Ağcabədi ƏSMM-ə 200 min manatlıq zərbə!
"XEBERİNFO"nun verdiyi xəbərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində analoqu olmayan korrupsiya faktı ilə bağlı məlumat daxil olub. Belə ki, məlumata görə mərkəzin əməkdaşı Pərviz Əhmədov təxminən min nəfərdən pul toplayaraq onlara ünvanlı sosial yardım düzəldəcəyinə söz verib. Bu işdə isə ona bir neçə nəfər köməklik edib. Onların sırasında rayonun əksər kəndlərindən adamlar olduğu qeyd edilsə də, Avşar kəndindən olan Zahid və Elçin adlı şəxslərin, Qaradolaq kəndindən isə Hümbət adlı şəxsin əsas vasitəçilər olduğu qeyd edilir. Sən demə Pərviz Əhmədov yalnız bu üç şəxsin vasitəçiliyi ilə vətəndaşların təxminən 100 min manatdan artıq pulunu alıb. Ümumillikdə isə “xeberinfo.com”a daxil olan məlumata görə Pərviz Əhmədov vətəndaşları aldadaraq 200 min manat mənimsəyib...
Bu olayın diqqət çəkən bir tərəfi də Pərviz Əhmədovun rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun qardaşı oğlu olmasıdır. Bizi bilgiləndirən mənbənin sözlərinə görə, rayon sakinlərini çaşdıran və onları Pərviz Əhmədova pul verməyə vadar edən də məhz bu faktdordur. Sadəlöhv insanlar Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı və icra başçısının birinci müavinin qardaşı oğlunun yalanına inanıblar. Məlumatda qeyd edilir ki, zərərçəkmişlər dəstə-dəstə Ağcabədi rayon icra hakimiyyətinə və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısına toplaşaraq pullarını geri alamağa çalışırlar.
Ağcabədi rayon Əhalinin Sosila Müdafiəsi Mərkəzinin direktoru Əbülfət Qasınov özünü bütün bu olaylardan xəbərsiz kimi aparsa da, Pərviz Əhmədovun aldatdığı insanlar mərkəz direktorunun səmimiyyətinə inanmırlar. Bu arada bir məqamı da qeyd edək ki, bir neçə il əvvəl Əbülfət Qasımov mərkəzin direktorluğundan məhz buna oxşar səbəbə görə çıxarılmışdı. Həmin vaxt söhbət gəzirdi ki, Əbülfət Qasımovu labüd həbsdən nazir Füzuli Ələkbərov xilas edib. Çünki, həmin vaxtlar Əbülfət Qasımovun saxlanılması haqqında da məlumatlar yayılmışdı. Çox maraqlıdır ki, əmək və əhalinin sosila müdafiəsi naziri vəzifəsində Füzuli Ələkbərovu əvəz edən Səlim Müslümov Əbülfət Qasımovu yenidən Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor təyin etdi. Səlim Müslümovun bu təyinatı Ağcabədi rayonunda təəccüb və narazılıqla qarşılanmışdır...
İndi isə Səlim Mülümovun işçisi təxminən min nəfəri aldadaraq onlara ünvanlı sosial yardım düzəldəcəyi adı ilə pullarını mənimsəyib. Çox maraqlıdır ki, bu olay bir neçə ay ərzində Ağcabədi rayonunda geniş söz-söhbətə səbəb olsa da, nədənsə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyib. Görünür, hüquq-mühafizə orqanlarının bu müdhiş korrupsiyadan “xəbər tutmamalarının” başlıca səbəbi də məhz Pərviz Əhmədovun Rövşən Əhməıdovun qardaşı oğlu olmasıdır. Məlumata görə həm Əbülfət Qasımov, həm də Rövşən Əhmədov olayın ört-basdır olunmasına çalışırlar.
Biz bu və digər məlumatlara aydınlıq gətirmək istiqmətində adıçəkilən şəxslərlə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qalmaqdadır. Əldə etdiyimiz məlumatlara lazımı aydınlıq gətirə bilmədiyimizdən də hələlik digər faktlarla bağlı geniş yaza bilmirik.
Mövzu diqqətimizdədir.