Türkiyə NÖVBƏTİ bələdiyyə SEÇKİLƏRİNƏ HAZIRLAŞIR

Türkiyə növbəti bələdiyyə seçkilərinə hazırlaşır

Türkiyədə 2019-cu il martın 31-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə qızğın hazırlıq gedir. Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, bələdiyyə seçkilərində iştirak edəcək şəxslərin tutduqları vəzifələrdən istefa verməsi üçün müəyyən olunan möhlət vaxtı dekabrın 1-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hazırda ölkə ictimaiyyətini maraqlandıran əsas məsələ hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduqları “Cümhur ittifaqı” seçki blokunun yenidən gündəmə gəlməsidir. Bu blokda birləşən AKP və MHP bir müddət öncə bələdiyyə seçkilərinə müstəqil gedəcəklərini bəyan etmişdilər. Noyabrın 21-də isə Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan ilə MHP sədri Dövlət Baxçalı məsələ ilə bağlı yenidən danışıqlar apardılar.

Məlum olduğu kimi, bələdiyyə seçkilərində iştirak edən bütün tərəflərin əsas iddiası böyükşəhər bələdiyyələrinədir. Bu baxımdan, hansı seçki blokunda təmsil olunmasından asılı olmayaraq özünə güvənən tərəflər həmin bələdiyyələrə iddialarından geri çəkilmək istəmirlər. Seçki bloklarının qurulmasında ən böyük çətinlik də elə budur. “Cümhur ittifaqı” seçki blokunun yenidən gündəmə gəlməsi ictimaiyyət arasında belə bir fikir formalaşdırıb ki, AKP və MHP kompromisə gəliblər. Bu isə kimin hansı vilayətdə güzəştə getməsi ilə bağlı ola bilər. Artıq bu sual da öz cavabını tapdı. Belə ki, MHP Ankara, İstanbul və İzmir böyükşəhər bələdiyyələrinə namizəd irəli sürməyəcəyini bəyan etdi. Bu qərar ölkənin ikinci müxalifət partiyasının AKP-yə qarşı böyük siyasi güzəştdir. Bunun qarşılığında hakim partiyanın hansı addımı atdığı və yaxud atacağı isə hələlik məlum deyil.

Türkiyənin Ali Seçki Komissiyasının açıqlamasına görə, ölkə üzrə 26 siyasi partiya qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək hüququna malikdir. Seçkilərdə 74 minə yaxın yer uğrunda mübarizə aparılacaq. Onlardan 1398-i bələdiyyə sədri, 22 mini bələdiyyə üzvü, 50 min 372-si isə muxtardan (bələdiyyə statusu olmayan kənd və məhəllələri idarə edən orqan. Hər bir muxtarlığa 1 başçı və 4 üzv seçilir) ibarətdir.

Seçkilərə qatılmaq hüququ olan siyasi partiyalar 30 böyükşəhər, 51 vilayət, 519 böyükşəhər rayonu, 402 rayon və 396 qəsəbə bələdiyyəsinə namizəd irəli sürə biləcəklər. İlkin məlumata görə, bu yerlər uğrunda 1 milyon namizədin mübarizə aparacağı gözlənilir. Bu isə seçkilərin gərgin mübarizə şəraitində keçəcəyini göstərir.






Fikirlər