Qaçqın məktəbləri ilə bağlı CİDDİ PROBLEMLƏR VAR – Saxta attestatlar, uşaqların qeyri-qanuni yolla köçürülməsi...
Orta məktəblərdəki problemlərdən danışanda qaçqın və məcburi köçkünlər üçün orta təhsil müəssisələri öndə gəlir. Bu məktəblərin əksəriyyətinin maddi-texniki vəziyyəti isə o qədər də qənaətbəxş deyil.Bir çox qaçqın və məcburi köçkün məktəbinin xüsusi binası yoxdur. Şagirdlər ya hansısa məktəbin, ya da digər müəssisələrin nəznində yerləşən binalarda dərsə getməli olurlar. Digər ciddi problem, bu məktəblərdə təhsilin keyfiyyətinin və davamiyyətin aşağı olmasıdır. Bu səbəbdən yerli əhalinin bir qismi övladının repetitor yanına rahat gediş-gəlişini təmin etmək üçün məhz qaçqın və məcburi köçkün məktəblərinə üz tuturlar. Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, əhali işğal olunan rayonlardan köçürüldükdən sonra məcburi köçkün məktəbləri fəaliyyətə başlayıb: “Vaxtilə məcburi köçkünlər harada kütləvi şəkildə məskunlaşmışdılarsa, həmin məktəblər də orada yaradıldı. 1997-ci ildən məcburi köçkünlər üçün yeni qəsəbələr salınanda yeni məktəb binalarının da tikintisinə başladılar. Hazırda köhnə yaşayış yerlərində məskunlaşanlar üçün yararsız vəziyyətdə olan məktəblər fəaliyyət göstərir. Xocalı rayonunun məktəblərindən dördü yeni tikilərək istifadəyə verilib. Oğuzda yerləşən məktəb binası isə yararsız vəziyyətdədir”. Elman Məmmədovun sözlərinə görə, bəzən yerli əhalinin arasından da məcburi köçkün məktəblərində təhsil alanlar olur: “Məcburi köçkünlər üçün tikilən bina yerli əhalinin yaşayış yerinə daha yaxındırsa, o zaman onlar bu məktəblərdən istifadə edə bilərlər. Bəzən keyfiyyətli təlimə görə valideynlər uşaqları sırf bu məktəblərə yazdırırlar. Bizim 700 bal toplayan, 600-dən yuxarı nəticə göstərən şagirdlərimiz çoxdur. Bəzən müəyyən kateqoriyalara məxsus insanlar məcburi köçkünlərə yuxarıdan aşağı baxırlar. Onlar unudurlar ki, ermənilər bizim ərazimizi işğal edib, hüquqlarımızı məhv etsələr də, ağlımızı, savadımızı, bacarığımızı əlimizdən almayıblar”. Təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, qaçqın və məcburi köçkün məktəblərində problemlər artıq kök salıb: “Bu məktəblərdə, yalnız davamiyyət problemlərindən söhbət getmir. Buraya uşaqların qeyri-qanuni yolla köçürülməsi, adlarının jurnal səhifələrində yazılması, göydəndüşmə qiymətlərlə attestat verilməsi kimi ciddi problemlər var. Çox təəssüf ki bunlar gündən-günə artır. Məsələ Təhsil Nazirliyinin diqqət mərkəzində olmalıdır. Necə ki saxta diplom alan müəllimlər aşkar olunur və işdən uzaqlaşdırılır, eləcə də saxta attestat alanlar cəzalandırılsa, həmin problemlərin qarşısını müəyyən qədər almaq olar. Qaçqın məktəbləri maddi-texniki təminat baxımından da müasir tələblərə cavab vermir, məktəb binalarının işıq, qaz, su təchizatı zəifdir. Düşünürəm ki, Nazirlər Kabinetinin bu barədə xüsusi proqramı olmalıdır”. Məlahət Mürşüdlü qeyd edib ki, sözügedən məktəblərdə çalışan müəllimlərin əməkhaqqlarıyla bağlı yaranan problem tam öz həllini tapmayıb: “Həmin məktəblərdə işləyən müəllimlərin əməkhaqqları dayandırılmışdı. 7000-ə yaxın müəllim əməkhaqqlarını almaq üçün Nazirlər Kabinetinin qapısını döydü. İş məhkəməyə verildikdən sonra məsələyə baxılacağına dair qərar çıxarıldı. Bu məktəblərin taleyinə ciddi yanaşmaq lazımdır. Burada çalışan müəllimlərin maddi vəziyyəti, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər, məktəblərin lazimi avadanlıqlarla təchizatı diqqətdə saxlanılmalıdır. Eyni zamandan müəllimlərin maaşlarının artırılması, təqaüdçülərin lazımi qaydada yola salınması üçün vahid sistem olmalıdır. Məsələni təkcə Təhsil Nazirliyinin üzərinə yıxmaq olmaz”.