İstanbulun 31 mart “fəthi”: qalib kim olacaq...?!

Hasan Oktay: “AKP İstanbulda məğlub olarsa...”

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda seçki kampaniyasının ən qızğın dövrüdür və Türkiyə prezidenti (Konstitusiya dəyişikliyindən sonra artıq Türkiyə prezidenti həm də partiya sədri ola bilir - K.R.) də daxil olmaqla bütün siyasi qüvvələr seçki yarışındadır.

Builki bələdiyyə seçkilərinin Türkiyə üçün daha bir önəmi ondan ibarətdir ki, bu seçkilər 2023-cü ilə, yəni Türkiyədə Respublikasının 100 illiyinə qədər keçiriləcək son seçkilərdir. Məhz bu səbəbdən hakim AKP 31 mart bələdiyyə seçkilərində xüsusən də iri şəhərlərə “ağır toplarını” göndərib. Və təbii ki, əsas yarış ölkənin meqakəndi hesab olunan İstanbul uğrunda olacaq.

Çünki İstanbul Türkiyə iqtisadiyyatının əsas hissəsinin cəmləşdiyi, böyük əhali kütləsinin yerləşdiyi mühüm turizm və maliyyə mərkəzidir. Bu mənada İstanbulda qələbə bütün siyasi qüvvələr üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də siyasi qüvvələr İstanbula ən şanslı nümayəndələrini göndərib.

Xatırladaq ki, AKP və MHP-nin birləşdiyi “Cumhur İttifaqı” koalisiyası tanınmış siyasi xadim Binali Yıldırımın namizədliyini irəli sürüb. Ana müxalifət partiyası CHP isə İstanbul bələdiyyə sədrliyinə nisbətən gənc və uğurlu karyerası olan, xüsusən də İstanbulda güclü olan mühafizəkar camiəyə yaxın şəxs hesab olunan Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Onun namizədliyini həm də müxalifətdə olan İYİ Partiya da dəstəkləyir.

Hasan Oktay ile ilgili görsel sonucu

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay deyir ki, İstanbul AKP üçün mühüm əhəmiyyət kəsb edir, bir mənada hakimiyyəti qoruyub saxlamaq üçün əsas vasitədir. Bu səbəbdən də bu şəhərə hakim partiya ikinci əsas fiqurunu göndərib: “AKP iqtidara İstanbul bələdiyyəsini qazandıqdan sonra gəlib. Yəni prezident Ərdoğan İstanbulun dəyərini bilir. Əgər AKP İstanbulda məğlub olarsa, o zaman hakimiyyəti də təftiş olunacaq. Digər tərəfdən, bu seçkilər, sadəcə, parlament seçkiləri deyil, eyni zamanda parlament idarəçilik sistemi də səsverməyə qoyulacaq. Dövlət Baxçalının ”iqtidar 50 faizdən az səs qazanarsa, prezident üsul-idarəsi təftiş olunacaq" deməsi, bələdiyyə seçkilərini xüsusi olaraq önəmli hala gətirdi".

H.Oktay istisna etmir ki, əgər hazırkı hakim partiya İstanbul və Ankarada bələdiyyə sədri postunu itirərsə, o zaman növbədənkənar parlament seçkilərinə gedilə bilər: “Bu səbəbdən də Rəcəb Tayyib Ərdoğan İstanbula ikinci adamını göndərdi. Bununla yanaşı, özü də Türkiyənin bütün regionlarında mitinqlər keçirərək xalqı partiyasına səs verməyə çağırır”.

Binali Yıldırım 31 may ile ilgili görsel sonucu

Qeyd edək ki, AKP-nin İstanbul bələdiyyəsi sədrliyinə namizədi Binali Yıldırım 1955-ci il dekabrın 20-də Türkiyənin Ərzincan vilayətinin Refahiyə rayonunda anadan olub. İstanbul Texnik Universiteti Gəmi İnşaatı və Dəniz Elmləri Fakültəsində təhsil alıb. Daha sonra eyni ixtisas üzrə magistr dərəcəsi alıb. İngilis və fransız dillərini bilir. Türkiyə Gəmiçilik Sənayesi Baş İdarəsində çalışıb. İstanbul Bələdiyyəsi Dəniz Nəqliyyatı idarəsinə rəhbərlik edib. Türkiyənin AKP dövründə 58, 59 və 60-cı hökumətləri zamanında nəqliyyat naziri, daha sonra isə nəqliyyat, dənizçilik və rabitə naziri olub. 2016-cı ilin mayında Əhməd Davudoğlunun istefa verməsindən sonra baş nazir və AKP sədri seçilib. Binali Yıldırım həm də Türkiyə tarixinə sonuncu baş nazir kimi düşüb. 2017-ci ildə keçirilən referendumdan sonra Türkiyədə dövlət idarəçiliyi sistemi dəyişib və bununla da baş nazir postu ləğv olunub. Ötən il isə Binali Yıldırım Türkiyə parlamentinin sədri seçilib. Binali Yıldırım Semiha Yıldırım ilə evlidir, Əhməd, Büşra və Erkan adlı 3 övladı var.

31 mart seçkilərində müxalif CHP və İYİ Partiyanın namizədi Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib. İstanbul Universitetinin menecment ixtisası üzrə təhsil alıb. 1992-ci ildə əmək fəaliyyətinə ailəsinə məxsus şirkətdə inşaat mühəndisi kimi başlayıb. Tezliklə şirkətin rəhbərliyinə gətirilib.

Ekrem İmamoğlu ile ilgili görsel sonucu

Əkrəm İmamoğlu

İmamoğlu ənənəvi CHP elektoratından deyil, sağ mühafizəkar cinahdandır. Yeri gəlmişkən, Türkiyənin hazırkı prezidenti və hakimiyyətdə təmsil olunan bir sıra şəxslər məhz İmamoğlunun mənsub olduğu Qara dəniz bölgəsindədir. İmamoğlu siyasi fəaliyyətə Turqut Özalın Ana Vətən Partiyasında başlayıb. Ailəsi dindar mühafizəkar olsa da, İmamoğlu universitet illərində sosial-demokrat camiəyə yaxınlaşıb. 2008-ci ildə isə aktiv siyasətə gələndə CHP-ni seçib. 2009-cu ildə Beylikdüzü bələdiyyəsinə namizədliyini versə də, partiyadan namizədliyi qəbul olunmayıb. Ancaq bir neçə ay sonra CHP-nin Beylikdüzü təşkilatına sədr seçilir. 2014-cü il seçkilərində bələdiyyə seçkilərində Beylükdüzündən namizədi olub və 50,83 faiz səslə bələdiyyə sədri seçilib. Hazırda İmamoğlu Beylikdüzü bələdiyyəsinin sədridir. Ailəlidir, 3 övladı var.

Qeyd etmək lazımdır ki, hər iki namizəd kifayət qədər şanslı hesab olunur. Aydın məsələdir ki, hazırda Türkiyədə hakimiyyətin parlament və prezident seçkilərinin qalibi olan AKP iqtidarı İstanbul üçün əlindən gələni etməyə çalışır. Ancaq müxalifətin də namizədi o qədər zəif deyil.

Ərkəm İmamoğlu gənc olsa da, Beylükdüzündə bələdiyyə sədri kimi 5 illik təcrübəsi və iş nümunəsi var. Daha bir mühüm məqam İmamoğlunun ənənəvi CHP sol elektoratı deyil, Türkiyədə indi daha populyar olan sağ mühafizəkar, dindar kəsimdən olmasıdır. Yəni İmamoğlu CHP-nin ənənəvi elektoratı ilə yanaşı Qara dəniz bölgəsinin və İstanbulda çox güclü olan dindar mühafizəkar kəsimin səsini də qazana bilər.  (musavat.com)

 






Fikirlər