PUTİN Rusiyanı Yaxın Şərqdə necə AKTİV OYUNÇUYA ÇEVİRDİ- TƏHLİL
İraqın paytaxtı Bağdad şəhərində Rusiya, İran, İraq və Suriya hərbçilərinin iştirakı ilə müzakirələr keçirilib. Toplantıda ölkələri baş qərargah rəislərinin müavinləri təmsil edib. İran mediasının məlumatına görə, toplantıda regional hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.İndi Rusiya tam olmasa da Yaxın Şərqdə “keçmiş günlərin” ab-havasını yaşayır
Əslində bu yeni toplantı deyil. 2015-ci ildən bu yana 4 dövlətin koordinasiyalı antiterror toplantıları keçirilir. 2014-cü ildə İŞİD İraqda və Suriyada geniş əraziləri işğal edib qlobal təhlükəyə çevriləndən sonra Vaşinqton 64 ölkəni birləşdirən antiterror koalisiyası yaratdı. Bundan bir il sonra 2015-ci ilin 30 sentyabrından isə Moskva Suriyada aktiv hərbi əməliyyatlar başlayıb. Amma Rusiya bu bölgədə daha çox əvvəllərdən vardı.
Qeyd edək ki, Suriyada Rusiya (SSRİ) hərbi qüvvələri 1971-ci ildə yerləşdirilib. Suriya və SSRİ arasında anlaşma əsasında Suriyanın Tartus liman şəhərində SSRİ hərbi-dəniz bazası qurulub. Hazırda bu baza Rusiyanın Aralıq dənizində və ümumiyyətlə, postsovet məkanından kənarda yeganə hərbi bazası hesab olunur.
SSRİ-nin dağılması ilə Rusiyanın sərhədlərdən kənarda əməliyyat potensialı xeyli zəifləsə də, Putin zamanında rusların qlobal güc olmaq iddiası yenidən üzə çıxanda Moskvanın ilk “xatlırladığı” Suriya idi. O zaman Tartusdakı keçmiş sovet hərbi bazası Rusiyanın hərbi təchizat limanı kimi fəaliyyət göstərirdi. Qəribə də olsa ruslar Tartusdakı keçmiş sovet limanını yenilənmək fikrinə məhz “ərəb baharı”ndan az əvvəl 2010-cu ildə düşüblər. 2011-ci ildə isə Suriyada artıq silahlar işə düşmüşdü...
Rusiya 2012-ci ildən etibarən Suriyada Bəşər Əsədə dəstək məqsədilə Suriyaya hərbi qüvvə göndərib. 2015-ci ilin 30 sentyabrından isə Moskva Suriyada aktiv hərbi əməliyyatlara başlayıb. Müxtəlif vaxtlarda Suriyada hətta 20 min rus hərbçisinin olduğu bildirilsə də, rəsmi kanallar Suriyada 2-5 min arasında rus hərbçisinin davamlı olaraq xidmət etdiyini qeyd edir. Bunların içərisində hərbi-dəniz, aviasiya, raket qüvvələri və son bir ildə hərbi polis qüvvələri də var. Ən əsası hava hücumundan müdafiə batareyaları – S-400-lər var.
Ancaq istənilən halda Rusiyanın çox deyil 5 il əvvələ qədər Yaxın Şərqdə aktiv oyunçu olduğunu kimsə iddia etməzdi. Baxmayaraq ki, “soyuq müharibə” illərində İraqda, Misirdə, Yəməndə (Cənubi Yəmən – K.R.) və Suriyada SSRİ-nin ciddi fəaliyyətləri, təsir gücü vardı. Amma keçid dövründən sonra sanki unudulmuşdu Rusiya, xüsusən də ABŞ-ın İraqa müdaxiləsindən sonra Yaxın Şərqdə heç “komplo teorilərində” belə rusların adını çəkən yox idi. Ta ki Suriyada münaqişə qızışana və İŞİD Mosul da daxil İraqın üçdə birini işğal edənə qədər. Əgər Suriyada Rusiya əvvəldən Əsədi dəstəkləyirdisə, İraqda “rus varlığına” ABŞ-ın Bağdada reaksiyasından sonra ehtiyac yarandı. 2014-cü ildə İŞİD Mosulu işğal edib şimalda Ərbilə, cənuba doğru Bağdada sürətlə yaxınlaşanda ordusu dağlılmış, böyük miqdarda silah və sursatı əlindən çıxmış Nuri Maliki hökuməti bütün müttəfiq və “dost” ölkələrə, təbii ki, başda ABŞ olmaqla üz tutdu. Ancaq Vaşinqton Malikidən küsmüşdü, ona görə də vəziyyətin ciddiliyini nəzərə almadan İraq hökumətinə çox gec, əslində mənfi reaksiya verdilər.
Bu zaman Moskva dövriyyəyə girdi. Rusiya hökuməti Bağdada çox sürətlə təhvil verilməsi şərti ilə 1 milyard dollar dəyərində əsasən artilleriya silahları, o cümlədən uzaq məsafəli TOS-1A sistemləri satdı. Doğrudur, 2012-2013-cü illərdə Moskva və Bağdad arasında 4,2 milyard dollar dəyərində silah satışı anlaşması imzalanmışdı. Görünür Vaşinqtonu Malikidən küsdürən həm də bu idi.
Ancaq istənilən halda Qərb koalisiyasının reaksiyası Moskva-Bağdad əlaqələrini daha da yaxınlaşdırdı. 2015-ci ildə isə Yaxın Şərqin anti-Qərb cəbhəsinin 4 ölkəsi – İran, İraq, Suriya və Rusiya Bağdadda antiterror əmələiyyatlarını koordinasiya mərkəzi qurdular. Yeri gəlmişkən, Bağdadda Qərbin, yəni ABŞ-ın da terror əleyhinə koalisiya mərkəzi var.
İndi artıq Rusiya Yaxın Şərqin əsas oyunçularından biridir. Moskva Tehran, Bağdad və Dəməşqlə birgə hərəkət edir. Eyni zamanda artıq Təl-Əviv Suriya məsələsində Moskva ilə məsləhətləşir, yaxud da İordaniya və İsrail Suriya ilə sərhədlərin təhlükəsizliyini artıq Lavrovla müzakirə edir. Rusiya Bəşər Əsəd və Misir prezidenti Sisini görüşdürməyə çalışır və sair. Moskva artıq o bölgədə yad isim deyil. Hətta amerikalılar da zaman-zaman toqquşsalar da hava zərbələrini, sərhəd əməliyyatlarını Rusiya ordusu ilə razılaşdırırlar.
Əlbəttə, müharibə xərc tələb edən işdir. Amma indi Rusiya SSRİ-nin Əfqanıstanda etdiyi səhvi etmək istəmir. Yeri gəlmişkən, bir çoxları Suriyanın ruslar üçün ikinci Əfqanıstan olacağını deyirdi. Müasir dövrdə savaşlar həm də yeni silahların sınaq yeridir. Suriya müharibəsində 200-ə yaxın yeni silah növü – irili-xırdalı – sınaqdan keçirildi. Onların bir çoxu Rusiyaya məxsusdur. Moskva Suriya, İran, İraq, hətta ənənəvi Qərb müttəfiqi Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri ilə silah anlaşmaları imzalayıb. Dünyanın ən zəngin neft ölkələri ilə hərbi-siyasi müttəfiq olub, İraq, İran və Suriyada neft tədarükündə pay alır və ya almağa çalışır. Ən mühüm isə Ukraynadan sonra faktiki olaraq düşmənə çevrildiyi ABŞ-ı artıq müzakirə masasına dəvət edir, amerikalılar ruslarla danışmağa məcbur qalır. Bu isə Rusiya üçün az uğur sayıla bilməz. İndi Putin tam olmasa da Yaxın Şərqdə “keçmiş günlərin” ab-havasını yaşayır.
Və nəhayət, Rusiyada ilk dəfə olaraq Sankt Peterburqda yerləşən Rusiya hərbi nəqliyyat və dəmir yolları hərbi məktəbinə 8 suriyalı kursant qəbul olunub. Rusiya artıq Yaxın Şərqdə alternativ gücə çevrilməkdədir.