Sentyabrın 29-u Dünya ÜRƏK GÜNÜdür -TARİX
Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESKO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər. "AzerTaym.az" bildirir ki, Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir. Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir. Dünya Ürək Günü "Həyat üçün ürək" şüarı altında keçirilir. Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il 17 milyondan çox insanı həyatdan aparır. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzidir. Ona görə də xəstəliyin profilaktikasına uşaq vaxtlarından başlamaq lazımdır. Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.