Zakir Qaralov Ərdoğanla görüşdü

Zakir Qaralov Ərdoğanla görüşdüAzərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad olunub.

Modern.az xəbər verir ki, sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir Qaralovu qəbul edib.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çəkilib. Səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan Erbillə görüş olub.

Görüşdə Türkiyə Baş prokurorluğunun strukturu və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.Tərəflər iki qardaş ölkələrin prokurorluq orqanları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.

Tərəflər sənədin imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək, anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq orqanları arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildiriblər.

Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görüşüb.

Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri Ramiz Rzayevin məktubunu çatdırıb.

İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini bildirib.

Mərhum prezident Heydər Əliyevin Türkiyə ilə münasibətlərə daima böyük önəm verdiyini xatırladan Zakir Qaralov qeyd edib ki, iki qardaş ölkə arasındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında surətlə inkişaf edir.






Fikirlər