Ermənistanda DÖYÜŞ BAŞLANDI: ərazilərin qaytarılması ətrafında mübarizə gedir...

Ermənistanda döyüş başlandı: ərazilərin qaytarılması ətrafında mübarizə gedir 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın yarandığını göstərir. Lakin Ermənistan daxilində bu məsələ qarşıdurma mövzusuna çevrilib.

 "AzerTaym.az publika.az-a istinadla xəbər verir ki, Ermənistan rəhbərliyi və bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma rejim arasında "ərazilərin qaytarılması məsələsi" ilə bağlı fikir ayrılığı yaranıb.

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan məxfi razılaşmanın olmadığını, "xalqların sülhə hazırlanması" ilə bağlı danışıqların detallarının ictimaiyyətə açıqlandığını deyir.

Ermənistan müxalifəti, xüsusilə uzun illər Qarabağ faktorundan hakimiyyətdə qalmaq üçün istifadə edən Respublika Partiyası Nikol Paşinyan yalan danışmaqda ittiham edir.

Lakin ən diqqət çəkən məqam separatçı rejiminin "təhlükəsizlik şurasının katibi" Samvel Balasanyanın açıqlamasıdır.

Separatçı general bəyan edib ki, xalqları sülhə hazırlamaq üçün əvvəlcə regionda sülh olmalıdır: "Əgər belə bir müqavilə yoxdursa, onda bu haqda danışmaq yersizdir".

Balasanyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan edib.

Bu situasiya Ermənistan daxilində siyasi qarşıdurma yaratmaqla yanaşı, danışıqlar prosesinə də zərbə endirə bilər.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, "İrəvan və Xankəndi arasında qarşıdurma yaşanır və bu gizli siyasi zərbələrin endirilməsi ilə nəticələnə bilər".

"Ermənistan üçün təhlükəli vəziyyət yarandı. Qarabağ "hakimiyyəti" Nikol Paşinyandan uzaqlaşır, zaman keçdikcə Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları ilə həmrəy olur. Bu qarşıdurma Ermənistanı uçuruma aparır", - deyə o qeyd edib.






Fikirlər