TANINMIŞLAR SƏS verdilər: “ÖZ NAMİZADİMİ SEÇDİM”

Bu gün səhər saat 8.00-dan Azərbaycanda keçirilən prezident seçkilərində səsverməyə start verilib.

Maraqlıdır, tanınmış  şəxslər səsvermə hüquqlarından istifadə ediblərmi?

Modern.az saytı bu sualla bir neçə məşhur şəxslərlə əlaqə yaradıb.

Milli Məclisin Çingiz Qənizadə:
“Səhər saat 10-da ailə üzvlərimizlə birlikdə yaşadığımız Binəqədi rayon ərazisindəki seçki məntəqəsinə gedib səs vermişik. Seçki günündə aktivliyin hiss olunduğunu deyə bilərəm.  Elə evdən çıxarkən bir neçə seçki məntəqəsinin qarşısında keçdim, bu baxımdan hər bir azərbaycanlı vətəndaşın səsvermə hüququndan istifadə etdiyini müşahidə etdim. Seçki məntəqələrinin qarşısında böyük qələbəliklər var.

Eyni zamanda, təmsil olunduğum İmişli-Beyləqan rayonlarına da zəng edərək,  ümumi vəziyyəti öyrəndim. Orada da çox böyük aktivlik hiss olunur”.
Karate üzrə dünya çempionu,  Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev:

“Ailəmlə birgə səsvermədə iştirak etdim. Düşünürəm ki, bu gün hər bir kəs seçimini rahat edir. Və bizim seçimimiz də bəllidir.  İdmançıların hamısı, o cümlədən mən də hazırkı prezident  İlham Əliyevə səs veririk. Biz bilirik ki, ondan başqa prezidentimiz yoxdur. Bizim məntəqədə çox sabit, sakit və şəffaf seçki gedir. Hətta növbədə də durduq. Vətəndaşlarımız öz prezidentlərini seçmək  baxımından çox fəaldırlar.  Biz xalq olaraq  bayramlarda belə yığılmırıq, amma seçkilərdə bir yerdə oluruq. Bu gün bizim ən böyük bayramımızdır. Hesab edirəm ki, Vətənini sevən hər bir insan səsvermə hüququndan istifadə edəcək”.

"APA Holding"in rəhbəri  Vüsalə Mahirqızı:

“Artıq səsvermə hüququmdan istifadə etmişəm.  Bilirsiniz, bu gün media üçün daha çox gücləndirilmiş iş rejimidir. O cümlədən biz də hər zamankından daha fəal işləyirik.  APA agentliyi, xüsusi olaraq APA TV səhərdən etibarən Mərkəzi Seçki Komissiyasından canlı  yayımla məşğuldur və gün ərzində bütün hesabatları canlı yayımdan veririk. Bu baxımdan bizim orada səyyar kameralarımız quraşdırılıb. Bununla yanaşı, biz beynəlxalq müşahidəçilərlə də işləyirik. Vətəndaş kimi isə istədiyim namizədə səsimi verdim. Məntəqədə də kifayət qədər fəallıq var idi”.

Xalq artisti, xanəndə Arif  Babayev:

“Səhər açılan kimi seçki məntəqəsinə gedib səsvermə prosesində iştirak etdim. Yəni yaxşıya, ölkəmizin  inkişafı, quruculuq işi, xalqın rifahı üçün çalışan adama xeyir-duamı verdim. Mənim səs verdiyim məntəqədə səliqə-səhman var idi. Camaat öz səslərini qayda-qanunla verə bilir.  Həmçinin azad mühitdi, hər kəs kimə istəyir səs verir”.

Xalq şairi  Fikrət Qoca:

“Həyat yoldaşımla birlikdə gedib səsimizi verdik. Seçki prosesi normal, səliqəli  gedir, kifayət qədər yaxşı müşahidəçilər var.  Mən də səsvermə  gedişatını müşahidə etdim və hər şey dəqiq idi. Hətta məntəqədə biz də növbədə dayandıq. Lakin həyat yoldaşımın yadına düşdü ki, şəxsiyyət vəsiqəsini götürməyib. Buna görə də yenidən evə qayıdıb kimliyini götürdü. Və məntəqədə növbədə dayandıq, səsimizi verdik”.

Xalq artisti, bəstəkar  Faiq Şücəddinov:

“Mən səhər saatlarında ailəmlə birlikdə  Nərimanov rayonunda səsvermə hüququmdan istifadə etdim. Müşahidələrimə əsasən deyə bilərəm ki, səsvermə prosesi həmişəki kimi normal gedir. Hər yerdə müşahidəçilər var, onlar prosesə nəzarət edirlər. Yəni qanuna zidd olan bir şey yoxdur. Hər şey yüksək səviyyədədir”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu:
“Səsvermə hüququmdan istifadə etdim. Məntəqədə (36 saylı Xətai s.d, 10 saylı məntəqə) ombudsmanımız Elmira Süleymanovanı gördüm. Maşallahı var. 2003-2005-ci illərdə, cəza evində olanda tez-tez ziyarətimə gələrdi. İndi də mən onu ziyarət etmiş oldum”.






Fikirlər