PREZİDENT KOMİTƏ SƏDRİNƏ İKİ MÜAVİN TƏYİN ETDİ – Fotolar + DOSYE
Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb. Bu barədə Komitəyə istinadən xəbər verir. Anar Quliyev 8 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirib. Anar Quliyev 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb. 2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləyib. Anar Quliyev 1 may 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili 503 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilib. Dövlət qulluğunun müşaviridir. İlqar İsbatov 4 sentyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutunun Memarlıq fakültəsini biririb. Moskva Memarlıq İnstitutu, şəhərsalma fakültəsinin Memarlıq üzrə fəlsəfə doktorudur. 1987-ci ildə Bakı Dövlət Layihə İnstitutunun Baş plan emalatxanasında başlayıb. 1987-1998-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar və aparıcı memar vəzifələrində, 1998-2002-ci illərdə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda qrup rəhbəri və layihənin baş memarı vəzifələrində, 2002-2008-ci illərdə “Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb. İlqar İsbatov 13 fevral 2008-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli 844 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, 10 aprel 2012-ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Memar” fəxri ada layiq görülüb, 18 dekabr 2017-ci il tarixli 3516 nömrəli Sərəncamı ilə “Şöhrət ordeni” ilə təltif edilib.