SABAH İLHAM ƏLİYEV ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLƏCƏK

Image result for Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu gün aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı iclas keçirib.

İclasda 11 aprel tarixli seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Konstitusiya Məhkəməsində qəbul edilən qərara əsasən, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi təsdiqlənib.
Qarşıdakı 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasiminin vaxtı da dəqiqləşib.

Bu barədə açıqlamasında Milli Məclisin deputatı Araz Əlizadəməlumat verib.

Deputat bildirib ki, prezident inauqurasiyasının sabah – aprelin 18-də Milli Məclisdə keçiriləcək.

“Prezidentin andiçmə mərasimi sabah Milli Məclisdə keçiriləcək. Mərasimin saat 9:15-də başlayacaq. Mən də deputat olduğum üçün həmin tədbirdə iştirak edəcəm”.

 Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayıb.

Seçkidə sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,03%; 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; 
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.

AzerTaym.az






Fikirlər