QARABAĞ üçün KRİTİK TARİX və SSENARİ– “ANKARA və MOSKVA BƏZİ DETALLARI artıq razılaşdırıb...”

Rusiyalı tanınmış analitikdən sensasiyalı açıqlamalar; “Bakının önünü hələlik yalnız Moskva kəsir”, “Ermənistan uzağı 2 ilə Rusiyadan uzaqlaşacaq və... qarşılığını alacaq”

“Mən belə bir yanaşma ilə razıyam ki, Azərbaycana hərbi təzyiq göstərmək və onu Qarabağ problemini güc yolu həll etməyə maneə yaratmaq yalnız Rusiyanın imkanı daxilindədir, nəinki hansısa başqa ölkənin - ABŞ, Türkiyə, İngiltərə və ya Fransanın”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsovrusdilli minval.az saytına müsahibəsində deyib.

Analitikin sözlərinə görə, hazırda məhz Rusiya Bakıya Dağlıq Qarabağ və digər işğal altındakı ərazilər üzərində öz suverenliyini hərbi yolla bərpa eləməyə imkan vermir: “Bu, obyektiv faktdır və onu Rusiyada dəqiq anlayırlar. Məsələ ondadır ki, hazırda Rusiya əhalisinin 4 faizini azərbaycanlılar və ermənilər təşkil edir - hər biri təxminən 3 milyon nəfər. Bu, ciddi faizdir. Bizim hakimiyyət narahatdır ki, Qarabağda genişmiqyaslı əməliyyatlar başlasa, birincisi, Rusiyadan ora, cəbhənin hər iki tərəfinə çoxsaylı könüllülər gedəcək ki, bu da öz-özlüyündə döyüşənlərin sayını, qan tökülməsinin miqyasını artıracaq. İkincisi isə, maliyyə vasitələri Rusiyadan çıxarılacaq və etnik qarşıdurmalar baş verəcək. Bu mənada Rusiya ilk növbədə özünün daxili sabitliyinə görə narahatdır”.

Rusiyada ile ilgili görsel sonucu

Politoloq ardınca Qarabağ kontekstində maraqlı bir detala diqqət çəkib: “Ancaq burada bir nüans var:  1992-ci ildə ABŞ Konqresi milli qanun - ”Azadlığı Müdafiə Aktı" qəbul edib. Ona edilmiş 907 saylı bədnam düzəlişə görə, Dağlıq Qarabağ guya Azərbaycan ərazisi deyil, beynəlxalq hüququn müstəqil subyektidir. Düzəlişin mahiyyəti təxminən belədir ki, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa münasibətdə “zorakı hərəkətləri və iqtisadi blokadanı davam etdirdikcə” ABŞ rəsmi Bakıya nə texnoloji, nə də hərbi-texniki xarakterli kömək göstərməyəcək. Yəni ABŞ-ın anlamında Ermənistan müstəqil ölkə, Dağlıq Qarabağ Azərbaycan sərhədləri xaricində müstəqil ərazidir, Azərbaycan isə təcavüzkardır. İndi biz yaxşı bilirik ki, Suriyadakı müharibə fonunda ABŞ-la Rusiyanın münasibətləri sərt və kəskin konfrontasiya xarakteri daşıyır. Tamamilə mümkündür və bunu istisna eləmirəm ki, Rusiyaya qəfildən Amerikaya ciddi siyasi zərbə vurmaq lazım gələ bilər. Yəni Azərbaycana imkan verər ki, işğal altındakı ərazilərini hərbi yolla geri qaytarsın. Bununla da ABŞ-ı öz qanunvericiliyini təzədən yazmağa vadar edər. Bu, ABŞ administrasiyasına çox ciddi siyasi zərbə olacaq".

Oleq Kuznetsov ile ilgili görsel sonucu

Rusiyalı ekspert Qarabağ üçün belə bir kritik ssenarini, yəni Kremlin Bakıya hərbi güc işlətmək üçün “dobro” verə biləcəyinin xeyrinə olan daha iki amili qeyd edir: “Mən bu variantı həm də Ermənistanın gec-tez - yaxın bir ilə və ya il yarıma, uzağı iki ilə mütləq Rusiyanı satacağı fonunda mümkün sayıram. Ciddi hərbi-siyasi analiz üçün bir ciddi aspekt də var. Rusiya prezidenti Putinin Türkiyəyə son səfəri çərçivəsində prezident Ərdoğanla keçirdiyi mətbuat konfransında bəyan edildi ki, Moskva Ankaraya müdafiə sistemlərinin, ilk növbədə də HHM sistemlərinin tədarükünü sürətləndirəcək. Türkiyə 2020-ci il üçün özünün bütün HHM sistemlərini Rusiya istehsallı silahlarla təzədən təchiz edəcək. Növbəti gediş sahil müdafiəsi ilə bağlı anti-gəmi sistemləri olacaq. Yəni 2020-ci il üçün Rusiyanın Türkiyəyə tədarük edəcəyi havadan müdafiə və anti-gəmi sistemləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inteqrasiya edə biləcək. Özü də bu sistemlər Türkiyəyə yalnızca verilməyəcək, həm də döyüş növbətçiliyinə qoyulacaq. Müvafiq şəkildə türkiyəli hərbi qulluqçular bu sistemlərin istismarını mənimsəmək üçün artıq Rusiyada təhsil alırlar, çünki hərb zabit heyətinin hazırlığına 5 il lazımdır. Ancaq biz onları sürətləndirilmiş proqram üzrə 2 ilə də öyrədə bilərik”.

Karabakh osce ile ilgili görsel sonucu

Bu xüsusda politoloq hesab edir ki, 2020-ci il üçün Türkiyə və Rusiya inteqrasiya olunmuş müdafiə sistemi yarada biləcək ki, bu da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə təsirsiz ötüşməyəcək. “Təbii ki, belə bir şəraitdə Ermənistan bunun əleyhinə olacaq. Aydındır ki, Rusiya Türkiyə ilə aktiv əməkdaşlığa getməklə başa düşür ki, Ermənistan ondan ötrü itirilib. Bəli, şübhəsiz ki, HHM-in bütün kodları, bütün ”bizim-yad" tanınma sistemləri itiriləcək. Və biz bütün kollektiv müdafiə sistemini, KTMT-nin kollektiv təhlükəsizlik sistemini təzədən qurmalı və dəyişməliyik", - deyə o qeyd edib.

Rusiyalı ekspert düşünür ki, madam Moskva Ankara ilə şüurlu şəkildə yaxınlaşmağa gedir, bu addıma da hazırdır.“Madam ki, bu belədir, o zaman bilmək lazımdır ki, Ankara Bakının əsas müttəfiq kimi Dağlıq Qarabağ məsələsini Moskva qarşısında kəskin şəkildə qoyacaq. Fikrimcə, Rusiya və Türkiyə bu məsələdə artıq bəzi anlaşmalar əldə edib. Bunu da unutmaq olmaz ki, 2019-cu ildə Türkiyədə prezident seçkiləri keçiriləcək - hansı ki, Ərdoğanın səlahiyyətlərini ciddi şəkildə genişləndirəcək. O zaman Rusiya-Türkiyə-Azərbaycan timsalında Qara dəniz - Qafqaz təhlükəsizlik üçbucağının yaranması əsla təəccüblü olmayacaq. Və bu üçbucaq regiondan istənilən xarici təsiri vurub çıxaracaq. Yeri gəlmişkən, belə bir üçbucağın yaradılmasının vacibliyi haqda mən 2012-ci ildə İstanbul və Ankara konfranslarında çıxış eləmişəm. Göründüyü kimi, haqlı çıxdım - son 5-6 ildə Rusiya rəhbərliyinin siyasi şüurunda Cənubi Qafqaz və bütün ön Asiya ilə bağlı ciddi təzədən formatlaşma baş verib”, - deyə politoloq əlavə edib.

*****

Rusiyalı ekspertin söylədiklərindən belə bir ümumi qənaət hasil olur ki, Türkiyə-Rusiya yaxınlaşması həqiqətən də Qarabağ məsələsinin həllini yaxınlaşdıra bilər və bu, həm dinc yolla, həm də Bakıya hərbi güc tətbiqi üçün “yaşıl işıq” yandırılmaqla reallaşa bilər. Kritik müddət isə, politoloqa görə, uzağı 2020-ci ildir...






Fikirlər