Səudiyyəli jurnalistin qətlinin detalları -SENSASİON FAKTLAR üzə çıxdı
“The Washington Post” qəzetinin səudiyyəli jurnalisti Camal Kaşıkçının qətli ilə bağlı yeni detallar ortaya çıxıb. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə rəsmisi dünyanın gündəmini dəyişən qətlə bağlı "Reuters" agentliyinə ilginc açıqlamalar verib. Mənbənin bildirdiyinə görə, Ər-Riyad hakimiyyətini sərt tənqid edən müxalif jurnalist Camal Kaşıkçının ölkəyə geri qaytarılması üçün İstanbula 15 nəfərlik nümayəndə heyəti göndərilib. Məqsəd onu öldürmək yox, ölkəyə qaytarmaq olub. Aralarında kəşfiyyat xidmətinin və təhlükəsizlik qüvvələrinin əməkdaşları olan heyətə Kaşıkçını tutaraq bir müddət İstanbulda saxlamaq, daha sonra onu Səudiyyətə gətirmək tapşırılıb. Kaşıkçı sənəd almaq üçün getdiyi konsulluqda gözləmədiyi situasiya ilə qarşılaşıb. Onu konsulun otağına apararaq, dərhal Səudiyyəyə dönməsi tələb olunub. Jurnalist isə onu bayırda gözləyənin olduğunu, bir saat ərzində çıxmasa, Türkiyə hüquq-mühafizə orqanlarına məlumat veriləcəyini deyib. "Mənə nə edəcəksiniz?, Qaçıracaqsınız məni?" - deyə Kaşıkçı qəzəbli şəkildə bildirib. Dərhal 15 nəfərlik heyət onu "sakitləşdirməyə" çalışıb. Bu məqamda dava düşüb. Nəticədə Kaşıkçı naməlum səbəbdən həyatını itirib. Onun boğularaq öldürüldüyü iddia edilsə də, mənbə bu barədə fikir bildiməkdən yayınıb. "Onu sakitləşdirmək üçün müdaxilə etdilər, amma öldü. Məqsəd onu öldürmək deyildi" - "Reuters"ə danışan mənbə deyib.
Kaşıkçının öldüyünə əmin olduqdan sonra izi itimək üçün onun cəsədi xalçaya bükülərək maşınla konsulluqdan çıxarılıb. Meyitin haraya aparılması hələ də məlum deyil. İddia edilir ki, səudiyyəli qrup onun cəsədini İstanbulda yaşayan milliyəti bilinməyən şəxsə verib. Cinayətkar qrup üzvlərindən biri izi itirmək üçün Kaşıkçının qol saatını, eynəyini və paltarlarını geyinərək konsulluğun binasından çıxıb. Bununla da, onun konsulluğun binasından çıxmasına dair görüntü yaratmağa çalışıblar. Baş verən hadisə ilə bağlı rəsmi Ər-Riyada yalnış məlumat verilib. Bildirilib ki, Kaşıkçı sərbəst buraxılıb. Məsələ ictimailəşəndən sonra cinayəti gizlətmək mümkün olmayıb.
Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşıkçı sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 18 gündən sonra Səudiyyə rəsmiləri Kaşıkçının konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.