Rusiyanın Afrikadakı iştahı qabarıb: Kreml "qara qitə" uğrunda savaşda Çini də hədəfə ala bilər
“Rusiya Afrikanın simasında özünün geopolitik maraqlarını gerçəkləşdirdiyi bölgəni görür. Bundan başqa o burada yeni xammal ehtiyatlarına, habelə yerli müttəfiqlərə çıxış əldə etməyə çalışır”. Musavat.com xəbər verir ki, “Frankfurter Rundschau” qəzetinin mövzuya həsr olunan məqaləsi bu cümlə ilə başlayır. “Afrikada rəsmi Moskva ənənəvi metodların köməyi ilə xüsusi müvəffəqiyyətlə həyata keçirilən xarici siyasətini reallaşdırır”, - deyə Rusiya Ali İqtisad Məktəbinin professoru Yevgeni Zelenev müəlliflərə bildirib. “Özü də geopolitik ambisiyalar praqmatik iqtisadi maraqlarla örtüşür. Uqandada Rusiyanın “RT Global Resources” konserni 3 milyard dollarlıq neft emalı zavodu tikir. Eyni həcmdə maliyyə vəsaiti Zimbabvedəki platin yataqlarına qoyulacaq. Qərbi Afrika Qvineyasında aliminium nəhəngi “Rusal” dünyada ikinci böyük boksit yataqlarının işlənilməsinə başlayacaq. “Rosneft” Misir, Əlcazair və Mozambikdə neft və qaz yataqlarının istismarı işində aktv iştirak edir. Onun rəqibi “Lukoyl” isə Nigeriya, Qana və Kamerunda ciddi fəaliyyətdədir. Payızda isə ilk Rusiya-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Lakin Rusiya bu planda hələ də öz qonşusu Çindən geridədir. Rəsmi Pekin artıq 20 ildən çoxdur ki, Afrikaya yerləşib və onun qitə ilə ticarət həcmi 200 milyard dollardan çoxdur. Rusiyanın qitəyə qoyduğu sərmayə isə 18 milyard dolları keçmir. Buna rəğmən Kreml “Afrika uğrunda döyüşdə” özü üçün ən doğru olan metodu tapıb. Bu, hərbi əməkdaşlıq və silah ticarətinin genişləndirilməsidir. Son 4 ildə Rusiya “qara qitə”nin 19 ölkəsi ilə hərbi sahədə müxtəlif sazişlər imzalayıb”, - deyə məqalədə qeyd olunub. Yazıda Putinin Afrikada azadlıq hərəkatlarını dəstəkləyən SSRİ-dən fərqli yol seçdiyi vurğulanıb. “Rusiya Çin kimi Afrikanın qaniçən rəhbərlərinin hakimiyyətinə yönəlik istənilən tənqidi “suveren dövlətlərin daxili işlərinə qarışmaq” deyə adlandıraraq, məhz onlarla işləməyə üstünlük verir. Bunun üçün onlar Sudanda yerli hökumətə xalq üsyanını yatırmağa və ya Zimbabvenin qəddar hərbi rejiminə platin yataqlarından öz xeyirləri üçün istifadə etməyə hərbi yolla şərait yaradırlar”, - deyə müəlliflər bildirir. Qvineyada isə hətta Rusiya səfiri prezident Alfe Kondeyə konstitusiya ilə qadağan olunmasına rəğmən 3-cü dəfə namizədliyini irəli sürməyi təklif edib. “Sovet dövründən fərqli olaraq Moskva indi varlı və həyatlarından zövq alan, lakin ölkədəki mövqeləri güclü olmayan, bu səbəbdən də onları dəstəkləyən xarici dövlətə sığınmağa hazır olan diktatorlarla çalışır. Məsələn, yaxın illərdə “Rosatom” Cənubi Afrika Respublikasında ümumi dəyəri 75 milyard dollar olan 8 atom reaktorunu quraşdırmalı idi. Lakin bu saziş korrupsiyaya qurşanmış prezident Ceykob Zumanın məcburi istefasından sonra ləğv olunub”, - deyə məqalənin yekununda Kremlin məhz CAR kimi nisbətən də olsa, demokratik rejimə malik dövlət tərəfindən əngəlləndiyinə vurğu edilib. Kreml öz maraqları üçün “qara qitə”nin bütün diktatorlarına və qəddar rejimlərinə dəstəyini əsirgəmir