YENİ NAZİR İNAM KƏRİMOV: Müasir Azərbaycanın İNNOVASİYALAR USTASI!

Image result for inam kərimov

Ölkə başçısı cənab İlham Əliyev andiçmə mərasimində hakimiyyətinin növbəti mərhələsində Azərbaycanda ciddi iqtisadi islahatlara gedəcəyini açıqladı. Bu çıxışından sonra gözlər istər-istəməz yeni prezidentlik mərhələsində qurulacaq hökumətə dikildi. Çünki ölkə başçısının ilk islahatı məhz kadr məsələsində ola bilərdi.

21 aprel 2018-ci il tarixində qurulan növbəti hökumətin yeni heyəti açıqlanarkən, yəqin ki, hər kəsin diqqətini bir ad çəkdi. Söhbət Kənd Təsərrüfatı naziri təyin olunan İnam İmdad oğlu Kərimovdan gedir.

Bu zamana qədər Azərbaycan ictimaiyyəti bu adamı ölkədə aparılan əsas idarəetmə islahatlarından birinin icraçısı kimi tanıyırdı. 2012-ci ildən bəri təyin olunduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri kimi fəaliyyət göstərən İnam Kərimovun 6 il müddətində öz üzərinə düşən vəzifəni necə ləyaqətlə yerinə yetirməsi heç kimə sirr deyil. Ölkə rəhbərliyinin xeyir-duası ilə qurulan “ASAN Xidmət” bu qısa müddətdə elə böyük uğurlar qazanıb ki, ölkəmizin brendi kimi dünyada ad çıxarmış və bir çox xarici dövlətlərin mənimsəməsinə səbəb olub. “ASAN Xidmət” sayəsində Azərbaycan vətəndaşları bürokratiyanın get-gəllərindən, süründürməçiliyindən azad olub, daha qısa və mükəmməl yolla lazımi sənədləri hazırlamaq imkanı əldə edib. Hər bir post-sovet məkanını SSRİ-dən qalma süründürməçilikdən və rüşvətxorluqdan xilas etməyin yolu kimi düşünülən bu proyektin uğurla davam etdirilməsində, təbii ki, həmin quruma rəhbərlik edən İnam Kərimovun da xidmətləri az olmayıb. Görünür, məhz bu uğurlu fəaliyyətinin nəticəsidir ki, ölkə başçısı İnam Kərimovu indiki hakimiyyətin ən kritik vəzifəsinə layiq görüb.

Bəli, İnam Kərimov kimi bacarıqlı kadrın Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməsi təsadüfi deyil. Bildiyimiz kimi, post-neft dövrünə qədəm qoyduğunu, bundan sonra qeyri-neft sektorunu inkişaf etdirəcəyini rəsmən bəyanlayan Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məsələlərdən biri də aqrar sahənin inkişafıdır. Əkinə yararlı torpaqları, maldarlıq, heyvandarlıq potensialı xeyli yüksək olan ölkəmizdə bu sahənin inkişafı ən prioritet məsələlərdən biri kimi ortaya çıxır. Sözsüz ki, bu qədər önəm daşıyan sahə hakimiyyətin ən bacarıqlı kadrına həvalə edilə bilərdi. İnam Kərimov isə öz bilik və bacarıqlarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri kimi göstərmiş, Azərbaycanın idarəetmə brendi kimi tanınan “ASAN Xidməti” ortaya qoymuşdur. İnam Kərimovun “ASAN Xidmət”də göstərdiyi uğur onun bu gənc yaşda əldə etdiyi bilik və təcrübələrindən irəli gəlir.

6 iyun 1977-ci ildə anadan olan, deməli, 41 yaşını hələ doldurmamış İnam Kərimovun ilk uğurlu addımları 17 yaşından başlayır. O, 1994-cü ildə ABŞ-ın İndiana ştatındakı məşhur Richmond High School təhsilini davam etdirib, bir ildən sonra ölkəyə qayıdaraq, Bakı Dövlət Universitenin Beynəlxalq Hüquq fakültəsinə qəbul olub. 3 il bu ali məktəbdə təhsil aldıqdan sonra Fransanın Strasburq Universitetinə göndərilən İnam Kərimov hüquq üzrə bakalavrlığını bu ali məktəbdə tamamlayıb, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

Dünyanın məşhur ali məktəblərində təhsil görərək özünü savadlı kadr kimi yetişdirən bu gənc 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə isə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub. 2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib. 25 yaşında qazandığı bu uğurlar və əldə etdiyi dövlətçilik təcrübələri İnam Kərimovu Azərbaycan siyasi iradəsinin gözündə ucaldıb və ona ölkənin ən məsuliyyətli layihələrindən biri həvalə olunub. Cənab İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə o, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Bu vəzifə İnam Kərimovun özünü istedadlı gənc kadr kimi sübut etməsində ən böyük mərhələ kimi yadda qalıb.

“ASAN Xidmət”də qazandığı uğurlar ölkəmizdə həyata keçirilən bütün islahatlarda İnam Kərimov adının ön plana çıxmasına yol açıb. Təsadüfi deyil ki, qeyri-neft sektorunun inkişafı siyasətində mühüm sahələrdən biri kimi tanınan turizmin inkişafında da İnam Kərimovun bilik və təcrübələrindən faydalanılıb və indi faydalanılmaqdadır. O, Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Turizm Şurasının üzvüdür. Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2199 nömrəli Sərəncamı ilə yaradılan Komissiyada yer alan İnam Kərimov həm də elə həmin ildə ölkə başçısı tərəfindən təsis olunan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının nümayəndələrindən biridir. Bütün bu faktlar haqqında söhbət açdığımız gənc kadrın qeyri-neft sektorunun, demək olar ki, bütün sahələrinin inkişafında müraciət edilən şəxs olduğunu bir daha təsdiqləyir.

İnam Kərimov ingilis, fransız, fars və rus dillərini də dərindən bilir və öz fəaliyyətində bu dillərdə dərc olunan ədəbiyyatlardan faydalanır. Onun qazandığı uğurlarda bu zəhmətkeşliyinin və intellektinin rolu danılmazdır.

Kənd təsərrüfatı sahəsində investisiya yatıran iş adamı olaraq mən bu işə nəzarətin İnam Kərimov kimi bacarıqlı kadra həvalə edildiyinə sevinirəm. İnanıram ki, İnam Kərimovun təcrübəsi və bilikləri sayəsində ölkəmizin aqrar sektoru inkişaf edəcək, bundan təkcə biz iş adamları deyil, bütövlüklə cəmiyyətimiz faydalanacaq. Yeni nazirin bu zamana qədər keçdiyi uğurlu həyat yolu mənim inamımın əsas istinad nöqtəsidir. Bu cür təcrübəli kadrın Kənd Təsərrüfatı naziri təyin olunmasını həm də Cənab Prezidentimizin aqrar sahəyə göstərdiyi diqqətin ən bariz nümunəsi kimi qiymətləndirmək olar.

Mən iş adamı olaraq İnam Kərimliyə yeni işində uğurlar arzulayır, Cənab Prezidentimizə isə bizə göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm.

Mürvət Həsənli
İş adamı

 






Fikirlər