etmirdi. İndi isə siyahıya fəxri adı olan, yaşı 60-ı keçmiş aktyorları da daxil ediblər. Onlar isə bu vəziyyəti özlərinə sığışdırmırlar. Halbuki bütün teatrların qaymaq aktyorları və direktorları həmin tədbirdə, məşqlərdə iştirak edir. Amma “Azdrama”nın direktoru məşqlərə gəlməyi özünə rəva bilmir”.