GUL, yoxsa MERAL AKŞENER?!
Aprelin 24-də Türkiyədə Səadət Partiyası sədri Təməl Karamollaoğlu İYİ Partiyanın sədri Meral Akşenerlə görüşüb. Görüşün əsas mövzusu növbədənkənar seçkilər olub. Məsələ ondadır ki, son illərə qədər siyasi meydanda o qədər də aktivliyi olmayan Səadət Partiyası 24 iyun seçkiləri ilə əlaqədar xeyli fəallaşıb. Səadət Partiyası bir zamanlar AKP-nin liderlərinin mənsub olduğu “Milli Görüş” hərəkatının lideri Ərbakanın partiyasıdır. İndi isə AKP-yə qarşı əsas cəbhədə məhz Səadət fəallıq göstərir. Ötən həftə Səadət Partiyası lideri CHP sədri ilə görüşərək seçkiləri müzakirə edib. Akşenerlə görüşdə isə seçkilərdə birgə əməkdaşlığın yolları müzakirə olunub. Akşener deyib ki, Səadət lideri ilə seçkilərdə saxtakarlıq cəhdlərinin qarşısını almaq üçün əməkdaşlıq formatı yaradıla bilər. Türkiyədə 24 iyun seçkiləri ilə bağlı əsas müzakirə hazırda müxalif cinahda prezidentliyə namizədliyin kimliyi ilə bağlıdır. Meral Akşener artıq namizədliyini elan edib. Dindar mühafizəkar kəsimdə isə keçmiş prezident Abdullah Gülün namizədliyi müzakirə olunur. O da məlumdur ki, hazırda Səadət Partiyası da Gülün namizədliyi ilə bağlı əsas fəallıq göstərən təşkilatlardan birdir. Prezident Ərdoğan isə Gülün namizədliyi ilə bağlı iddialara ehtiyatlı reaksiya verib. Ərdoğan Gülün namizədliyi iddialarını “qəribə hadisələr” adlandırıb. İYİ Partiyanın sədri Meral Akşener isə Gülün namizədliyi iddiaları ilə bağlı danışaraq onun namizəd olmasına müsbət yanaşdığını, ancaq öz namizədliyini geri çəkmək fikrində olmadığını deyib. Sitat: “Mən hörmətli Gülün namizəd olmasına sevinərəm. Ona uğurlar arzulayıram. Amma bir il əvvəl yola çıxmış və hər getdiyi yerdə 100 min imza ilə namizədliyini verəcəyini elan etmiş bir qadın olaraq namizədlikdən imtina etməm mümkün deyil”. MHP sədri Dövlət Baxçalı isə Gülün namizədliyini Ərdoğana xəyanət adlandırıb. “Qardaşlıq nə zamandan qaranlığa qərq oldu” deyə kinayəli açıqlama verən Baxçalı Gülün addımının öz keçmiş mübarizə yoldaşı Ərdoğana xəyanət adlandırıb. Oxşar açıqlamanı ötən gün baş nazir Binəli Yıldırım da verib. Jurnalistlərlə söhbətində Yıldırım Gülün namizədliyi ehtimalları haqda danışarkən deyib ki, eks-prezidentin namizədliyi üçün bu qədər ciddi fəaliyyətlərin olması, bunun bir plan olduğunu göstərir. Ancaq Yıldırım deyib ki, bu layihə uğursuzluğa düçar olub. Hökumət cinahından gələn açıqlamalar göstərir ki, Gülün namizədliyini irəli sürməsi “təhlükəsi” hələ də qalır. Məsələ ondadır ki, Abdullah Gülün seçkilərdə Ərdoğana qalib gəlməsi mümkün görünmür. İstənilən halda daha güclü natiqlik qabiliyyəti, siyasi və idarəçilik təcrübəsi, xalqın “dilini” bilən bir siyasətçi kimi Ərdoğana qarşı eyni düşərgədən çıxmış və bəlli göstəriciləri xeyli zəif olan Abdullah Gülün qalib gəlməsi real deyil. Ancaq hər kəsə aydındır ki, Gülün əsas səsləri sağ-mühafizəkar cinahdan olacaq. Yəni istənilən halda Gül dindar camiədən səs alacaq, yəni Ərdoğanın səslərini parçalayacaq. “Milli Görüş” qanadı, AKP-dən olan narazılar və ya ümidini itirənlərin Gülə səs verməsi riski böyükdür. Bu baş verəcəyi təqdirdə Ərdoğanın seçkilərin birinci turunda qalib gəlməsi ciddi risk altına düşür. İkinci tur isə hazırkı prezidentin 16 ildir davam edən qalibiyyət marafonuna ciddi bir qüsur ola bilər. Üstəlik ikinci turda nəticələrin kimin xeyrinə olacağı indidən ciddi sual yaradır. Ərdoğan isə bu riski indidən gözə ala bilməz. Hətta Türkiyə mediası yazıb ki, Türkiyə prezidenti Ərdoğan baş nazirin sabiq müavini Bülənt Arıncla görüşərək ona baş nazirin müavini vəzifəsini təklif edib. Yeri gəlmişkən, ötən gün mətbuat konfransı keçirən eks baş nazir Əhməd Davudoğlu növbəti seçkilərdə namizəd olmayacağını bildirib. Qeyd edək ki, Gül, Arınc və Davudoğlu AKP-nin “narazılar” qanadının başında dayanan adamlar hesab olunur. Hətta Gül və Davudoğlunun partiya yaradacağı ilə bağlı iddialar bir ara Türkiyə siyasi dəhlizlərində ciddi-ciddi müzakirə olunurdu. Görünür ki, hökumət artıq mümkün risk nöqtələrini qapatmağa başlayıb. Ancaq mayın əvvəlində Türkiyədə Mərkəzi Seçki Komissiyasına namizədlərin müraciəti başlayacaq. Hökumət üçün risk o günə qədər davam edəcək kimi görünür. (Musavat.com)
Abdullah Gülün müxalifət cəbhəsinin vahid namizəd olması iddiası isə bir tərəfdən CHP daxilində ciddi fikir ayrılıqlarına səbəb olub, digər tərəfdən isə hakim koalisiyada ciddi təpkilərə səbəb olub. CHP qanadı islamçı camiədən çıxmış və bir zamanlar dünyəvi sistemi tənqid etmiş birinin Atatürkçü partiyanın namizədi olmasına əleyhinə çıxırlar.